"Oğlum AFFA-da pis rəhbər olsaydı, indi FİFA-da işləməzdi" - MÜSAHİBƏ

18:40 - 16 Dekabr 2025

AFFA-nın sabiq baş katibi, hazırda FIFA-nın Üzv Assosiasiyalar Bölməsi üzrə baş icraedici vəzifəsində çalışan Elxan Məmmədovun atası Xalq rəssamı Səhlab Məmmədov Modern.az saytına müsahibə verib.

Sportal.az həmin müsahibəni ixtisarla diqqətinizə çatdırır:

- Futbolla aranız necədir? Boş vaxtlarınzda baxırsınızmı?

- Tək futbola yox, voleybola, digər idman yarışlarına da baxıram. Çünki idman yarışları insanı sakitləşdirir. Hələ institutda oxuyandan gedib futbola baxırdım.

- Oğlunuz Elxan Məmmədov bir müddət AFFA-nın baş katibi olub. Onun dövründə millimizin oyunu və ümumən Azərbaycan futbolunun vəziyyəti çox ciddi tənqid olunurdu. Deyirsiniz ki, idman insanı sakitləşir, amma insanlar milli komandanın oyununa baxanda nəinki sakitləşir, daha da əsəbiləşirdi. Siz futbolsevər kimi oğlunuzu buna görə tənqid etmisiniz?

- Oğlumun nəyini tənqid edim? Biri var, o işin içində olasan, biri də var kənarda oturub izləyici kimi baxasan. Futbolun da bir strukturu var, onu da bu sahənin adamları bilir. Ona görə də gərək işin içində olasan ki, onu tənqid edəsən, təkliflər verəsən.

- Elxan Məmmədov bu sahənin adamı idi?

- Özü futbolu sevirdi, amma bu sahənin adamı deyildi. Elxan idarəçiliyi bitirmişdi.

- Oğlunuzun rəhbərlik dövrünü nə qədər uğurlu hesab edirsiniz? Hazırkı rəhbərliklə bağlı nə düşünürsünüz?

- Mən ona qiymət verə bilmirəm…

- Elxan Məmməov indi nə işlə məşğuldur?

- Elxana bir neçə təklif olub, hətta rəsmi şəkildə FIFA-ya dəvət etdilər. 2 il Parisdə FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsini yerinə yetirdi. Uğurlarına görə, 2024-cü ilin noyabrından daha geniş səlahiyyətlərlə “Chief Member Associations Officer” FIFA-nın Üzv Assosiasiyalar Bölməsi üzrə baş icraedici vəzifəsini icra edir. Bu rolda o, FIFA-nın 211 üzv milli assosiasiyasına dəstək və inkişaf proqramlarının həyata keçirilməsinə rəhbərlik edir və eyni zamanda Avropa üzrə direktor funksiyalarını da yerinə yetirir.

- Demək ki, millimizin uğursuzluğu onunla bağlı deyil…

- Mən ata kimi düşünürəm ki, o zəif işləsəydi, vəzifəsini sonradan bu qədər yüksəltməzdilər. Millimiz də öz üzərində işləyir. Çətindir bu proseslər. Biz də heykəltaraş olaraq dünyaya çıxmaq üçün çox əziyyət çəkirik. Biz balaca ölkəyik, yavaş-yavaş inkişaf edirik. Mən “Qarabağ”ın oyunlarına da baxıram. Bu gün qol vurur, hamı sevinir. Sabah uduzanda hamı tənqdi edir. Bu həyatdır, biz də insanıq.

Xəbər xətti