"Bir oyuna görə komandada eniş yaşandığını düşünmək düzgün deyil. Ola bilər ki, komanda "Atletik"lə matçda hazır deyildi, rəqib üçün də son şans idi. Ola bilər ki, onlar daha da ciddi yanaşmışdı görüşə. Evdə oynayırdılar deyə, daha yaxşı idilər. Daha yaxşı oynadılar. Bir oyuna görə, "Qarabağ"da eniş yaşandığını fikirləşmək doğru deyil".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq forvardı Rauf Əliyev deyib.
Ağdam klubunun keçmiş hücumçusu bu gün Çempionlar Liqasının 4-cü turu çərçivəsində "Çelsi"yə qarşı keçiriləcək matçda "Qarabağ"ın şanslarını dəyərləndirib:
"Çelsi" dünya nəhənglərindən biridir. İngiltərə Premyer Liqasında ən böyük komandalarındandır. Son dövrlərdə də pis təsir bağışlamırlar, Klublararası dünya çempionu oldular. Enzo Mareska kimi yaxşı baş məşqçiyə sahibdir. "Çelsi" çox güclüdür. Amma əminəm ki, "Qarabağ" asan təslim olmayacaq. Evdə oynayırıq, "Atletik"lə matçdan fərqli olaraq, "Qarabağ" bu matçda daha intizamlı oynayacaq. "Qarabağ"a həmişə inanmışıq. Uğurlu nəticə niyə də olmasın? "Qarabağ"a bu görüşdə əzmkarlıq, azarkeş dəstəyini hiss etməsi kimi amillər kömək ola bilər. Ustalıq səviyyəsinə gəldikdə, əlbəttə ki, belə komandaları yan-yana qoyanda, böyük fərq görünür. Lakin futboldur da, hər bir nəticə qeydə alına bilər".
"Qarabağ" 8 il əvvək Çempionlar Liqasının qrup mərhələsində də "Çelsi" ilə qarşılaşıb. Əliyev, həmin mövsümdəki "Qarabağ"la indiki arasında da müqayisə aparıb: "Səkkiz il əvvələ baxsaq, fərq var. "Qarabağ" indi daha təcrübəlidir. Bəlkə daha da güclüyük. Rəqib "Çelsi" olsa da, hər şey mümkündür. Söhbət "Qarabağ"dan gedirsə, bunu ehtimal etmək olar. Komandamıza uğurlar arzulayıram".
Mirbağırağa
saytlarin hazirlanmasi
