"Kəpəz"in yarımmüdafiəçisi Elnur Cəfərov Sportal.az saytına müsahibə verib.
- "Kəpəz" birinci turda "Neftçi" kimi iddialı kluba qalib gəlməyi bacarmışdı. Həmin oyundan sonra “Zirə" ilə oyunqabağı vəziyyət necə idi, arxayınçılıq hiss edilirdi, yoxsa özünəinam?
- "Neftçi" ilə oyundan sonra psixoloji üstünlük əla idi, yüksək əhval-ruhiyyə hiss edilirdi. “Zirə” ilə matçda arxayınçılığımız yox idi, əksinə inamlıydıq.
- Səncə, bəs niyə “Zirə” ilə görüşdə uduzdunuz. Əsas səbəbi nədə idi?
- Əsas səbəb hücum xəttində çox da aktiv ola bilməməyimiz idi. "Neftçi" ilə oyunda əks-hücumlara bel bağlamışdıq və gözəl alınırdı. “Zirə" ilə görüşdə isə eynisi olmadı. Düzdü, bəzi epizodlarımız oldu, lakin qolla nəticələnmədi. Sonda minimal hesabla uduzduq. Biz döyüşkən futbol oynayırıq, buna görə komandamızı təbrik edirəm. Zamanla komanda daha yaxşı olacaq.
- Ədalətli nəticə “Zirə”nin 1:0 qalib gəlməsi idi, yoxsa özünüzü bir xala layiq hesab edirsən?
- 90 dəqiqəyə baxmısızsa, "Zirə"nin elə də çox şansı olmadığını görmüsüz. Biz onlara şans vermədik. Çünki müdafiədə kompakt oynayırdıq. Məncə, oyunun ədalətli nəticəsi 0:0 idi. Xırda səhv qapımızda qolla nəticələndi. Xaldan olduq. Ancaq oyun ərzində "Zirə"yə şans tanımadıq. İstənilən halda, "Zirə"ni təbrik edirəm. Hər halda, qalib gəldi.
- Artıq iki turdur ki, yenidən Premyer Liqa matçlarına çıxırsan. Çoxdandır yüksək liqada oyanmırdın. Hazırkı vəziyyətin necədir?
- Həqiqətən Premyer Liqa üçün çox darıxmışdım. İki ildən çox idi ki, yüksək liqada oynamırdım. Amma Premyer Liqada olmadığım vaxtda da çalışırdım, dayanmırdım. Heç vaxt ümidimi itirməmişdim. İnsanı ayaqda saxlayan ümid olur. Doğrudur, hələ ki, heç nə etməmişəm. Sadəcə iki turdur ki, start heyətində meydana çıxıram. Amma günü-gündən, oyundan-oyuna daha yaxşı formaya düşüb, komandama daha çox kömək edəcəm. Sadəcə bir az zaman lazımdır.
- 18 yaşında Azərbaycanın əsas millisinin heyətində debüt etmişdin. Hazırda 26 yaşındasan. Milliyə qayıdışını real hesab edirsən?
- Kim istəməz ki, millidə oynasın? U-15 yığmasından tutmuş A milliyə qədər oynamışam. Milli komandanın formasını geyinmək şərəfdir. Amma düzünü deyim, məncə, hələ ki, tam hazır deyiləm. Çünki millidə oynamaq böyük məsuliyyətdir. Tam formaya düşdükdən, daha çox oyun keçirib, daha yaxşı işlər gördükdən sonra lazım bilsələr, milliyə dəvət edərlər. Millidə oynamaq hamının arzusudur. Zaman hər şeyi göstərəcək. Yenidən milliyə qayıtmaq üçün ən yaxşısını edəcəm. Bunu edə biləcəyimə şübhəm yoxdur.
- “Kəpəz”ə Premyer Liqada autsayder gözü ilə baxılır. Səncə, komanda daha yaxşı nəticələr göstərə biləcək?
- Bəli, "Kəpəz"ə autsayder gözü ilə baxılır. Amma biz özümüzə belə baxmırıq. Bu, özündənrazılıq, arxayınçılıqdan irəli gəlmir, sadəcə özümüzə güvənirik. Azərbaycan Premyer Liqasında istənilən komandaya başağrısı olacaq kollektivə sahibik. Daha yaxşı nəticələr göstərib, turnir cədvəlində yaxşı yerlərdə qərarlaşmağı fikirləşirik.
- Növbəti turda Qərb derbisi olacaq. "Turan Tovuz"la görüşdə istədiyiniz nəticənin baş tutması mümkündür?
- "Zirə" ilə oyundakı səhvlərimizdən nəticə çıxarmışıq. Amma həmin oyunu unutmuşuq. “Turan Tovuz”a qarşı oyuna köklənmişik. Ən böyük üstünlüyümüz evdə oynamağımızdır. Gəncədə oynadığımız hər oyuna rəqibdən asılı olmayaraq qələbə üçün çıxırıq. Allah qoysa, hər şey azarkeşlərin də, bizim də ürəyimizcə olar.
Mirbağırağa