Bütün rəqibləri qalib gəldi
Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” klubunun qrup mərhələsindəki rəqibləri bu tur əldə etdikləri qələbələrlə azarkeşlərini sevindiriblər.
Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri – “Tottenhem”, “Anderlext” və “Monako” bu həftə qalib gəliblər.
“Monako” Fransa 1-ci Liqasının 11-ci turunda “Reyms”in qonağı olub. Bernardo Silvanın yeganə qolu ilə 3 xal qazanan knyazlıq klubu ümumi xalını 17-yə çatdırıb və 8-ci pilləyə yüksəlib.
“Qarabağ”ın digər rəqibi “Tottenhem” Premyer Liqanın 10-cu turu çərçivəsində debütant “Börnmut”un qonağı olub. London təmsilçisi rəqibini 1:5 hesabı ilə darmadağın edib. Met Riki ilə hesabı açan meydan sahibləri daha sonra 5 dəfə meydanın mərkəzinə dəvət olunub. “Tottenhem”in heyətin Hari Keyn het-trik edib. Digər qolları isə Erik Lamela və Musa Dembele vurublar. "Tottenhem" qazandığı qələbə ilə xallarının sayını 18-ə çatdırıb və turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.
“Qarabağ”ın Bakıda 1:0 hesabı ilə məğlub etdiyi “Anderlext” isə doğma meydanında “Brügge”ni qəbul edib və 3:1 hesabı ilə qələbə qazanıb. Meydan sahiblərinin heyətində Stefan Okaka, Denis Praet və İmoh Ezekil fərqlənib. Abdulaye Diabinin qolu isə “Brügge” üçün təsəllidən başqa bir şey olmayıb. Bu nəticədən sonra “Anderlext” 12 turdan sonra 25 xal toplayıb və Belçika çempionatına başçılıq edir.
“Qarabağ” isə bu tur Premyer Liqda “Sumqayıt”ın qonağı olub. “Atlılar” Mirzağa Hüseynpurun vurduğu qolla “Sumqayıt”a məğlub olub. Bu nəticədən sonra “Qarabağ” liderliyi “Qəbələ”yə təhvil verib. 20 xalı olan “Qəbələ” turnir cədvəlində 20 xalı olan “Qarabağ”ı top fəqrinə görə qabaqlayır.
saytlarin hazirlanmasi