Yuri Vernidub "Neftçi"dəki ilk oyunundaca gəlişini hiss elətdirdi hamıya. Üzücü məqam o oldu ki, futbolçular "Sumqayıt"la oyunda Vernidubun düşüncələrini 90 dəqiqə yox, yalnız 70 dəqiqə gerçəkləşdirə bildilər.
Lakin yenilənmiş "Neftçi"nin ilkin ştrixləri nəzərə çarpdı. Yuri Vernidubun "Neftçi"si dinamik oynamalı, daim intensivlik olmalı, sürətli keçidlər edilməlidir. "Sumqayıt"la oyunda bunu qismən gördük, tam olması üçün buna uyğun hazırlıq keçmək lazımdır.
Diqqət çəkən məqamlardan biri Vensan Abubakarın ehtiyatda qalması oldu. Böyük ümidlərlə "Neftçi"yə gətirilən forvardın əsas heyətdən kənarda qalması suallar doğurdu. Vernidub seçimini ondan yox, Bassala Sambudan yana etdi.
Bu seçim ukraynalı mütəxəssisin oyun baxışından irəli gələn tələblərlə bağlıdır. Abubakar daha təcrübəlidir, qolçuluq bacarığı da Sambudan daha üstündür. Amma bu iki nəfər arasında bir əsas fərqli cəhət var. Bassala Sambu ulduz komanda yoldaşı ilə müqayisədə daha hərəkətli, daha hazırlıqlıdır.
Vernidub üçün az qala həyati əhəmiyyət kəsb edən oyun dinamikası və instensivliyi təmin etmək üçün işgüzarlıq keyfiyyətləri daha yüksək olan futbolçulara ehtiyac var. Bu mənada Sambu onun işinə daha çox yarayır, nəinki Abubakar.
Amma bir şeyi nəzərə almaq lazımdır ki, Abubakar "Neftçi"yə gec qoşulub, hazırlıq keçməyib. Yaş amilini götürsək, Sambu da o qədər cavan deyil, amma Vensandan 5 yaş balacadır. Abubakarın 33, Bassalanın 28 yaşı var.
Dünya futbolunda yaşlanan, lakin düzgün/uyğun yükləmə proqramları hesabına yaxşı fiziki göstəricələrə malik oyunçular görürük. Yuri Vernidub təcrübəli mütəxəssisdir. Abubakarı qışdan sonrakı dönəmə yaxşı hazırlayıb onun potensialından maksimum yararlana bilər.
Həmid
saytlarin hazirlanmasi
