Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XXV YAZI
Dinamik inkişaf yolunda irəliləyən hər bir cəmiyyətdə idman amili müstəsna rol oynayır və bunu sübut edən nümunələr günümüzdə kifayət qədərdir. Təbii ki, idmanın belə əhəmiyyətli rolu təsadüfi xarakter daşımır. Çünki idman ən yüksək nəticələr əldə etməyə yönəlmiş rəqabətli fəaliyyət olmaqla yanaşı, həm də insanın mənəvi tələbatını ödəmək, onu bu müstəvidə inkişaf etdirmək vasitəsi kimi çıxış edir. Bədii gimnastikanın yaranma tarixi bunun ən real təsdiqidir. Bədii gimnastika incəsənət və idmanın harmonik birləşməsidir.
Sevindirici haldır ki, bədii gimnastika Azərbaycanda da sürətlə inkişaf edir. Dünya çempionatının xalçasına çıxan dövlətin nümayəndələri arasında Azərbaycanın da nümayəndələrinin olması ilə hamımız fəxr edirik. Digər tərəfdən Azərbaycan bu idman növü üzrə heç də digərlərindən geri qalmır. Bunun real təsdiqini Portuqaliyanın Quimareş şəhərində “TeamGym” üzrə Avropa çempionatının nəticələrində də görmək olar. Xatırladaq ki, həmin yarışda ölkəmizi Ağamurad Qəhrəmanov, Tofiq Əliyev, Adil Hacızadə, Rəsul Əhmədzadə, Elnur Məmmədov, Ramin Dəmirov, Anar Həsənov və Mənsum Səfərov təmsil ediblər. Ölkəmiz üçün yeni olan gimnastika növünün nümayəndələri finalda çıxış edərək, həlledici mərhələdə 5-ci yerdə qərarlaşıblar. Daha bir maraqlı məqam odur ki, Azərbaycan Gimnastika Federasiyası 2018-ci ilin əvvəlində “TeamGym” növünü öz fəaliyyətinə daxil etməyə qərar verib. Amma qısa müddətə baxmayaraq, Azərbaycan bu idman növü üzrə də mühüm nailiyyətlərə imza atmağı bacarıb. Bundan əvvəl isə Polşanın Zabrze şəhərində qadın idman gimnastikası üzrə “Barborka Cup 2021” adlı beynəlxalq turnir keçirilib. Gənclər arasında iştirak edən təmsilçimiz Nazənin Teymurovanın çıxışı uğurlu olub. O, çoxnövçülükdə hakimlərdən 48.665 xal alaraq, fəxri kürsünün birinci pilləsində qərarlaşıb. Bütün bunlar həm də Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu idman növünə yüksək qayğısının bariz nümunəsidir. Yeri gəlmişkən qeyd edək ki, məhz birinci xanım Mehriban Əliyevanın təşəbbüsü əsasında Milli Gimnastika Arenasının yeni məşq binasında ən yüksək şərait yaradılıb. O, Prezident İlham Əliyevlə birlikdə cari ilin oktyabr ayında burada yaradılan şəraitlə şəxsən tanış olub.
Qeyd edək ki, Milli Gimnastika Arenasının yeni məşq binasının tikintisi ötən ilin sentyabrında başa çatdırılıb. Burada kişi və qadın idman gimnastikası, bədii gimnastika, batut gimnastikası, ümumilikdə gimnastikanın 7 növü üzrə məşqlər keçirilir. Milli Gimnastika Arenasının yeni məşq binasında təlim-məşq toplantıları təşkil etmək, gimnastikanın müxtəlif növləri üzrə təlim keçmək və beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. Bunlar həm də Azərbaycanın dünyanın nüfuzlu idman ölkəsinə çevrilməsi siyasətinin uğurla həyata keçrilməsinin faktiki təzahürüdür.
Hazırda bir idman növü kimi gimnastikanın Azərbaycanda inkişafı yeni böyük perspektivlər vəd edir. Təsadüfi deyil ki, ölkəmizdə gimnastika ən populyar idman və bədən tərbiyəsi növlərindən biridir. Məlumdur ki, gimnastikanın idman növlərinə aşağıdakılar daxildir: idman, bədii, akrobatik, estetik, komanda, aerobik gimnastika. Amma bundan başqa gimnastikanın bir sıra qeyri-rəsmi hesab edilən növləri də mövcuddur və onlar insanların fiziki, mənəvi inkişafında mühüm önəm kəsb edir. Bunlardan biri istirahət gimnastikasıdır. O, səhər məşqləri, bədən tərbiyəsi, təhsil müəssisələrində və iş yerində bədən tərbiyəsi şəklində gündəlik rejimdə məşqlərin həyata keçirilməsini təmin edir. Bundan başqa sağlamlaşdırıcı gimnastika da var ki, o, özü də bir neçə növə bölünür. Onlardan birincisi gigiyenik gimnastikadır. Bu növ sağlamlığı qorumaq və möhkəmləndirmək, fiziki və əqli performansı, sosial aktivliyi yüksək səviyyədə saxlamaq üçün istifadə olunur. Digər növ olan ritmik gimnastika bir növ sağlamlaşdırıcı gimnastikadır. Musiqili müşayiət ritmik gimnastikanın mühüm elementidir. Ritmik gimnastika fransalı Emil Jak-Dalkroze tərəfindən yaradılıb, o, musiqi və ritmik təhsil sistemidir. Metod ritm issini, başqa sözlə, ən mürəkkəb hərəkətlərdə avtomatizmə nail olmağa kömək edən insanın sinir və əzələ fəaliyyəti arasında koordinasiyanın inkişafından ibarətdir. Dalkroze sistemi diqqət və yaddaşın inkişafına və həyata keçirilməsinə kömək edir. Ritmik gimnastika yüksək təsirli, emosional formadır. Onun məzmunu sadə ümumi inkişaf etdirici məşqlərə əsaslanır və məşq etmək üçün xüsusi avadanlıq tələb etmir. Ritmik gimnastikanın effektivliyi onun insan orqanizminin dayaq-hərəkət sisteminə, ürək-damar, tənəffüs və sinir sistemlərinə çoxtərəfli təsirindədir. Dərslərin emosionallığı təkcə ritmik gimnastika məşğələləri komplekslərinə daxil olan musiqi müşayiəti və rəqs elementləri ilə deyil, həm də məktəbəqədər və kiçik yaşlı şagirdlərin yaş xüsusiyyətlərinə cavab verən obrazlı, süjetli kompozisiyalar, habelə onların hərəkətlərini əlaqələndirmək istəyi ilə izah olunur.
Bütün bunlar gimnastikanın inkişaf etdirilməsinin nə dərəcədə vacib olmasını dəqiq nümayiş etdirir. İndi bu fonda Azərbaycanın hər yerində müasir idman infrastrukturunun yaradılmasına, yeni-yeni idman obyektlərinin tikilib istifadəyə verilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmanın bütün növlərinin, o cümlədən də gimnastikanın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti də aydın olur. Azərbaycan gimnastlarının və ümumilikdə Gimnastika Federasiyasının əldə etdiyi böyük uğurlar Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olub. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün inkişaf mərhələsi başlayıb, gimnastika ilə məşğul olan idmançıların beynəlxalq yarışlarda qazandığı uğurlarının sayı artıb. Bu idman növü Azərbaycanın dünyada tanınmasında getdikcə daha mühüm rol oynamağa başlayıb.
Mirbağırağa Cəfərli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi