Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XXII YAZI
İdman bəşəri problemlərin çözümünün ən mühüm vasitələrindən biridir
XX əsrin sonundan etibarən, bəşəriyyət mövcudluğunu sual altına alan problemlər kompleksi ilə üzləşməyə başlayıb. Xalqlar və onların daxilində artan bərabərsizlik, yoxsulluq, xəstəlik, savadsızlıq, ətraf mühitin çirklənməsinin geniş vüsət alması, qəddarlığın və zorakılığın sürətlə yayılması, ekstremizmin müxtəlif formaları olan aqressiv millətçiliyin, terrorizmin, totalitar təriqətlərin tərəfdarlarının çoxalması, separatizm meyllərinin artması mənəvi deqradasiyanın da genişlənməsi ilə müşahidə edilib.
Bunlara paralel olaraq narkomaniya, şəxsiyyətin özgələşdirilməsi və marginallaşmasının kəskin təzahürləri sosial-mədəni, mənəvi, əxlaqi, ekoloji böhranla müşayiət edilməkdədir. Bu vəziyyətdə, bütün sosial institutlar qarşısında duran əsas məsələ davamlı inkişaf dəyərlərinə və sülh mədəniyyətinə töhfə verməkdir. İdman bu baxımdan indi bütün bəşəriyyət üçün müstəsna rol oyanyır. Çünki idman mənəvi deqradasiyanın qarşısını alan ən vacib social fenomenlərdən biri kimi özünü təsdiq edib. Hal-hazırda idman müasir cəmiyyətin, modern mədəniyyətin demək olar ki, bütün sahələrinə güclü təsir göstərən sosial sistem, sosial institut və ictimai hərəkat kimi çıxış edir. Onun gənc nəslin sosiallaşması və tərbiyəsində, həyat tərzinin formalaşmasında rolu getdikcə daha çox əhəmiyyət kəsb edir. Lakin buna baxmayaraq, aşağıdakı suallar da aktuallığını qoruyur: idmanın dünya mədəniyyəti ilə bağlı olan sülh, dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, tolerantlıq, qeyri-zorakılıq və digər bu kimi fundamental humanist dəyərlərin həyata keçirilməsinə daha çox töhfə verə bilməsi üçün daha hansı addımlar atılmalıdır? Eləcə də mədəni dəyərləri dərk etməyə, onların formalaşmasına və inkişafına töhfə verməyə qadir olan idmanı daha çox təbliğ etmək üçün hansı yeni konsepsiya təqdim edilməlidir? İctimai münasibətlər sistemində idman sülhməramlı funksiyanı yerinə yetirməyə qadir olması fonunda ondan hansı formalarda istifadə edilməlidir? Bu suallar Azərbaycan da daxil olmaqla bütün dünya ölkələri üçün aktuallığını qoruyur.
İdmanın sosial münasibətlərdə sülhyaratma funksiyasını yerinə yetirə bilməsi onun təkmil davranış nümunələrinin formalaşmasına təkan verən fenomen kimi özünü göstərməsindədir. Belə ki, idman qarşılıqlı əlaqəni təşviq etmək, sosial əlaqələri gücləndirmək, mədəniyyətlərarası maneələri aradan qaldırmaq kimi xüsusiyyətlərə malikdir.
Yer üzündə sülhün qorunmasında idmanın təşviqi funksiyası insanlar arasında “sosial məsafənin” azaldılması, onların bir-birindən təcrid olunmasının qarşısının alınmasında formasında özünü göstərər, təsirli amil kimi çıxış edir. Müasir olimpiya hərəkatının banisi Kubertinin bu məsələ ilə bağlı məşhur bir sözü var: “Xalqlardan bir-birini sevmələrini tələb etmək, bir-birinə hörmət tələb etmək heç bir halda utopiya deyil: bir-birinizə hörmət etmək üçün əvvəlcə bir-birinizi tanımalısınız. Və müxtəlif xalqların bir-birini tanıması üçün onlar bir-biri ilə görüşməli və partnyorun mədəni xüsusiyyətlərini, davranış tərzindəki fərqləri və sairi qismən də olsa görməyi öyrənməlidirlər. Yalnız bu şəkildə hər şeyə və hər kəsə öz mədəniyyətinin, vətəninin monoxromatik eynəyindən baxanda şişirdilmiş etnosentrizmdən qaçmaq mümkündür. Və bu baxımdan idmanın potensialı çox böyükdür, çünki o, belə görüşlərin təşkilinə mühüm töhfə verə bilər, görüşün institutu kimi çıxış edir. İdman idmançıların hansı ölkədə və ya regionda yaşamasından asılı olmayaraq əldə etdikləri nəticələri daim üstələmək və onları başqalarının nailiyyətləri ilə müqayisə etmək istəyini nəzərdə tutur. Buna görə də idman, hər bir mədəni fəaliyyət kimi, beynəlxalq əlaqələr də daxil olmaqla, təmaslara və əlaqələrə ehtiyac duyur. Və onlar beynəlxalq münasibətlərdə mühüm sülhməramlı rol oynayırlar”. Bu fikirlər indi də aktuallığını qoruyur.
Faktdır ki, beynəlxalq idman təmasları təkcə idmançıların, məşqçilərin, azarkeşlərin və digərlərinin birbaşa görüşləri deyil, həm də bu görüşlərlə bağlı mediada mesajlar, müxtəlif idman qurumlarının qarşılıqlı əməkdaşlığıdır. Bu təmaslar humanitar əməkdaşlığın mühüm tərkib hissəsidir. Belə ki, həmin təmaslarla formalaşan uzunmüddətli ikitərəfli və çoxtərəfli sazişlər sistemi beynəlxalq idman əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Bu da idman sahəsində beynəlxalq inteqrasiya prosesini idarəolunan hala gətirməyə kömək edir. Qeyd edilən sistem müxtəlif əlaqələr formalarını nəzərdə tutur. Bunlar aşağıdaklardır: ikitərəfli və beynəlxalq yarışlarda iştirak etmək üçün idman nümayəndə heyətlərinin və ayrı-ayrı idmançıların mübadiləsi; müxtəlif idman növləri üzrə birgə təlim-məşq toplanışlarının keçirilməsi; idman elmi, tibb, idman sənayesi sahəsində məşqçilərin, mütəxəssislərin mübadiləsi; idmançıların bacarıqlarının, məşqçilərin ixtisaslarının artırılması və nailiyyətlərin mübadiləsi, idmanın müxtəlif sahələri üzrə tədqiqatların aparılması məqsədi ilə keçirilən seminar və konfranslarda iştirak; idman qurğularının tikintisi və idman avadanlıqlarının istehsalı sahəsində işlərin təşkili üzrə sənədləşmə və təcrübə mübadiləsi; idman hərəkatı ilə tanış olmaq, idman mübadilə proqramlarını əlaqələndirmək, beynəlxalq idman hərəkatının aktual məsələləri üzrə məsləhətləşmələr aparmaq üçün idman təşkilatları rəhbərlərinin nümayəndə heyətlərinin mübadiləsi. Bütün bunlar bəşəri sülhün təbliğində idmanın əvəzsiz rol oynadığını bir daha sübut edir.
Mirbağırağa Cəfərli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi