"Risk etməyə məcbur idik, rəqib də bundan maksimum yararlanaraq qələbə qazandı" - MÜSAHİBƏ

15:17 - 28 Avqust 2023

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz" son turda "Səbail"ə 1:3 hesabı ilə uduzdu. Halbuki, ilk turlardakı nəticələrdən sonra evdəki oyunda sizdən gözləntilər yaxşı idi...

- Üç oyuna altı xal yığmışdıq. Bu dəfə evdə oynayırdıq, istəyirdik ki, azarkeşlərimizi sevindirək. Ağır olacağını da bilirdik. Hava şəraiti, meydançanın süni örtüklü olması amili də var idi. Düzdü, bu, hər iki tərəf üçün şərtlər eyni idi. "Səbail" də neçə oyun idi ki, qalib gələ bilmirdi. İlk hissədə buraxılan qoldan sonra şanslarımız oldu. Amma hesabı bərabərləşdirə bilmədik. Rəqib çox sıx müdafiə olunurdu, nəsə etməyə çətinlik çəkirdik. Standart vəziyyətlərdən, cinah ötürmələrindən şanslar yaratmaq istəyirdik. "Səbail" sonradan bizi əks-hücumda tutdu və nəticədə uduzduq.  

- İlk qolu vursanız da, geridönüş edə bilmədiz. Səbəb nə idi?

- İkinci hissə başlayan kimi qol şansımız oldu. Bəlkə də, qol olsaydı, oyun başqa cür gedəcəkdi. Hesab 2:1 olanda ancaq hücum haqda düşünürdük. Vəziyyət elə gətirdi ki, irəli atılmağa, risk etməyə məcbur idik. "Səbail" bundan maksimum yararlanaraq qələbə qazandı. 

- Demək olar ki, "Turan Tovuz" səfərdə keçirdiyi görüşlərdə daha inamlı idi. Evdəki matçda azarkeşlər olduğu üçün təzyiq hiss etdiniz?

- Düşünmürəm ki, azarkeşlərin olmasına görə təzyiq var idi. Biz hər oyuna çıxanda qələbə qazanaraq azarkeşləri sevindirmək istəyirik. Onlar hər yerdə bizi dəstəkləyir. İstəməzdik ki, evdə uduzaq. Qarşıdakı matçlarda qalib gələrək onları sevindirməyə çalışacağıq.

- "Səbail"lə matçda müdafiə xəttinizin çox zəif oynadığını söyləmək olar?

-  Komanda qələbə qazananda da, uduzanda da kollektiv edir. Xırda-xırda səhvlər gətirib qola çıxarır. Deməzdim ki, kimsə fərdi səhv etdi. Kollektiv olaraq uduzduq. Təəssüf ki, bu cür alındı.

- Qarşıdakı turda "Sabah"la üz-üzə gələcəksiz. Son turda "Zirə"yə uduzan komandanı məğlubiyyətə uğratmaq mümkündür?

-  "Sabah"ın avrokuboklardakı və çempionatdakı oyunlarını izləmişik. Çox yaxşı komandaya qarşı oynayacağıq. Onlar çempionluğa oynayan komandadır. Bizi çətin oyun gözləyir. Meydana çıxıb var gücümüzlə vuruşacağıq ki, xal və ya xallar qazanaq.

Elçin Əlixan

Xəbər xətti