"Qarabağ" Avstriyada birinci oldu

00:06 - 24 May 2015

Futbol turniri keçirilib
 
Mayın 23-də Vyanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən futbol turniri keçirilib.
 
Sportal.az AzərTAC-a istinadən xəbər verir ki, turnir Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycan Akademik Birliyi və Vyanada təsis edilən “Qarabağ” futbol klubunun təşkilatçılığı, SOCAR-ın Avstriyadakı nümayəndəliyinin dəstəyi ilə baş tutub.
 
Tədbirdə Vyanada akkreditə olunan diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrdən burada təhsil alan gənclər, Avstriyada yaşayan soydaşlarımız, idmansevərlər iştirak ediblər.
 
Əvvəlcə mayın 19-da Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, bu ölkədəki “Qarabağ” futbol klubunun prezidenti Orxan Vəliyev, vitse-prezidenti, Avstriya Kanu Federasiyasının vitse-prezidenti Manfred Modli, Vyana Şəhər Futbol Federasiyasının prezidenti Robert Sedlaçek tədbirin açılışında çıxış ediblər.
 
Qalib İsrafilov Azərbaycan tarixində müstəsna yeri olan müdrik şəxsiyyət, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Diplomat Ulu Öndərin gənclər və idman sahələrinə göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. O, bildirib ki, yaxın həftələrdə Bakının ev sahibliyi edəcəyi ilk Avropa Oyunları bu uğurlu siyasətin və görülən işlərin bariz nümunəsidir.
 
Bütün dünyanın və Avropanın diqqətinin Oyunlara yönələcəyini qeyd edən səfir Azərbaycanın bu idman tədbiri ilə qitənin idman həyatında mühüm uğura imza atacağını vurğulayıb. Q.İsrafilov bildirib ki, Avstriyada yaşayan həmvətənlərimiz də Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğıdan ruhlanaraq bir müddət əvvəl ölkəmizin dilbər guşəsi olan Qarabağın adını daşıyan idman klubunu təsis ediblər. Artıq neçə ildir Vyanada ümummilli Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri təşkil edilir.
 
Digər çıxış edənlər ənənə halını almış bu turnirin Avstriyadakı müxtəlif xalqların nümayəndələrinin bir araya gəlməsində, gənclər arasında idmana marağın artmasında, multikulturalizm, inteqrasiya və xalqlar arasında anlaşmanın inkişafında müstəsna rola malik olduğunu qeyd ediblər.
 
Altı komandanın mübarizə apardığı turnirin finalında “Qarabağ” 1:0 hesabı ilə “MSV 81” komandasına qalib gələrək turnirin qalibi olub.
 
Turnir iştirakçılarına medallar və kubok təqdim edilib.

Xəbər xətti