Ağstafalı futbol məşqçisi Şahin Kərimov Sportal.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis bölgə futbolunun problemləri haqda danışıb:
- Ağstafa futbolu haqda bir az məlumat verərdiniz...
- Ağstafada futbol rəsmiyyətdə 1984-cü ildə "Kooperator" adı altında yaranıb. Həmin komanda respublika birinciliyində çıxış edib. Həmin vaxt komanda təcrübəsiz idi, futbolçular hamısı yerli idi. 1987-ci ildə "Avey" klubu formalaşdı. Komanda 1989-cu ildə Azərbaycan SSRİ-nin çempionatında oynamağa başladı. "Avey" 1990-cı ildə Azərbaycan çempionu oldu. Komandanın tərkibində yalnız Ağstafadan olan futbolçular çıxış edirdi. Biz hansı liqada oynamışıqsa, həmişə yerli uşaqlara şans verilib. 1992-ci ildə "Avey" olaraq Azərbaycanın ilk milli çempionatında oynadıq. 1993-cü ildə ölkədəki vəziyyətlə bağlı olaraq maliyyə problemi yarandı və və komanda fəaliyyətini dayandırdı. Bundan sonra Qazax və Ağstafanı təmsil edən "OİK Gözəzən" klubu yaradıldı. Bizim futbolçuların hamısı həmin komandaya qoşuldu.
- Bundan sonra Ağstafa futbolunun durumu necə oldu?
- Uzun müddət Ağstafada futbol olmadı. Yalnız 2000-ci ildə "Avey"in həvəskar komandasını formalaşdırdıq. 2007-ci ildə Həvəskarlar Liqasının qalibi olduq. Ölkə çempionu kimi Slovakiyada keçirilən turnirdə iştirak etmək hüququ əldə etdik. Növbəti il yeni maliyyə böhranı yarandı. Nəticədə komanda yenidən fəaliyyətini dayandırdı. 2007-ci ildə mən özüm "Ağstafa Gəncləri"ni təsis etdim. 3 il Həvəskarlar Liqasında çıxış etdik. Komandanın orta yaş həddi 17 idi. Maliyyə məsələlərinə görə əsas komandanı saxlayıb yalnız uşaq futbolu ilə məşğul olmağa davam etdik. 2009-cu ildən bu günədək AFFA-nın təşkil etdiyi uşaq liqalarında iştirak edirik, futbolçular yetişdiririk. "Sabah" Futbol Akademiyası ilə əməkdaşlıq edirik, orada xeyli oyunçumuz var.
- Hazırda rayonda uşaq futbolunun durumu nə yerdədir?
- Çox yaxşıdır. Şaraitsiz bir vəziyyətdə uşaq futbolunun durumunun yaxşı olduğunu düşünürəm. Əsas bizim futbol sevgimizdir. Bu, bizim peşəmizdir, ürəklə yanaşırıq. Hazırda beş yaş qrupumuz var. Bundan əlavə ehtiyat komandamız da fəaliyyət göstərir. Orada heyətə düşə bilməyən futbolçular məşq edir. Onların içindən yaxşılarını digər komandalara cəlb edirik. Öz zonamızda həmişə iddialı oluruq. Futbol belədir. Hər şey yaxşıdır, amma 14 yaşa qədər. 14 yaşdan sonra bölgələrdə futbol yoxdur. Bunun da səbəbi peşəkar klubun olmamasıdır. Biz də peşəkar klub deyilik deyə 15 yaşdan yuxarı komandaları saxlamağa gücümüz çatmır.
- 14 yaşdan yuxarı komandaların olması üçün nə lazımdır?
- Sponsorun olmalıdır. Çünki, U-15 liqası üçün AFFA maliyyə ayırmır.14 yaşa kimi liqalar üçün isə yalnız yol pulunu verirlər.
- Rayon rəhbərliyinin dəstəyi var?
- Xeyr. Heç bir köməyimiz yoxdur. AFFA ayırdığı kiçik maliyyəni dayandırsa, biz də fəaliyyətimizi dayandıracağıq. Gənclər İdarəsinin də o dərəcədə büdcəsi yoxdur ki, bizə maliyyə ayırsınlar.
- "Ağstafa Gəncləri" olaraq peşəkar liqalarda oynamaq hədəfiniz var?
- Bəli. II Liqada iştirak etmək üçün çox cəhd etdik, müraciət etdik. Bizi orada görmək istəmədilər. Səbələrini bilmədik.
- Rayonu təmsil edən "Ağstafa" komandası son iki mövsümdə Region Liqasında oynayırdı. Onların fəaliyyətini necə dəyərləndirirsiniz?
- Onlar peşəkar liqa üçün müraciət etmədilər Artıq fəaliyyətlərini dayandırıblar. Çox güman ki, səbəb maliyyə problemidir. Hər şeyin arxasında maliyyə dayanır. Pul qurtaranda hər şey dayanır.
- II Liqada iştirakınıza icazə verilmədiyini bildirdiniz. Bunun səbəbi nədir?
- Bizə də qaranlıq qaldı. AFFA rəhbərliyinə sual verdim ki. digər komandaları hansı kriteriyalara əsasən seçmisiz? PFL-dən bizə bildirdilər ki, gəlib şəraitinizə baxdıqdan sonra qərar verəcəyik. Amma heç kim gəlmədi. Yəqin fala baxıb çempionata komandaları buraxıblar.
- II Liqada iştirak edəcək komandaların sizdən üstün cəhətləri nədir?
- Bizə çox pis təsir edir. Elə klublar var ki, futbol ənənəsi olmayan bölgəni təmsil edir. Hansı kriteriyalara əsasən Lerik rayonunun komandası çempionata buraxılıb? Orada 9 ay soyuq hava şəraiti olur. Hansı kriteriyalara əsasən, İmişlinin iki liqada komandası var? Niyə II Liqada Qusarın iki komandası təmsil olunur? Ağstafa futbolunun yetirmələri hazırda yüksək liqalarda oynayırlar, hər zaman da oynayıblar. Bir çox akademiyalara istedadlı uşaqlar vermişik. Burada futbol ənənəsi var. Hazırda diqqətsizlikdən, qayğısızlıqdan pis gündəyik. Bizə dəstək olsa, daha çox futbolçu yetişdirərik.
- Rayonda infrastruktur necədir?
- Bir şəhər stadionumuz var. Hazırda 150-yə yaxın uşaq orada məşq edir. Stadionun ot örtüyü bərbad vəziyyətdədir. Orada yüksək səviyyədə futbol oynamaq çətindir. Olanımız budur. Bununla qane olub məşqlərimizi keçirik.
- Qazax da peşəkar liqalardan kənarda qaldı. Bu haqda nə deyə bilərsiniz?
- "Göyəzən" 8 ildir Region Liqasında iştirak edir. Hətta bir dəfə çempion oldular. Hansı kriteriyalara görə onları liqaya götürməyiblər, maraqlıdır. Futbol zonası olan Qazax-Ağstafaya yer verilməyib, heç bir futbol ənənəsi olmayan bölgələrə yer verilməsi ağlasığmazdır.
- "Turan Tovuz"un Premyer Liqada iştirak etməsinin bölgə futbolu üçün hansı faydaları var?
- Biz əsasən uşaqlarımızı "Sabah" Futbol Akademiyasına göndəririk. Hazırda orada 10-a yaxın futbolçumuz var. 14 yaşdan sonra "Sabah"a gedə bilməyənlər "Turan Tovuz"a üz tuturlar. Çox adam gedib "Turan Tovuz"un Premyer Liqada ev oyunlarını izləyə bilmir. Çünki Ağstafadan Tovuza gediş-gəliş o qədər də əlverişli deyil. Bizim öz klubumuz olsa, hamı gəlib azarkeşlik edər. Bunun üçün çalışırıq. 3000 nəfərlik stadionumuz var. Ot örtüyünü də bir az qulluq etməklə normal vəziyyətə gətirmək olar. Ağstafada futbola böyük maraq var. Bu il Region Liqasında iştirak edəndən sonra iş adamlarına müraciət edəcəyik. Futbolu köklü şəkildə qurmaq istəyirik. Futbolçulların daim oynamağa yeri olmalıdır. İstəmirik ki, uşaqlar başqa yerlərə səpələnsinlər. Gənc oyunçu öz doğma rayonunda səhv edəndə göz yumulur. Futbolçu səhv edə-edə inkişaf edir. Bu gün bizim uşaqlar başqa klublarda səhv edəndə o qədər də yaxşı qəbul olunmur.
- Region Liqasını hazırlığına başlamısız?
- Bəli, məşqlər gedir. Uşaqlar sağ olsunlar, pulsuz gəlirlər. Hətta butslarını da özləri alırlar. Hazırda 40- yaxın futbolçumuz var. Hamısı Ağstafalıdır.Komandada 14 yaşdan 35 yaşa kimi futbolçular var. Ötən mövsüm U-14 liqasında oynamış uşaqları buraxmadıq. Onlar da bizimlə Region Liqasında oynayacaqlar.
- Ölkədə uşaq futbolunun hansı problemləri var?
- Problem çoxdur. Sadəcə bu gün yarışların xatirinə problemlərdən danışmaq istəmirəm. Oyun oynamaq futbolçu üçün çox vacibdir. Həftədə bir dəfə oyuna çıxmaq yüz məşqdən daha effektivdir. Futbolçu tapmaq bir az çətindir. Rayonda peşəkar klub yoxdur deyə valideyinlər istedadlı uşaqları futbola yönəltmir. Çünki, perspektiv görmür. Tovuzda, Gəncədə peşəkar klub var deyə valideyin övladının əlindən tutub futbola gətirir. Azərbaycanda futbolun xəritəsi Tovuza kimidir. Arzumuz budur ki, Ağstafada böyük futbol olsun. Bunun üçün çalışıram. Bu gün 10-12 uşağımız hansısa klublarda oynayırsa, 20-25-i Ağstafada batıb. Çox istərdim ki, II Liqada komandaların sayı çox olsun, biz də onların içində olaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi