AFFA-nın verdiyi formal qərarın gözlənilən nəticəsi - "Mingəçevir" Premyer Liqaya çıxsaydı...

15:08 - 29 May 2026

Yaxşı mübarizə apardılar. Amma nəinki "Mingəçevir", hətta I Liqanın yığma komandası da "Qəbələ"nin qabağına çıxsaydı, yenə də heç nə olası deyildi. Fərq həddən artıq böyükdür - büdcə də, heyət də... 

Qısası, möcüzə baş vermədi. "Qəbələ" pley-off matçında qələbə qazanıb Premyer Liqada yerini qorudu. AFFA-nın İcraiyyə Komitəsinin formaq qərarının gözlənilən sonluğu belə olmalıydı. Çünki başdan avantürist gediş idi axı. I Liqa klubunun Premyer Liqa təmsilçisi ilə üz-üzə gəlməyi avtomatla tankın qabağına çıxmaq kimi bir şeydir. 

Amma məsələnin başqa tərəfi də var. Deyək ki, "Mingəçevir" Premyer Liqaya vəsiqə qazansaydı, harada oynayacaqdı? I Liqa matçlarını düz-əməlli tribunası olmayan köməkçi meydançada yola verirlər. Premyer Liqa üçün isə stadion hazır deyil. İnfrastrukturu qurmağa əlavə maliyyə və ən azı bir il vaxt lazımdır. 

"İmişli" evinə qayıda bilmir, "Araz-Naxçıvan" yurdundan uzaq, "Şəfa"nın məskəni yoxdur. Bunun üstünə də "Mingəçevir"i gətirmək istəyirdilər Premyer Liqaya? 

Sportal.az

Xəbər xətti