Serbiya Futbol Federasiyasında çalışan sabiq "Qəbələ"li: "Çətin anlarda klubu məhv olmaqdan xilas edən onun akademiyasıdır"

19:22 - 23 Fevral 2025

Serbiya Futbol Federasiyasında çalışan "Qəbələ"nin sabiq futbolçusu Milan Antiç Sportal.az saytına açıqlama verib.

O, 2009-2012-ci illərdə formasını geyindiyi klubun hazırkı durumunu şərh edib. Antiç "Qəbələ"nin Premyer Liqaya qayıtmaq ehtimalının olmasına görə sevindiyini dilə gətirib:

"Təbii ki, vaxt olduqca “Qəbələ”nin oyunlarını izləyirəm baxıram, nəticələrə baxıram. Onların hazırda Birinci Liqaya liderlik etməsi, Premyer Liqaya qayıtmaq imkanına sahib olması məni sevindirir.

Bir çox klub Premyer Liqanı tərk etdikdən sonra yoxa çıxır, amma "Qəbələ"də bu cür olmadı. Çətin anlarda klubu məhv olmaqdan xilas edən onun akademiyasıdır, "Qəbələ" də öz akademiyası ilə məşhur idi. Həmişə "Qəbələ"nin əsl klub olduğunu vurğulamışdım. Əla infrastruktur və bazaya sahibdir. Bütün bunlar kluba belə vəziyyətdə çox kömək edir. Üstəlik, klubun, oyunçuların və liqanın mentalitetini bilən baş məşqçi Kaksaber Sxadadzenin də hazırki nəticələrdə böyük haqqı var. Ümidvaram ki, hər şey istədikləri kimi olacaq və sonda "Qəbələ" Premyer Liqaya qayıdacaq".

Mirbağırağa
 

Xəbər xətti