Ayxan Abbasov: "Biz oynadıq, "Turan Tovuz" qələbə qazandı"

17:18 - 23 Fevral 2025

"Bu soyuq havada komandamızı dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Biz oynadıq, "Turan Tovuz" qələbə qazandı. Bir epizod yaratdılar, o da qol oldu. Biz isə yüz faizli 3 epizodu dəyərləndirə bilmədik. Növbəti oyunlara baxacağıq. Çempionat davam edir".

Sportal.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 24-cü turunun “Turan Tovuz”la ilə oyunundan sonra keçirilmiş mətbuat konfansında deyib.

O, jurnalistlərin sualarını cavablandırıb.

- Nəticənin belə olacağını bilsəydiz, oyunun təxirə salınmasını istəyərdiz?

- Yox. Hakimlər və AFFA nümayəndəsi oyunun keçirilməsi üçün heç bir əngəlin olmadığını deyəndən sonra oynamalıyıq. VAR-ın olmamasından başqa heç bir maneə yox idi.

- Rəqibin matçdan öncə süni ajiotaj yaratması sizə necə təsir etdi?

- Oyundan öncə olan şeylərdir. Bəlkə də özlərini sığortalamaq üçün belə bir bəyanat yaydılar. Çətin oyun idi. Baş hakim Kamal Umudlu əlindən gələni etdi. Amma bir-iki epizod oldu ki, VAR-a getmək olardı. Məncə, ümumilikdə böyük bir səhv olmadı.

- Belajdi Pusi komandadan ayrıldı. Hücumdakı problemi necə həll etməyi düşünürsüz?

- Əlbəttə ki, bizim üçün böyük itki oldu. Həm futbolçunu, həm klubu fikirləşdik. Bir məşqçi olaraq əsas hücumçumun getməsini heç vaxt istəməzdim. Onun bundan əvvəl çox yaxşı təklifləri var idi. Amma o qədər də böyük məbləğ yox idi. Bu gün Azərbaycandan Rusiya Premyer Liqasına nadir hallarda futbolçular transfer olur. Belajdini ora qazandırmaq bizi sevindirir. Digər tərəfdən bu keçiddən klub da qazandı. Bəzi problemləri həll etməyə kömək olacaq. Yaxın zamanda qərar verməliyik. Hücum mövqeyinə axtarışlar gedir.

Xəbər xətti