Azərbaycanda istənilən veteran futbolçuyla saatlarla danışıb geniş müsahibə götürmək olar. Amma gəlin etiraf edək ki, hamısı öz söhbətlərində səmimi olmur, nəyinsə üstündən keçir. Belələri ilə söhbət etmək maraqlı olmur, heç ona görə də belələrini axtarmıram. Elə futbolçular da olub ki, oyunundan həzz aldığın kimi, danışığından ləzzət götürürsən. Hər şeyi nöqtəsinə qədər doğru deyir və heç nədən çəkinmir.
Belə futbolçular arasında Zaur Ramazanovun xüsusi yeri var. Nə vaxt meydana çıxıbsa şou göstərib, karyerasını bitirdikdən sonra da “nöqtə” açıqlamaları ilə nidasını qoyub.
Ramazanovla “Neftçi”nin köhnə bazasında görüşüb keçmişini vərəqlədik…
– Futbola maraq haradan yaranıb? Bakının hansı məhəllələrində futbol oynamısınız?
– Metronun “Nizami” stansiyasının arxasındakı məhəllələrdə böyümüşəm. Orada məscid var, onun həyətini özümüz üçün stadiona çevirmişdik. Əziyyətlə orada qapı düzəltdik, ona tor keçirtdik, orada demək olar ki, hər gün məhəllə-məhəlləyə futbiol oynayırdıq. “Sovetski”, “Kubinka” – hamısı orada idi. Hətta Bəhram Bağırzadə də bizimlə bir yerdə futbol oynayırdı. Sahə rəisi və polislər də gəlib oyunlarımızı maraqla izləyirdi. Yaxşı futbol oynamağımda böyük qardaşlarımın da rolu olub. Onlara baxıb çox şey götürmüşəm. Mən oynayanda kənardakılar baxıb “qabımda” nəsə olduğu görürdülər. Həm də “Spartak” cəmiyyəti bizə yaxın idi, orada uşaqlıq məşqçim rəhmətlik Fazil Abbasov olub. Onun mənim üzərimdə böyük əziyyəti olub. Əlində çubuq olurdu, daim məni qaçırdırdı. Həmişə deyirdi ki, “sənin böyük istedadın var”. Belə-belə inkişaf etdim. 90-cı illərdə Qarabağ müharibəsi başlayanda evdən məni çölə çıxmağa qoymadılar. 3-4 il heç yana getmədim. Sonradan yenə “Spartak”a getdim, məhəllələrarası futbol oynadım, aşağı liqada “Naxçıvan” komandası var idi, məni öz sıralarına götürdülər. Samir Əliyev, Fərrux İsmayılov və Rizvan Fərzəliyev də orada idi. Bir müddət orada oynadım, sonra futzala keçdim. Həm burada idim, həm də futzalla məşğul oldum. Futzal çempionatındayaxşı komandamız var idi, Rafiq Mirzəyev çalışdırırdı. Sonra Əbdülqəni Nurəhmədov gəldi və öz komandasını yığdı. Mənə dedi ki, “yaxşısı budur, get, böyük futbolla məşğul ol, futzal sənlik deyil”. HaIbuki, orada ən yaxşılardan biri mən idim. Nə isə soyadını unutmuşam, prokurorluqda işləyən Fəqan adlı birisi var idi, sponsorluq edib yaxşı oyunçulardan ibarət bir komanda yığdı. Deməli, bizim komanda Əbdülqəninin komandası ilə qarşılaşdı, mən həmin oyunda onlara 6 qol vurdum. Əbdülqəni mənə dedi ki, “bəlkə qayıdasan”, dedim ki, “daha sizdə idim də, saxlayardın”… Bir sözlə, futzal həyatım buradan başladı, milliyə qədər gəlib çıxdım. Futbolda da “Bakılı”ya düşdüm. Orada oynayanda, mənə “Neftçi”dən təklif gəldi. Kazbek Tuayev çağırdı, getmədim, fikirləşdim ki, orada Vadim Vasilyev və Zaur Tağızadə kimi hücumçular var, bilmirəm, şans qazanacaqdım, ya yox. Amma yaxşı da pul verirdilər. Ən yaxşısı burada, az pula oynayım, amma həmişə meydana çıxım. Bir müddət sonra “Karvan”a keçdim. Yunis Hüseynov məni yanına çağırdı.
– “Bakılı”dakı mühitdən danışardız. Komandada ab-hava necə idi?
– Baş məşqçimiz Nadir Qasımov idi. Orada vəziyyət bir qədər fərqli idi. Klubun rəhbəri Misir Əbilovun pul verməklə arası yox idi. Tində bir uşağı görürürdü, deyirdi ki, “heç kim bilməsin, bu pulu sənə verirəm, gəl, mənim komandama”. Niyə belə edirdi, səbəbini bilmirəm. Misir bu işə hobbi kimi baxırdı, böyük işlər görmək istəmirdi. Amma belə götürsən, çox yaxşı adam idi. Mənim xətrimi lap çox istəyirdi. Deməli, mən burada oynayanda, bir dəfə kubokda “Neftçi” ilə düşdük. İlk oyunda onları 1:0 hesabı ilə məğlub etdik. Cərimə zərbəsindən Hüseyn Məhəmmədova qəşəng qol vurdum. Hə, onu da deyim ki, Misir onda “Neftçi”də nəsə maliyyə şöbəsində işləyidi, bizim də rəhbər idi. İndi nə bizə, nə də “Neftçi”yə azarkeşlik edə bilir, sıxıla-sıxıla qalıb. Cavab oyununda minimal hesabla uduzduq, iş penaltilərə getdi. Orada da Saşa Yunisoğlu topu kənara vurdu.
– Əbilov “Bakılı”da heyəti özü seçirdi, məşqçi işinə müdaxilə edirdi?
– Hə, çox çılğın adam idi, amma sözü acı da desə, sonradan gəlib futbolçunun könlünü alırdı.
– “Karvan”a keçidiniz necə baş tutdu?
– Əslində, mən “Bakılı”da oynayanda “Qarabağ”la anlaşdım. Onda Əmrah Çəlikəl komandaya təzə gəlmişdi, mənə müqavilə təklif etdi. Onda biz milli ilə harasa getməli idik. Dedi ki, “müqaviləni bağlayaq, sonra qoşul milliyə”. Nə isə razılaşdım. Onda da Yunis Hüseynov məni “Karvan”a dəvət etmişdi. Amma onda Yevlax klubu I Liqada idi. Bu, məni bir az tərəddüdə saldı. Yoxsa, təkliflərini dərhal qəbul edəcəkdim. Sonra nə oldusa, “Karvan”ın elitada oynaması məsələsi həll olundu. Bu bir kənara, mən milli ilə qayıtdım, onda da “Qarabağ”a İqor Ponomaryovu gətirdilər. Gördüm ki, onun oyun üslubu mənə uyğun deyil. Əmraha dedim ki, “getmək istəyirəm, burada sıxılıram”. Nə isə, elə gəldim “Neftçi”nin köhnə bazasında Yunislə görüşdüm, dedim ki, mən “Qarabağ”a keçmişəm, onlardan da pul almışam, necə keçim sizə”. Bunlar da “Qarabağ”la görüşüb məsələni həll etdilər, pulu qaytardılar, mən Yevlaxa köçdüm. Orada da bombardir oldum, Yunis mənə dəstək oldu, şıltaqlıqlarıma dözdü. Camaat da burada məni çox sevirdi. Sadəcə, bir az milli ilə bağlı problemlər var idi, məni çox dəvət etmirdilər. Belə deyim də, yığma komandanı elə məşqçilərə həvalə edirdilər ki… O vaxt “Turan”ın baş məşqçisi deyirdi ki, “Zaur Ramazanovu necə milliyə çağırmaya bilərsiniz axı…” Sizə açıq deyim də, o vaxt millidə qruplaşma yaratmışdılar… Nə deyim e, özləri bilər, bir də Allahları. Əslində, orada mən hamısından güclü idim. Bu yandan da Şahin Diniyev gəlib məni çağırmadı. Onu bilirəm ki, millidə həmişə mənə problem yaşatmaq istəyiblər. Təəssüf ki, millidə çox az oynamışam. Halbuki, çox oyuna çıxmalı idim. Bilmirəm, mənə inanmırdılar, ya nədi… Bu məsələlər həmişə mənə qaranlıq qalıb.
– Karyeranızın zirvə nöqtəsi “Xəzər Lənkəran” klubu olub. Bura necə keçdiz?
– Əslində, mənim “Karvan”dan getmək fikrim yox idi. Sadəcə, Hüseynovu komandadan çıxardıb Fuad Yamanı gətirdilər. Fikirləşdim ki, Yunis məni yaxşı başa düşürdü, nə bilim türklə necə olacaq. Elə oldu ki, Emin Quliyev dedi ki, mən “Xəzər Lənkəran”a gedirəm”. Məsələ ondadı ki, bu komandadan da mənə daim təklif gəlirdi. Qoşuldum ona, elə oldu ki, Mahmud Qurbanov da ora gəldi. Bir də gördük ki, “Xəzər”də əməlli-başlı komanda yığılıb. Onda da komandanı Rasim Kara çalışdırırdı. İlk mövsümümüz uğurlu alınmadı. Tez-tez məşqçi dəyişirdilər. Pul var idi, amma fikirləşmirdilər ki, tez-tez məşqçi dəyişmək kluba ziyandır. İşə belə yanaşırdılar da, onlara nə demək olar ki…
– 2007-ci ildə ölkə çempionu oldunuz. Həmin dövrü necə xatırlayırsınız?
– Onda Ağasəlim Mircavadov komandaya gəldi. O gələndə dedi ki, “mən başqa uşaqlar yığmaq istəyirəm, öz komandamı formalaşdıracağam”. Fikirləşdim ki, yəqin məni də görmək istəmir, çıxıb getməyə hazırlaşırdım. Dedi ki, “yox, bu sözüm sənə aid deyil, səni heç yana buraxmayacağam”. Bir sözlə, qaldım. Mircavadovun üstünlüyü onda idi ki, oyunu oxuya bilirdi. Kimlə oynayırdıqsa, onların üslubunu bilirdi. Bir taktikaya üstünlük vermirdi. Komandanı səhmana saldı, artıq əsl futbol oynadıq. Həmin il biz həm çempion olduq, həm də kuboku qazandıq. Bir-birimizi gözüyumulu başa düşürdük. Mahmud mənə o qədər ötürmə edirdi ki, “pas”a açılmaqdan yorulurdum. Emin Quliyev, Ceyhun Sultanov, Qurbanov… Hamımız mükəmməl idik. Onda Kamran Ağayev təzə-təzə möhkəmlənirdi.
– “Xəzər Lənkəran” çempionatda yaxşı oynasa da, avrokuboklarda bu qədər xərclənən pulun müqabilində o effekti vermirdi. Səbəb nə idi?
– O vaxt indiki kimi deyildi. Bizə ilk mərhələdə Zaqreb “Dinamo”su kimi komanda düşürdü. Bu komandanın 6-7 oyunçusu bizdən sonra Avropa nəhənglərinə keçdi. Biz onlara qarşı pis oynamadıq. Bəlkə də heç bizdən bunu gözləmirdilər də. Hətta sonra dərhal məni transfer etmək üçün “Xəzər Lənkəran”a təklif göndərdilər. Ancaq Mübariz Mənsimov dedi ki, “Zaur Ramazanov satılmır!” Heç özüm də getmək istəmirdim. Mən başqa yerdə qala bilmirəm. Qalsaydım, elə ancaq legioner həyatı yaşayardım. Yoxsa ki, “Bursaspor” rəsmiləri qapımda gecələyirdi, daha sonra mənə İrandan və “Anji”dən təklif gəldi. Ona qədər də Almaniyanın II və III Bundesliqa klubları mənə dəvət göndərirdi. Futzal millisində də oynayanda “Malaqa” məni çağırmışdı.
– “Xəzər Lənkəran”ın dağılmasının əsas səbəbini nədə görürsüz?
– Orada çox işlər düz getmirdi. Tuyqun Nadirov işi düzgün apara bilmirdi. Gedirdi, Mais Mənsimova nə deyirdi, nə demirdi, Maisin də futboldan başı çıxmırdı. Kimi gətirmək, kimi göndərmək lazımdır – hamısını Tuyqun edirdi. Adam işinin öhdəsindən gələ bilmirdi. Bir neçə dəfə olub ki, Mübariz özü gəlib bunları oradan qovurdu. Məsələn, Mənsimov iki dəfə Tuyqunu işdən çıxarıb, sonra bilmirəm nə yollarla geri qayıdıb. Onlar özləri kluba “badalaq vurdu”. Adam baxır iyrənirdi, Mənsimov fikirləşirdi ki, mən nə lazımdır edirəm, amma bunlar gör klubu nə vəzyyətə salıblar. Mən məsələn, klubdan gedəndə Mübarizin gözləri bərəldi ki, Zaur hara gedə bilər? Mən ona izah edə bilmədim ki, sənin klubunda problemlər var. Maisə bu gün de ki, Zauru komandadan göndərib filankəsi gətirmək lazımdır, deyəcək “hə, edin!” Məsələn, məşqçi gətirmək lazımdır, 3 namizəd var, 1 saniyənin içində birinin adını çəkib, işi həll edirlər. Belə klub idarə etməzlər! Sən gərək komandanın taktikasına uyğun məşqçi seçəsən, ya da hər incəliyi bilən adamı kluba məşqçi gətirəsən.
– Oradan da “Qarabağ”a keçdiniz…
– Hə, Qurban Qurbanov zəng etdi, məni komandasında görmək istədiyini dedi. Onda o da “Qarabağ”a təzə gəlmişdi. Cavab verdim ki, fikiləşib xəbər edərəm. Sonra Ramin Musayev zəng etdi, onun da “Qarabağ”a keçməyimdə çox əziyyəti oldu. Mənə dedi ki, “Qurbana kömək lazımdır, hər şey yaxşı olacaq” və s. Adlarını çəkmək istəmədiyim bəzi futbolçular da bunu məndən xahiş etdi.
– “Qarabağ”a aidiyyatı olmadan Ramin Musayev sizi bu komandaya dəvət etdi?
– Qurbana görə bunu edirdi. Ona sırf dəstək lazım idi. O, sadəcə mənə deyirdi ki, “Qarabağ”a keçsən, pis olmaz”. İnanırsan, mən o kluba gələndan ora axın çoxaldı. Mənim adıma görə neçə futbolçu bu kluba keçdi. Biri elə Emin İmaməliyev. “Qarabağ”ın həmin dönəmdə ölkə kubokunu qazanmasında mənim çox böyük əziyyətim olub. Biz onda özümüzdən güclü olan “Neftçi”ni keçdik. Deyəsən, Vüqar Nadirov künc zərbəsindən qaldırdı, mən qol vurdum və elə bu topla da onları mübarizədən kənarlaşdırdıq. Onları məğlub edəndən sonra bildik ki, Avropaya yolumuz elə bu kubokdan keçir. “Neftçi”ni adlamağımız işin 70 faizinin görülməsi idi.
– “Xəzər Lənkəran”dakı Zaur “Qarabağ”dakı Zaur oldu?
– Əlbəttə, mən hər yerdə həmin Zaur olmuşam, hər yerdə də hörmətimi saxlayıblar. Lap elə Qurbanın özü olsun. O, çox yerdə mənə güzəşt edirdi. Yeri gələndə, yatmağıma, dincəlməyimə şərait yaradırdı.
– Bəs “Qarabağ”da niyə çox qalmadınız?
– Bəzi söz-söhbətlər oldu da, indi onlara girmək istəmirəm. Qoy deyim də, Qurbanın özü ilə aramızda bir az inciklik oldu. Onlar təlim-məşq toplanışına getdi, mən qoşula bilmədim. Bu, Qurbanova xoş gəlmədi. Doğrusu, mən sümük ağrılarına qarşı həkimin göstərişi ilə dərman qəbul edirdim, ona görə getmək istəmədim. Sonra Qurbana zəng etdim, o isə mənə dedi ki, “artıq komandanı gəncləşdirmək istəyirəm”. Buna görə aramızda sərinlik oldu. Amma ondan sonra aramız düzəlib. Bir neçə dəfə görüşmüşük, hətta neçə dəfə ona oyunçu da təklif etmişəm.
– Və “Qarabağ”dan sonra yenidən Lənkərana qayıtdınız…
– Mais deyirdi ki, “qayıt”, mən də təklifi geri çevirmədim. Mircavadov onda komandanı Avstriyaya təlim-məşqə aparmışdı, qoşuldum onlara. Sonra Moldovanın “Olimpiya” klubunu keçə bilmədik, Mircavadovu göndərdilər. Dərhal Mirça Redniki gətirdilər, o da komandanın yarısını göndərdi. Mənə deyirdi ki, “sən yaşlısan”. Sən demə, buna deyiblər ki, burada bəzi oyunçular var, Pasulkonu yola salıblar, səni də elə edə bilərlər. Bir müddət sonra yenə məşqçi axtarışına çıxdılar, mən Yunis Hüseynovu onlara təklif etdim. Mais bunu dəstəklədi, gətirdilər. Yunislə artıq tariximizdə ilk dəfə avrokubokda mərhələ adladıq, Estoniyanın “Nımme Kalyu” klubunu mübarizədən kənarlaşdırdıq. Sonra da çempionatda gümüş medal qazandıq, hətta “Qarabağ”ı 4:0 udduq. Elə oldu ki, klub yenə qarışmışdı, Mübariz Mənsimov artıq çox pul xərcləməkdən imtina etdi. Mən də gördüm ki, artıq işləmək olmur. Bir az orada qardaşım Ağabala oynadı. Elə alındı ki, mən də karyeramı bitirdim, “Bakı” ilə matçda vida oyunuma çıxdım.
– Karyeranızın ən yaxşı və ən pis məşqçisi kim olub?
– Yaxşı məşqçi kimi Yunis Hüseynov və Ağasəlim Mircavadovun adını çəkə bilərəm. Qurbanın da adını çəkə bilərəm, amma o, həmin vaxtlar cavan idi. O vaxt onun məşqçilik istedadını görməmişdim. Pis məşqçi ilə ümumiyyətlə işləmək istəməmişəm. Məsələn, Viktor Pasulkonu heç bəyənməmişəm. Vaxtilə yaxşı oyunçu ola bilər, amma məşqçi kimi çox zəif idi. Taktikası “Məmmədağa, vur qabağa” idi.
– Əsliniz bakılıdır, Bakı deyəndə də o vaxtlar həmişə yada “Neftçi” düşüb, ölkənin əsas komandası olub. Amma heç vaxt “Neftçi”də oynamamısınız. Buna görə köks ötürmürsünüz ki?
– “Neftçi”dən mənə təkliflər olub, sadəcə, yerim elə rahat olub ki, heç yana tərpənmək istəməmişəm. Amma əlbəttə, “Neftçi”də oynamaq istəyərdim. Karyerama “Neftçi”də başlasaydım, bəlkə də həmişə orada qalardım. Həm də “Xəzər Lənkəran” mənə doğma kimi idi. Orada özümü Bakının mərkəzindəki kimi hiss edirdim.
– Bəs uşaqlıqda hansı komandamıza azarkeşlik edirdiniz?
– “Neftçi”dən başqa komanda yox idi axı. Gözümü açandan rəhmətlik atamı “Neftçi”yə azarkeşlik edən görmüşəm.
– Yenidən futbol həyatına qədəm qoysaydınız, karyeranızı necə qurardınız?
– Təbii ki, yenə də futbolçu olardım, amma daha çox xaricdə oynayardım. Məncə, bu daha uğurlu karyera olardı. Mən hara getsəydim, heç vaxt Azərbaycanın üzünü qara etməzdim. Hər yerdə də məndən danışacaqdılar. Bu gün necə ağız dolusu Vəli Qasımovun legionerlik həyatından danışırlar, mən də o səviyyəyə çıxa bilərdim. Mən o qədər Bakıya bağlı olmuşam ki, bu şəhəri heç bir aylıq heç bir yerə dəyişə bilmirdim. Harada olmuşamsa, özümü bu şəhərə çatdırmaq istəmişəm. Hətta xaricdə təlim-məşq toplanışlarında birinci həftədən sonra Bakısız beynimdə “tormozlanma” gedirdi. İndi baxıram ki, düz fikirləşməmişəm, belə olmamalı idi.
– Zaur Ramazanov karyerasını bitirəndən sonra özü səviyyəsində hücumçu görüb?
– Yox, görməmişəm! Heç mənim 50 faizimi də oynayan yoxdur. Özümü tərifləmək istəmirəm, amma məndə olan göstəricilər heç kimdə yoxdur. Mənim üçün 1-2 müdafiəçini keçmək çox asan idi. Heç kimə təkbətək mübarizədə uduzmamışam. Mən cərimə meydançasının içində həmişə özümü kral kimi hiss etmişəm. Mən meydana çıxanda fikirləşməmişəm ki, “rəqib Zaqreb “Dinamo”sudur, bizi dağıdacaqlar”. İndiyə qədər heç kimdən qorxmamışam . Hansı klubda oynamışamsa, özümü onların “patriot”u saymışam. Oyuna çıxanda artıq bir qolumun hazır olduğunu düşünürdüm, məqsəd daha çox qol vurmaq idi. İndikilər çox cılızdır, baxırsan ki, heç bir oyunçunu keçə bilmirlər. Bir hücumçu ki qarşısındakını keçə bilmədi, o nə hücumçudur? Bombardirlər siyahısına baxırsan, 36 oyuna 15 qol vurub. Bugünkü hücumçulara baxıram, mənə gülməli gəlir. Mən indi oynasaydım, mövsümə 40-dan çox qol vurardım.
– Niyə bizdə hücumçu çıxmır?
– Bilirsən, forvard öz üzərində işləməlidir. Hücumçu qız kimi olmalı deyil. İnadkar olmalısan! Meydana çıxırsansa, işin qol vurmaq olmalıdır. İndikilər uddu-uduzdu, vecinə almır, hesabdır da, yuxarış-aşağı, qoy qalsın. Azərbaycanda güclü hücumçu olsaydı, kimsə gedib kimisə axtarardı?
– Bəs Ağabala Ramazanov niyə Zaur Ramazanov səviyyəsinə yüksələ bilmədi?
– Ağabala yaxşı başlamışdı, mən ona inanırdım. Hətta vaxtilə mən onu Riqada “Skonto”ya apardım, orada ona 3 illik müqavilə təklif etdilər, qalmadı. Halbuki, özü mənə demişdi ki, gedək, qalacağam. “Real”ı udan “Şerif” elə həmin vaxt Ağabalaya təklif göndərmişdi, ayına 15 min avro maaş verirdilər, ora da getmədi. O da mənim kimi legioner həyatı yaşmaq istəmədi. Qardaşım mənim səviyyəmə çıxmaq üçün gərək məndən çox şey götürərdi. Deyirdim, başa salırdım, amma çox bir yerdə ola bilmirdik, elə o klublarda, mən öz işimdə. Buraxmışdım onu başlı-başına. Mənə elə gəlir ki, zədələr də onu taqətdən saldı. Mən ondan fərqli zədə nədir bilməmişəm. Hətta Boris Xetaqurov deyirdi ki, “mənim işlədiyim oyunçuların siyahısında zədələnən bütün oyunçuların adı var, bura hətta Banişevskininin də adı düşüb, amma sən orada yoxsan”. Yeri gələndə, Ağabala “Qarabağ”da yaxşı oynadı, hətta Muarem Muaremi heyətdən sıxışdırdı, amma 3 aylıq zədələnib sıradan çıxandan sonra əvvəlki vəziyyətinə qayıda bilmədi. “Qarabağ” da elə komandadır ki, yerini itirdin, geri qayıtmaq çətindir. Belə xırda zədələr onun gözünü qorxutdu, top gəlirdi, üstündən atlanırdı. Hətta Ağabala “Zirə”də oynayanda Rəşad Sadıqov mənə deyirdi ki, “Zaur, qardaşına nəsə olub, topdan çəkinir”. Hərdən özünə də deyirdim ki, səni gərək bu qorxuya görə “çıldağ”a aparım. Zədələr ona imkan vermədi!
– Hazırda nə işlə məşğulsunuz?
– AFFA-da seleksiya ilə məşğulam. 13-19 yaşlı uşaqları tapıb məsləhət görürəm.
– Bəs niyə məşqçi olmaq istəməmisiniz?
– Həvəsim olmayıb. Həm də görürəm də məşqçiləri. Guya hərə öz yerindədir ki? Premyer Liqada məşqçilər var ki, görürsən ki, bu onun yeri deyil də, kimsə onu gətirib ora qoyub. Baxırsan ki, qıraqda daha güclü məşqçilər qalıb. Uşaq futbolunda elə məşqçilər görürəm ki, dəhşətə gəlirəm. Soruşuram ki, bu kimdir, deyirlər ki, hə, uşaq vaxtı futbola gedib, sonra gedib kursa yazılıb, oxuyub, kateqoriya alıb. Mən elə uşaqlar görürəm ki, elə əla oynayırlar, amma sonradan itib-batırlar. Çünki onlarla işləyən məşqçilər bərbaddır. Baxın, özbəklər necə gedib dünya çempionatına düşdülər? Çünki akademiyalar açdılar, məşqçiləri gedib xaricdə təcrübə keçib qayıtdılar, işi düzgün gördülər.
Tahir Mirzə, Futbolinfo.az
saytlarin hazirlanmasi