Rəşad Sadıqov: "Nə etmək olar?"

00:48 - 10 Aprel 2015

"Heç kim elə belə təslim olmur"
 
"Gözlədiyimiz kimi, ağır oyun oldu. Çempionatın sonu olduğu üçün, hamı meydana qələbə qazanmaq üçün çıxır. Heç kim elə belə təslim olmur. Vacib 3 xal qazandıq".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov bildirib. O, qarşılaşmadakı hakim idarəçiliyi barədə danışmaq istəməyib:
 
"Hakimlik haqda heç vaxt danışmamışıq. Meydanda hansısa epizoda etiraz edə bilərik, ancaq hirsimiz soyuyanda etiraz etmirik".
 
İlk hissənin sonunda zədələnən kapitan zədəsi haqda da məlumat verib
 
"İsinmə hərəkətləri yerinə yetirən zaman ağrılar hiss etdim. Fasilədə ağrılarım artdı, həkim icazə vermədi. Zədənin nə qədər ciddi olduğu hələ bilinmir".

Sadıqov ev oyunlarını müxtəlif stadionlarda keçirməklərinə və qarşıdakı oyunlar haqda da fikir bildirib:
 
"Bundan əvvəlki mövsümdə belə bir problem yaşamışdıq. Amma nə etmək olar? Demək olar ki, bütün oyunları səfərdə oynayırıq. Hətta "Neftçi" ilə ev oyunumuz bizim üçün səfərdə olacaq. Qarşıda 7 ağır çempionat oyunumuz var.  1 həftədə 3 dəfə "Simurq"la qarşılaşacağıq. Bu rəqiblə oyunlarımız hər zaman ağır olub. Biri-birindən çətin oyunlar olacaq, ağır mövsüm sonu gözləyir".

Xəbər xətti