"İlk oyundan sonra "Sabah"ın növbəti mərhələyə adlamaq şansı daha çoxdur. Bakıdakı matçda potensiallarını ortaya qoydular və “Partizan”a oynamaq şansı vermədilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Sabah"ın keçmiş futbolçusu Filip İvanoviç deyib. Serbiyalı vaxtı ilə kapitanı olduğu Masazır klubunun Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Partizan”la cavab qarşılaşmasından gözləntilərini bölüşüb:
"Sabah" Bakıda "Partizan" üzərində layiqli qələbə qazandı. Belqrad klubu ölkə çempionatının son turunda qalib gəldi, lakin oyununda çox problem var. Hələ ki, heç nə bitməyib. "Sabah" və "Partizan" arasında yalnız birinci hissə oynanılıb. Hər halda, "Sabah" növbəti mərhələyə vəsiqə qazanmağa layiq olduğunu göstərməlidir. "Partizan" doğma meydanda ilk dəqiqələrdən şübhəsiz ki, aqressiv başlayacaq. Sabiq komandam da bundan istifadə etməlidir".
31 yaşlı futbolçu 2018-2021-ci illərdə “Sabah”da çıxış edib. Azərbaycandan ayrıldıqdan sonra isə müdafiəçi “Teuta”, “Radniçki” komandalarında oynayıb və bu yay “Navbahor”a keçib.
Mirbağırağa