"Qurban Qurbanov bu klubda olduğum 5 il ərzində mənim üçün peşəkar səviyyədə yetişməyimdən ötrü çalışıb"

17:00 - 4 Aprel 2015

Aqolli: "Onlar bizə öz övladları kimi qayğı göstərirlər"
 
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli şərəfini qoruduğu Albaniya millisinin heyətində "Avro-2016"nın seçmə mərhələsində Ermənistan üzərində qazandıqları qələbə (2:1) haqda danışıb.
 
Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu ölkəsinin mətbuatına müsahibəsində qələbədən sonra Azərbaycandan çoxlu təbrik aldığını deyib.
 
O, Bakıya qayıtdıqda Heydər Əliyev Beynəlxalq Hava Limanında pasportuna möhür vuran polisdən tutmuş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və komanda yoldaşlarına qədər hər kəsin onu alqışladığını bildirib:
 
"Mənə dedilər ki, bir çox insan oyuna barlarda baxıb və bizə azarkeşlik edib. Məlumdur ki, Azərbaycan və Ermənistan 1991-ci ildən münaqişə vəziyyətindədir. Bu, ermənilərin Azərbaycan ərazisinə soxulmasından sonra baş verib. Mənim oynadığım klub da həmin ərazini təmsil edir. O ərazidən 1 milyon insan qovularaq, Bakı və digər şəhərlərdə məskunlaşıb. Əslində bu, ermənilər tərəfindən törədilmiş bir soyqırımdı və böyük münaqişədir". 
 
Aqolli Ermənistan üzərində qazandıqları qələbə qarşılığında "Qarabağ"dan aldığı mükafata da toxunub: "Mən və albaniyalı komanda yoldaşım Admir Teli "Qarabağ"da özümüzü evdəki kimi hiss etmişik. Onlar bizə öz övladları kimi qayğı göstərirlər. Ona görə də bu insanlara o qədər borcluyuq. İki il öncə Tiranada yoldaşlıq görüşündə Ermənistanı 2:0 hesabı ilə məğlub edərkən, Teli ilə birgə öz məşqçimizdən mükafat almışdıq. Bu dəfə də qələbə qazanacağımıza söz verdik. Çünki Qurban Qurbanov bu klubda olduğum 5 il ərzində mənim üçün peşəkar səviyyədə yetişməyimdən ötrü çalışıb. 
 
Ermənistan üzərində son qələbəmizdən sonra da çox yaxşı hədiyyə aldıq. Bu, bizə necə dəyər verildiyini göstərir. Mən isə qələbəmizi Bakıda və ondan kənarda yaşayan 1 milyon qaçqınla paylaşmaq istərdim. Onların taleyi müharibə vaxtı kosovolu albanlara oxşayır. Ümidvaram ki, gözəl günlərin birində mən öz ölkəmə qayıdacağam və klubum da öz əcdadlarının uyuduğu doğma şəhərinə qayıdacaq".
 
Qeyd edək ki, Aqolli sonda "Qarabağ"ın cari mövsüm Avropa Liqasının qrup mərhələsində layiqincə çıxış etdiyini və İtaliya "İnter"i ilə oyunun son dəqiqələrində vurduqları qolun hesaba alınmaması səbəbindən turnirdə mübarizəni dayandırdıqlarını xatırladıb. 

Xəbər xətti