"Qarabağ" yay transfer dönəmində heyətinə 6 legioner qatıb. Bunlar Pedro Bikalyo, Kamilo Duran, Joni Montiel, Dani Bolt, Kris Kuaku və Sami Mmaedir.
Onların arasında ən tez uyğunlaşanı Pedro Bikalyodur. Braziliyalı dayaq yarımmüdafiəçisi qısa müddətdə ortaya elə performans qoyub ki, ona görə "Qarabağ"ın "qapısını döyənlər" az deyil. Xarici klublardan təkliflər gəlsə də, Qurban Qurbanovun Pedronu belə tezliklə buraxacağı inandırıcı deyil.
Kamilo Duranı da uğurlu transferlər siyahısına yazmaq olar. Amma kolumbiyalı ilə bağlı durum bir az fərqlidir. Qəribə səslənəcək, lakin Duran Çempionlar Liqasında qollar vurub komandaya çox xeyir versə də, Misli Premyer Liqasında o qədər də effektiv deyil. Bunun da səbəbləri var. Məlumdur ki, Duranın əsas mövqeyi vingerdir, cinah oyunçusudur. Qurban Qurbanov onu həm də məcburiyyətdən hücumda oynadıb. Belədə, yaxşı sürəti olan Duran avrokuboklarda komandası üçün səmərəli olur. Əks-hücumlar zamanı müdafiədə azlıqda qalan rəqiblər üçün başağrıya çevrilir. Bizim liqada isə bunun əksi baş verir. Rəqiblər qapanır, oturuşmuş müdafiəni yarmaq Duran üçün problemə çevrilir. Amma hər şeyə rəğmən kolumbiyalı bu yarım ildə səviyyəsini ortaya qoya bilib.
Yeni gələnlər arasında ən sirlisi Joni Montieldir. Gəldiyindən bəri xeyli zədəli qalsa da, cəmi bir neçə oyun kifayət elədi ki, adından söz etdirsən. İspan topla elə rəftar edir ki, oyununa valeh olmamaq alınmır. Təəssüf doğuran məqam odur ki, yenə zədələnib. Bu, "Qarabağ" üçün ciddi problemə çevrilə bilər. Zədələr Montielin yaxasını buraxmasa, tam potensialını aça bilməyəcək.
Sağ cinah müdafiəçisi braziliyalı Dani Bolt təzə gəldiyi vaxtlar oynayırdı, yaxşı da təsir bağışlayırdı. Lakin onunla eyni mövqe oyunçusu olan həmyerlisi Mateus Silva elə çıxış yaxalayıb ki, Bolt ikinci plana keçib. Bu gün Bolt barədə əminliklə uyğunlaşıb və ya əminliklə uyğunlaşmayıb demək olmur. "Hələ ki tam deyil" ifadəsi daha doğru oturar onun vəziyyətinə.
Uyğunlaşmaqda çətinlək çəkən ikili Kuaku və Mmaedir. Dayaq yarımmüdafiəçisi Kuaku qırıq-qırıq nələrsə göstərməyə çalışsa da, bu ana qədər "Qarabağ"da özünü tapa bilməyib. Amma görünür ki, səviyyəsi də var, artırmağa yeri də. Oxşar sözləri Mmae barədə də deyə bilərik. "Qarabağ"da gec açılan oyunçuları da az görməmişik. Zamanla bunlarla da bağlı duruma aydınlıq gələcək.
Həmid
saytlarin hazirlanmasi
