"Rudar"ın baş məşqçisi: "Biz oyun sistemimizi dəyişməyəcəyik"

11:47 - 22 İyul 2015

"Eyforiyaya qapılmamalıyıq"

 

"Rudar"ın baş məşqçisi Mirko Mariç bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la cavab oyunöncəsi keçiriləcək mətbuat konfransında maraqı fikirlər səsləndirib.

 

Sportal.az xəbər verir ki, Mariç bunları qeyd edib:

 

"Bakıda heç-heçə etməklə çoxlarını təəccübləndirdik. "Qarabağ" kimi rəqiblə ilk görüşdə 0:0 bərabərə qalmaq əla nəticədir. Heç-heçəyə baxmayaraq, "Qarabağ" yenə cütün favoritidir. İlk oyunda hesab açılmadığından bu görüşdə qol vurmalıyıq. "Qarabağ"ın ardıcıl ikinci görüşdə də qol vurmayacağını gözləmək çətindir. Biz oyun sistemimizi dəyişməyəcəyik. Ancaq rəqib qapısı ağzında daha cəsarətli və dəqiq oynamalıyıq. Öz qapımızda təhlükə yaranmaması üçün topu rəqibə verməməyə çalışacağıq. 


Azərbaycan çempionuna qarşı ağıllı və səbirli oynamalıyıq. Erkən qol buraxsaq, işimiz çətinləşəcək. Çünki bundan sonra açıq futbol oynamağa məcbur olacağıq. Üzərimizdə hər hansı təzyiq yoxdur. Üzərində təzyiq olacaq yeganə komanda "Qarabağ"dır. Bununla belə, biz də eyforiyaya qapılmamalıyıq".

Xəbər xətti