Medianın İnkişafı Agentliyinin layihəsi
YAZI XIX
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaq və gənclərin inkişafı prosesində önəm kəsb eləyən məsələlərdən biri də bu sahədə savadlı mütəxəssislərin çalışmasıdır. Növbəti həmsöhbətimiz də məşqçiliyə yeni başlayan tanınmış futbolçumuz Rail Məlikovdur.
Məlikov hələ “Sumqayıt” klubunda oynadığı vaxtlarda məşqçilik barədə düşünməyə başlamışdı: “2018-ci ildə məşqçilik kateqoriyası almalı idim, adımı da kurslara yazmışdılar. Klubun prezidenti Riad Rəfiyev və idman direktoru Zamiq Hüseynov da oxumağı istəyirdilər. Lakin iş elə gətirdi ki, kursların vaxtı “Sumqayıt”ın Bolu şəhərindəki toplanışına dəng gəldi və məşqçimiz toplanışı tərk etməyimə razılıq vermədi. Ona görə də, 3 il geri düşdüm. Bu illər ərzində A kateqoriyasını da ala bilərdim...
“Keşlə”də olarkən B kateqoriyasını aldım və bundan 2 həftə sonra klubda məşqçi dəyişikliyi oldu. Buna qədər əsas komandada baş məşqçinin köməkçisi kimi çalışırdım. Dəyişiklik olandan sonra məni əvəzedici komandanın baş məşqçisi postuna təyin etdilər. Buna görə rəhbərliyə minnətdarlığımı bildirirəm. Çünki hardansa başlamalı idim. Bu da mənim üçün çox böyük fürsət idi. Futbolun içində olmağıma baxmayaraq, baş məşqçi təyin olunanda mənə bir az çətin gəldi. Amma vaxt keçdikcə, komanda ilə işlədikcə insan özünü güvənli hiss edir, iş rahat gəlir. Hər gün məşqə getməyə can atıram, istəyirəm ki, komanda ilə birlikdə olum. Komanda ilə işləmək loru dildə desək, adamın özünə ləzzət edir. Bildiklərimi futbolçulara çatdırıram, öyrənmək istədiklərimi komandadan alıram. Baş məşqçi təyin olunandan sonra üç oyun oynamışıq. İlk matçda səfərdə "Turan Tovuz"a məğlub olduq. Hələ yeni idim, futbolçularla uyğunlaşmaq üçün vaxtımız az idi. İkinci oyunda istədiyim şeyləri futbolçulardan aldım və onun nəticəsində 5:0 hesablı qələbə qazandıq. Baş məşqçi olmaq, idarə etmək ağırdır. Düzdür, I Divizionda məşqçiliyə başlamaq mənim üçün bir addımdır, parktikadır. Məşqçiliyə başlayan hər bir futbolçunun arzusudur ki, ikinci komandadan başlasın. Çünki, əvəzedici komanda aşağı yaş qrupları müqayisədə peşəkar futboldur. Ona görə də peşəkar komanda ilə məşqçiliyə başlamaq özü adama əlavə bir stimuldur. Bu, gələcək üçün bir məktəbdir. İlk vaxtlar məşqçilik çətin gələ bilərdi, amma indi daha rahatam. Köməkçi məşqçilərim mənə kömək edirlər, onlarla da yaxşı çalışırıq. Komandam yaxşıdır. Mövsümün bitməsinə bir tur qalıb. İstəyirəm ki, bu oyunu da qələbə ilə başa vurub, mövsümü ikinci pillədə bitirək. Çempionatı mükafatçılar sırasında başa vurmaq mənim üçün daha da yaxşı olardı. Hər məqşçidən az da olsa, nəsə götürmüşəm. Məşqçilikdə ən önəmli şey futbolçularla dil tapmaq, komandanı düzgün şəkildə idarə etməkdir. Tez bir zamanda A kateqoriyası kursuna qoşulmaq istəyirəm. Çünki, mənim öz komandam var, baş məşqçiyəm. B kateqoriyası kursunda çox şey öyrəndik. Məşqçilikdə çox əziyyət çəkməməyimin səbəbi odur ki, kursda düzgün şəkildə informasiyalar əldə etdik. Oradakı bütün təlimçilərə təşəkkür edirəm, çox əziyyət çəkdilər. Əlbəttə ki. A kateqoriyası kursunda daha çox biliklər qazana bilərəm. Məşqçilikdə praktika vacibdir. İstəyərdim ki, Almaniyada praktika keçim. Hər şey insanın özündən asıldır. Əsas odur ki, tənbəllik olmasın. Qarşına qoyduğun hədəfə çatmaq üçün əziyyət çəkməlisən. İstədiyim nailiyyətləri əldə etmək üçün çalışacağam”.
Məlikov hamımızı qayğılandıran məsələyə barədə bunları dedi: “Uşaq futbolu bizim yaralı yerimizdir. B kateqoriyasını oxuyarkən "Şamaxı"nın U-14 komandası ilə çalışdım. Orada çox istedadlı uşaqlar var. U-14 komandasında çalışdığım zaman gördüm ki, gələcək vəd edən yaxşı futbolçular var. Bu, çox sevindirici haldır. Oyunlarda iştirak edirdim, digər klubların 14 yaşlılardan ibarət komandalarını da görürdüm. İstedadlı uşaqlar çoxdur. Onlar Azərbaycan futbolunun gələcəyi ola bilərlər. İnkişaf olması üçün uşaq futboluna daha çox maliyyə ayrılmalıdır. Futbolumuzun gələcəyinin parlaq olmasını istəyiriksə, uşaq futboluna daha ciddi fikir verməliyik. Düşünürəm ki, klublar aşağı yaş qrupları üzrə komandalarını xarici ölkələrə turnirlərə göndərməlidir. Başqa ölkələrin klubları ilə müqavilələr imzalamaq, uşaqları inkişaf etmək üçün həmin klublara göndərmək lazımdır. Bunlar futbolumuzun gələcəyinin yaxşı olması deməkdir. Uşaqlarımız xarici ölkələrin klublarında çıxış etsələr, orada uşaq futbol məktəblərində böyüsələr, gələcəkdə bizim milli komandamız öz sözünü daha yaxşı deyə bilər. Belə ideyam var ki, istedadlı uşaqları seçib, indidən onların üzərində işləyib, inkişaf etdirmək lazımdır. Uşaqlar müəyyən yaşa çatandan sonra yerlərində sayırlar. Amma Avropadakı futbolçular həmin yaşdan sonra daha da inkişaf edirlər. Biz isə yerimizdə sayırıq. Ona görə də uşaq futbolunun inkişafına daha çox diqqət ayrılmalıdır. Avropa klubları ilə əməkdaşlıq edib, uşaqları oraya göndərmək lazımdır. Bu, Azərbaycan futboluna çox böyük töhfə verə bilər”.
Rail bəy hesab edir ki, İnkişaf istəyiriksə, bütün işlər planlı şəkildə görülməlidir: “Çempionatımızın səviyyəsi qalxmalıdır. Bunun üçün ilk növbədə klubların sayı artmalıdır. Düşünürəm ki, Premyer Liqada minimum 14-16 klub olmalıdır. Futbolun inkişafı üçün sponsorlar, əməkdaşlıq edən şirkətlər lazımdır ki, bir insana çox yük düşməsin. Türkiyədə "Dənizlispor"da oynayanda gördüm ki, bir klubun neçə sponsoru var. Dənizli şəhərinin imkanlı iş adamları klubu maliyyələşdirirdilər. Məsələn biri forma işinə baxırdı, biri yol xərclərini ödəyiridi, biri futbolçuların maaşlarını ödənilməsinə kömək edirdi. Ən önəmli məqamlardan biri də budur ki, klublarda səviyyəli legionerlər çıxış etməlidir. Legionerlər bizim futbolçulardan ən azı ikiqat üstün olmalıdır ki, yerli oyunçular onlardan nəsə öyrənə bilsin. Ölkənin ən güclü komandası olan "Qarabağ"a baxsaq, bunu gərərik. Legionerlərlə yerli futbolçular elə sintez olunub ki, yerli uşaqların inkişafı göz qabağındadır. "Qarabağ"da çıxış edən yerli oyunçu digər klublarda oynayan azərbaycanlılardan çox seçilir. Bu da ondan irəli gəlir ki, klubun düzgün strategiyası var, inkişaf yolunu düzgün seçiblər. "Qarabağ"ın illərdir Azərbaycan futbolunda hegemonluq etməsinin səbəbi klubda işin düzgün qurulmasıdır. Əgər gələcəkdə klublar çoxalsa, tövsiyyə edərdim ki, "Qarabağ"da olan strategiyadan istifadə etsinlər. Yaxşı mütəxəssislərimiz var. Öz məşqçilərimizə daha çox şans verilməlidir. Məşqçiyə 3 il vaxt verilməlidir ki, öz sözünü deyə bilsin. Mən "Sumqayıt"da oynayarkən Ayxan Abbasov baş məşqçi təyin olundu. Yeni gəldiyi vaxtda 8 oyunda məğlub olmuşduq. Belə fikirlər var idi ki, Ayxan Abbasov istefa versin. Daha sonra qələbələr qazanmağa başladıq, ölkə kubokunun finalına yüksəldik. Növbəti mövsüm isə komanda bürünc medal qazandı. Demək istəyirəm ki, məşqçiyə daha çox şans verilməlidir. Əcnəbi məşqçi gətirdikdə də səviyyəli məşqçi gətirmək lazımdır. Bu, Azərbaycan futbolunun inkişafı deməkdir. Çempionatı güclü olan ölkənin milli komandası da güclü olacaq”.
Elçin Əlixan
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi