"Qarabağ"dan bilet satışı ilə bağlı yenilik

11:05 - 28 Sentyabr 2015

Satıcılar xanımlar olacaq

 

"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsinin II turunda Belçika "Anderlext"i ilə keçirəcəyi oyunla bağlı bilet satışında bir sıra yeniliklərə əl atıb.
 
Sportal.az xəbər verir ki, bu barədə "Report"a klubun baş meneceri Asif Əsgərov bildirib.
Onun sözlərinə görə, əsas dəyişiklik kassalarda bilet satışını oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun deyil, klubun öz əməkdaşları tərəfindən aparılması ilə bağlıdır. Satıcılar isə xanımlar olacaq. Klub bu addımı "qara bazar"la mübarizə məqsədilə atıb.

Belçika təmsilçisi ilə oyunun biletləri günorta saatlarınadək satışa çıxarılacaq. Əvvəlki oyunlarla müqayisədə ən ucuz biletin qiyməti 1 manatdan 2 manata qalxıb. A.Əsgərov ikiqat artımın alıcılıq qabiliyyətinə təsir etməyəcəyinə ümidvar olduğunu bildirib: "Bu dəfə belə qərar verdik ki, ən ucuz biletin qiymətində dəyişiklik edək. 2 manatlıq biletlərin sayını da artırmışıq. Hər halda "Qarabağ"a dəstək vermək, komandanın uğurunu görmək istəyənlər bilet alıb stadiona gələcəklər".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Qarabağ" - "Anderlext" matçı saat 22:00-da start götürəcək. Biletlərin qiyməti sektorlar üzrə 2,3,5,8,10, 15 və 20 manatdır. VİP sektora biletin dəyəri isə 50 manatdır.

Xəbər xətti