Yayda "Qarabağ"dan ayrılaraq "Kəpəz"ə keçən Zamiq Əliyev Gəncə klubunda da qalmayaraq "Araz Naxçıvan"la müqavilə imzalamışdı. Hazırda Naxçıvan klubunun əsas heyət üzvü olan Əliyev Sportal.az saytına müsahibəsində "Kəpəz"i tərk etməsindən və hazırkı komandasının bu mövsümkü çıxışından danışıb.
- "Araz Naxçıvan" Premyer Liqanın 2-ci turunda "Qəbələ" ilə qarşılaşdı və qələbə qazanmağı bacardı. Qələbəni necə şərh edəcəksən?
- Bizim üçün vacib qarşılaşma idi. Meydana qələbə üçün çıxmışdıq. Onu da qazandıq. Maraqlı alındı, daha üstün oynayan tərəf biz idik. "Turan Tovuz"la oyundan fərqli olaraq bu görüşdə qol imkanlarından yararlana bildik. Hətta bəzi epizodlarda bəxtimiz gətirmədi. Hesabı daha tez artıra bilərdik. Komanda oyundan-oyuna daha yaxşı futbol nümayiş etdirir. Bu ritmi saxlaya bilsək, qarşıdakı turlarda daha yaxşı "Araz Naxçıvan" görəcəksiniz.
- "Kəpəz"lə müqavilə imzalasan da, bu klubu tərk edib "Araz Naxçıvan"a keçdin. Nəyə görə belə alındı? Bu adddımına görə "Kəpəz" səndən incik düşmədiki?
- Düzdü, öncə "Kəpəz"lə anlaşmışdı. Amma daha sonra "Araz Naxçıvan"a keçdim. Bunun da səbəbləri var. Bu haqda çox danışmaq, detalları açıqlama istəmirəm. Futbolda belə hallar yaşanır. Azər Məmmədovla danışdıq, halallaşdıq, ayrıldım. İnanmıram ki, məndən incik olsunlar. Onlara uğurlar arzulayıram.
- "Araz Naxçıvan"ı seçməyində əsas səbəb maliyyə idi, yoxsa başqa məsələ? "Kəpəz"də qala bilməzdin?
- Əminliklə deyə bilərəm ki, "Kəpəz"dən pula görə ayrılmamışam. Bunu bütün "Kəpəz" azarkeşləri bilsin. Onlara böyük hörmətim var, hər zaman mənə dəstək olublar. Hər birinə təşəkkür edirəm. Onların yeri mənim qəlbimdə hər zaman qalacaq. Detalları açıqlamaq istəmirəm, artıq bunlar keçmişdə qaldı.
- "Araz Naxçıvan" artıq iki oyun oynayıb və bir dəfə məğlub olub, digərində qalib gəlib. Səncə, iki oyunda da yaxşı oynaya bildiniz? Hamı "Turan Tovuz"a qolkiperiniz Semir Bukviçin səhvi ucbatından uduzduğunuzu düşünürdü. Sən də belə fikirləşirsən?
- Yeni yığılan komanda olmağımıza baxmayaraq, hər iki oyunda yaxşı oynadıq. Hətta ilk matçda da qələbə qazana bilərdik. Sadəcə bəxtimiz gətirmədi. Hesabı açmaq üçün kifayət qədər qol imkanlarımız var idi. Sadəcə bəxtsizlik yaşadıq. Düşünürəm ki, hesabı açsaydıq qələbə qazanacaqdıq. Çünki daha çox qol epizodları bizdəydi. Şükürlər olsun ki, ikinci matçda şanssızlığı geridə qoyduq və qazandıq. İlk qarşılaşmada məğlubiyyəti təkcə qapıçımızın üstünə ata bilmərəm. Bu, qeyri-peşəkarlıq olardı. Futbol komanda oyunudur, qalib gələndə, uduzanda, hamı birlikdə buna səbəb olur. Uduzmuşuqsa, deməli hamının payı var. Qalib gələndə də, belədir. Daha yaxşı olacaq. Çünki komanda yeni yığılıb və futbolçular arasında anlaşma istənilən kimi deyil. Buna baxmayaraq, komanda gözləniləndən daha yaxşı oynayır. Qarşıdakı turlarda daha yaxşı komanda görəcəksiz.
- Komandanın əsas məqsədi nədir? Səncə, "Araz-Naxçıvan"ın avrokuboklara vəsiqə qazanması mümkündür?
- Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Düzdür, bu o qədər də asan olmayacaq. Çünki komandada içi mən qarışıq bir çox futbolçu yenidir. Uzun fasilədən sonra elitaya qayıtmaq və üstəlik evdən uzaqda, Bakıda oynayırıq. Daha oturuşmuş komandalara qarşı oynamağımıza baxmayaraq, imkansız da heç nə yoxdur. Turlar keçdikcə, uyğunlaşma artdıqca daha yaxşı "Araz Naxçıvan" görəcəksiz. Allah qoysa, məqsədimizə çatarıq. Buna var gücümüzlə çalışacağıq.
- Bu gün "Qarabağ"la qarşılaşacaqsınız. Bu komanda ilə oyun səni həyəcanlandırır? Səncə, "Qarabağ"dan xal qazana bilərsiz?
- Çətin oyun olacaq. "Qarabağ" ölkənin ən yaxşı klubudur, bu komandaya qarşı oynamaq hər bir rəqib üçün çətindir. Bizim üçün də həmçinin. Təbii ki, istənilən rəqibdən xal almaq mümkündür. Futbolda mümkünsüz heç nə yoxdur. Biz də xal qazanmaq üçün meydana çıxacağıq.
- "Araz-Naxçıvan" ev oyunlarını paytaxtda keçirir. Stadion hazır olduqdan sonra Naxçıvana yollanacaqsız. Yəqin ki, evdə oynamaq daha maraqlı olacaq?
- Əlbəttə ki, fərq var. Evdə oynamaq həmişə üstünlük yaradır. Doğma meydanda azarkeşlərimizin dəstəyi ilə daha yaxşı oynayacağımıza əminəm. Hər kəs üçün Naxçıvan səfəri çətin olacaq. Biz də ən qısa zamanda öz şəhərimizdə oynamağı arzulayırıq. Çünki indi faktiki olaraq hər matçı səfərdə keçiririk, bu da əlavə çətinlik yaradır. Azarkeşlərimizə təşəkkür edirəm, bizə hər zaman dəstəkdirlər. Komanda uzaqda olsa belə, onların dəstəyini hiss edir.
Mirbağırağa
saytlarin hazirlanmasi