Elmar Baxşıyev: "Heç kim belə olacağını gözləmirdi"

21:19 - 19 Avqust 2023

"Bilirdik ki, ağır oyun olacaq. İlk yarıda istədiyim komandanı görə bilmədim. Hesab 0:2 geriyə düşdükdən sonra hücumda istədiyim "Qəbələ"ni gördüm. Üç oyun uduzmuşuq. Deməzdim ki, hər şey qaydasındadır. Komanda şəklində bu vəziyyətdən çıxmalıyıq".

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 3-cü turunun "Sumqayıt"la oyundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, komandasının 1:2 hesablı məğlubiyyətini şərh edib:

- Fasilədə futbolçulara nə tapşırdınız?

- Qeyri-adi tapşırıq yox idi. Mənim istədiyim odur ki, futbolçular daha aqressev, daha hücummameyilli oynasınlar. Komanda ikinci hisssədə göstərdi ki, dominant oynamağı bacarır. Şans "Sumqayıt"ın tərəfində idi.

- Komandada psixoloji problemin olduğu hiss edilir. Siz necə düşünürsünüz?

- Heç bir psixoloji təsir yoxdur. Sadəcə hansısa dönəmdə komanda şəklində konsentrasiya aşağı düşür və qapımızda qollar görürük.

- Qarşıdakı turlarda digər qapıçılara şans verməyi düşünürsünüz?

- Rəşadı ehtiyatda oturmaq üçün götürməmişik. Qarşıdakı turlarda onu da meydanda görəcəyik.

- Sənan Ağalarov əvəzedilərin çempionatında yaxşı çıxış edir. Ona şans vermək olmaz?

- Sizin istəyinizlə Sənana şans verə bilmərəm. Futbolçu o şansı qazanmalıdır. Necə ki, Mehrac Baxşəli bunu qazanıb. Nə vaxt hazır olsa, şans verəcəyik.

- Qarşıda "Neftçi" və "Zirə"yə qarşı oyunlar var. Bu durumdan çıxmaq üçün hansısa planınız var?

- Çempionat başlamamış kimdən soruşsan, deyərdi ki, "Qəbələ" 3 oyuna 9 xal yığacaq. Heç kim belə olacağını gözləmirdi. Bilirik ki, daha artığını etməliyik. Komandama ümidim böyükdür. Bu mərhələni keçəcəyik. Qarşıdakı turlarda daha yaxşı olacağıq.

- Yeni transferlər gözlənilir?

- Sonuncu yerdəyik, güclənməliyik. Heyətimiz onu tələb edir ki, hücumda yeni oyunçular lazımdır.

Elçin Əlixan

Xəbər xətti