"Kuboku qazandığımız üçün yaxşı mükafat verildi" - MÜSAHİBƏ

16:20 - 12 İyun 2023

"Qəbələ"nin yarımmüdafəçisi Omar Hanni Sportal.az saytına müsahibə verib.

- "Qəbələ" ölkə kubokunun finalında "Neftçi"yə qalib gələ bildi. Həmin anlar necə yadında qaldı?

- Fikrimcə, bu oyunun daha böyük hissəsində biz yaxşı idik. Qələbəyə daha layiq olduğumuzu düşünürəm. Əslində, matçdan əvvəl şanslar bərabər idi. Matç rəqibin stadionunda keçirilsə də, hansısa üstünlük olduğunu düşünmürəm. Çünki finala qədərki görüşdə “Neftçi”ni səfərdə 2:1 hesabı ilə məğlub edə bilmişdik. Qarşılaşmadan əvvəl optimist idik. Nəticədə qalib gəlməyi bacardıq.

- Meydana sonradan daxil olsan da, “Neftçi”nin qapısına təyin edilən penaltiyə səbəbkar idin. Həmin epizodu necə şərh edərdin?

- Oyuna daxil olanda komandaya xeyir vermək fikri ilə qoşuldum. Baş məşqçi də mənə öz tapşırıqlarını vermişdi. Komandama penalti qazandırdım. Bu da mənə sevindirdi. Penaltidən yararlandıqdan sonra qalib gəldiyimizi hiss etdim.

- Kuboku qazandığınız üçün sənə də yüksək mükafat verdilər?

- Bəli, kuboku qazandığımız üçün yaxşı mükafat verildi. Nə qədər olduğunu deyə bilmərəm. Amma yaxşı mükafat idi. 

- Bu ay "Qəbələ" ilə müqavilən başa çatır. Komandada qalacaqsan?

- Doğrudur, müqaviləm başa çatıb. Amma hazırda bu məsələ ilə bağlı bir şey bilmirəm. Çünki üç təklifim var. Gözləyəcəm, 10 gündən sonra qərar verəcəm.

- İordaniya millisinin düşərgəsinə yollanmısan. Serbiya və Yamayka yığmalarına qarşı oynayacaqsan. Həmin matçlarda oynayacaqsan?

- Serbiyaya qarşı oynamayacam. Çünki ölkəmə gecikdiyim üçün viza ala bilmədim. Bu dəfə belə alındı. Təbii ki, milliyə hər matçda kömək etmək istəyərdim. 

- “Qəbələ” Konfrans Liqasında oynayacaq. Səncə, qruplara vəsiqə qazanmaq olar?

- Əlbəttə ki, bu, mümkündür. Ötən mövsüm əslində, biz buna yaxın idik. Mərhələ keçəcəkdik, amma bəxtimiz gətirmədi. Ümidvaram ki, bu dəfə istədiyimiz kimi alınacaq. 

Mirbağırağa

Xəbər xətti