"Sabah" Misli Premyer Liqasının 1-ci turunun təxirə salınmış oyununda doğma meydanda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edərək liderliyi ələ keçirib.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Futbolçularımı təbrik edirəm, inanılmaz performans göstərdilər və tərifə layiq olduqlarını düşünürəm. Tək Azərbaycanda deyil, Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq. Əsl futbol atmosferi var idi. Azarkeşlər də keyfiyyətli oyunu seyr etdilər."
- Liderliyinizi sona qədər qoruya biləcəyinizi düşünürsüzmü?
- Turnir cədvəlinə sonda baxacağıq. Futbolçularıma qarşıda hələ bir oyunun olduğunu da söylədim. Rəqiblər bizə fərqli yanaşırlar. Ümumi olaraq inkişafımızdan razıyam.
- Daha əvvəlki çıxışlarınızda tez-tez oyunçularınızdan narazılığınızı bildirirdiniz. Bu matçdan sonra da narazı qaldığınız məqam oldu?
- Təbii ki, bu günkü matçda da bəzi məqamlardan narazı qaldım. Rəqib ilk hissədə bizə boşluqlar verirdi. Bu boşluqlardan istifadə edib cərimə meydançasına daxil olsaq da, qol vura bilmirdik. Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram. Matçın ilk 10-12 dəqiqəsindən razı qalmadım. Rəqibə həddən artıq hörmət göstərdik. Düzəltməli olduğumuz çox şey var.
- Qış transferində heyətdə dəyişiklik gözlənilirmi?
- Bu heyətdən məmnunam. Zədəlilərimiz var. Cesse ötən mövsümdə komandamızda ən çox qol vuran oyunçulardan olsa da, zədəlidir. Onun qısa zamanda formasına geri dönəcəyinə ümid edirik. Yeni transferlər barədə tələsməməliyik. Transfer edəcəyimiz oyunçular üslubumuza uyğun olmalıdır. Bu barədə daha detallı müzakirələr aparacağıq.
- Maludanı komandada saxlamaq üçün hər hansı bir addım atmağı düşünürsüzmü?
- Mən idman direktoru və yaxud menecer deyiləm. Mənim işim futbolçuların bacarıqlarını artırmaqdır. Maluda çox istedadlıdır, böyük işlər görür. Etdiklərindən də məmnunuq. Onun klubdakı taleyi mənim əlimdə deyil. Bu barədə klub rəhbərliyindən soruşmaq lazımdır.
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi
