"Finalda "Neftçi" ilə qarşılaşacağımıza ona görə sevinirik ki..."
Məlum olduğu kimi, Azərbaycan Kubokunun həlledici matçında "Qarabağ" "Neftçi"ylə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, "Simurq"la keçən ağır yarımfinal matçından sonra "Qarabağ"ın direktoru Əmrah Çəlikəl həm bu matç, həm də baş tutacaq final görüşü haqqında öz fikirlərini bölüşüb.
"Əlbəttə ki, finala çıxmaq çox xoş hissdir. Düzdür, komandamız "Simurq"la ağır bir oyun keçirdi. Ancaq əsas odur ki, iki oyunun nəticəsində finala yüksəldik. Həlledici görüşdə rəqibimiz "Neftçi" olacaq. Bu da finala əlavə rəng qatacaq. "Neftçi" ilə qarşılaşacağımız üçün sevinirik. Finalda da komandamız əlindən gələnin ən yaxşısını etməyə çalışacaq. Finalda "Neftçi" ilə qarşılaşacağımıza ona görə sevinirik ki, rəqibimiz köklü klubdur. Yəni "Qarabağ"a layiqli rəqibdir. Məncə, final qarşılaşması gözəl futbol bayramı olacaq. Bizim hər zaman "Neftçi" ilə gözəl münasibətlərimiz olub. Həm yaxşı rəqib, həm də dost olmuşuq. Məncə, onlar üçün də rəqibin önəmi yoxdur. Hər iki komandanın məqsədi kuboku qazanmaqdır. Daha çox istəkli olan komanda kuboku qazanacaq. Sevindirici haldır ki, finalı bölgəmizdə oynayacağıq. PFL-in bu addımını düzgün qiymətləndiririk. Bu barədə bizə müraciət etmədilər. Heç buna ehtiyac da yoxdur. İstənilən yerdə oynamaq bizim borcumuzdur və buna hazırıq. Qəbələdə hər bir şərait var. Qəbələlilər gözəl bir oyuna şahidlik edəcəklər. Final matçı üçün də planlarımız var. Qəbələyə getmək istəyən hər bir azarkeşimizi ora aparmağa çalışacağıq".
saytlarin hazirlanmasi