O, yalnız bir səsə layiq görüldü
Eskişehirdən qayıdırdıq. 2010-cu il idi. 19 yaşadək futbolçulardan ibarət yığma komanda elit-raundda növbəti mərhələyə adlaya bilməmişdi. Türkiyədə olduğumuz müddətdə millinin futbolçuları ilə söhbət edirdim, danışırdım. Arazla isə demək olar ki, heç danışmırdıq. Yalnız hava limanında onunla kiçik dialoqumuz oldu. İzah etdim ki, onun böyük futbolçu olmağı bizim üçün də fəxr olar.
Araz Abdullayev uzun illər mənə mifik qəhərman kimi gəlirdi. Adı var, özü isə yox idi. Zaman-zaman parlayır, çox vaxt isə ümumiyyətlə gözə dəymirdi. İstedad var idi, sabitlik isə yox. Hətta bəzən adama elə gəlirdi ki, o, heç vaxt tam potensialını ortaya qoya bilməyəcək. Lakin bir anda hər şey dəyişdi. Böyükağa Hacıyev ona mütəmadi olaraq start heyətində yer verməyə başladı. Və o, parladı.
Avroliqanın qrupunda “Rubin”lə oyunda bir epizod hələ də gözümün önündədi. Araz Abdullayevin başgicəlləndiri driblinqindən sonra Ansaldi yerində donub qalır. Sevindirən o idi ki, Araz artıq demək olar ki, hər oyunda diqqətləri üzərinə cəlb edirdi.
Şəxsi maraqlarına görə Arazı millidən didərgin salan Berti Foqts da anlayırdı ki, daha özünü görməməzliyə vura bilməz. Hələ indi də bəzi məqamlarda Foqtsun Arazla bağlı anlaşılmaz qərarları olur. Mən hələ də anlamıram ki, İsraillə səfər matçının fasiləsində Araz niyə əvəzləndi. Axı, ilk hissədə komandanın ən yaxşısı məhz Araz idi. Amma Abdullayev yenə oyunu ilə özünü sübut etdi və Lüksemburqla ev matçında ideal ötürmə ilə komanda yoldaşının fərqlənməsinə şərait yaratdı.
“Neftçi” dəki uğurlu oyunu fonunda Araz Abdullayev millidə də canlama yaratdı. Arxada qalan il onun üçün çox uğurlu oldu. Amma nədənsə bunu heç kim görmədi, qiymətləndirmədi. 2013-cü ilin ən yaxşı futbolçusu millinin kapitanı Rəşad Sadıqov seçildi. Böyük əksəriyyət Rəşada səs verdi. Araz Abdullayev isə yalnız bir səsə layiq görüldü. O da komanda yoldaşı Rəşad Sadiqovun sayəsində. Elə bu qədərmi?
Qoy, klubların baş məşqçiləri və kapitanları elə qəbul etsinlər ki, mən futbolu bilmirəm. Mənim futbol anlayışıma görə, bu gün Azərbaycan futbolunun ən yaxşısı məhz Araz Abdullayevdi. Az qala hər oyunda sürəti, driblinqləri, zərbələri ilə “Neftçi”ni çiynində daşıyan Araz hətta Flavinyodan da daha yaxşıdı bu gün.
Araz Abdullayev törətdiyi qəzadan sonra çox tənqid olundu. O, günahkar idi. Bir insanın həyatına son qoymuşdu. Onu biz yox, Allah bağışlayacaq və ya bağışlamayacaq. Qəza haqqında xəbəri eşidəndə çox pis olmuşdum. Çünki son vaxtlar onun maşın yürüşləri haqqında çox xəbərlər eşidirdim. İstədim, ona zəng edib böyük qardaş kimi danlayım. Digər tərəfdən fikirləşdim ki, indi onu o qədər danlayan var ki, mənim nə isə deməyim artıqdır. Ancaq onun həbsə girməsini heç istəməzdim. Bu qəza ona dərs oldu, acı dərs oldu. Bir insanın həyatı bahasına başa gələn dərs.
Hər şeyə rəğmən mən bir vətəndaş kimi ona baxıb sevinirəm. Bu gün onun simasında yaxşı bir futbolçuya yiyələnirik. Qəzaya gəlincə, öləni geri qaytarmaq olmaz. Arazın bundan sonra edə biləcəyi bir şey var: “Neftçi”də bir qədər də püxtələşəndən sonra xarici kluba gedib Azərbaycanın adından söz etdirmək. Alınarmı? – bilmirəm. Ancaq mən yenə Araza inanıram.
Emin ABBASOV
saytlarin hazirlanmasi