"Neftçi"nin transferi: "Bu komandaya Samir Abasovun istəyi ilə gəlmişəm"

20:22 - 29 İyun 2025

"Neftçi"nin bu yay heyətinə qatdığı Elvin Bədəlov klubun televiziya kanalına müsahibə verib.

Sportal.az xəbər verir ki, o, paytaxt klubuna illər sonra geri qayıtmasından bəhs edib: "Neftçi"yə qayıtmaq arzum idi. Buradan ayrılanda da demişdim ki, vaxt gələr, daha təcrübəli, daha yaxşı formada  Elvin kimi "Neftçi"yə qayıdacam. O vaxtın gəlib çatdığına inanıram. Bunun üçün şadam. Bilirik ki, "Neftçi" "flaqman"dır, böyük klubdur. Yalnız gözəl hisslər keçirirəm. Bizə qalıb yalnız işləmək. "Neftçi"yə ilk dəfə gələndə, gənc idim. Premyer Liqa səviyyəsində ilk addımlarımı məhz bu komandanın heyətində atmışdım. Təcrübəm az idi. O qədər də uğurlu alınmamışdı. Amma demişdim ki, "Neftçi"yə daha qayıdacam. İnanıram ki, azarkeşlər, məşqçilər, klub rəhbərliyi bu dəfə daha yaxşı Elvini görəcəklər". 

Bədəlov, "Sumqayıt"da rəhbərliyi altında çalışdığı Samir Abasov haqda isə bu cür danışıb: "Samir Abasovla yenidən işləmək mənim üçün xoşdur. "Sumqayıt"da olanda da, onun oyun fəlsəfəsini bəyənirdik.Tək mən yox, klub olaraq. Bura Samir Abasovun istəyi ilə gəlmişəm. Onun nə istədiklərini bilirəm. Hamı bilir ki, maraqlı, gözəl futbol oynadır. Ona görə də sevinirəm ki, yenidən onunla birlikdə işləyəcəm. Təbii ki, mən də məşqçiyə kömək etməyə çalışacam".

Təcrübəli müdafiəçi azarkeşlərin komandaya dəstək olacağına inandığını bildirib: "Buradan azarkeşlərimizi salamlayıram. Onlarla yenidən bir olmaq mənim üçün xoşdur. Digər klublarda oynayanda da, "Neftçi" azarkeşləri gəlib, komandanı dəstəkləyirdilər, görürdüm. O azarkeşlər ən yaxşı sözlərə layiqdir. Həmişəki kimi yanımızda olsunlar, dəstək versinlər. Bizə isə işləmək qalır. Sözümüzü meydançada deyəcəyik. Çalışacağıq ki, onları sevindirək. Mən və komanda yoldaşlarım, hamımız öz işimizə məsuliyyətli yanaşsaq, yuxarı yerlərdə ola bilərik".

Xəbər xətti