"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportal.az saytına müsahibə verib. Bölgə təmsilçisinin müqavilə müddətini artırdığı 42 yaşlı mütəxəssis komandanın qarşıdakı mövsüm məqsədlərindən söz açıb.
- Uzun müddətdir ki, adınız “Neftçi” ilə hallanırdı. Bir müddət əvvəl isə Azərbaycan millisini çalışdıra biləcəyiniz haqda xəbərlər yayılmışdı. Lakin “Qəbələ” müqavilə müddətinin artırılması barədə rəsmi məlumat yaydı....
- Bu barədə mənə çox suallar olub, çox xəbərlər paylaşılıb. Cavabım isə hər zaman eyni idi ki, “Qəbələ”də işimizi davam etdiririk. Bəli, iki illik müqavilə imzaladıq. Çünki hədəflərimiz var, işimizə davam edirik.
- “Qəbələ”də gördüyünüz işlər daim pozitiv qarşılanır. Yəqin ki, bu qrafik üzrə irəliləmək, daha iddialı klublarda işləməyi planlaşdırırsınız?
- İşimizə yanaşmamız dəyişmir. Öncəki mövsümlərdə də imkanlarımız daxilində komanda olaraq bacardığımızın ən yaxşısını etməyə çalışmışıq. Növbəti mövsümdə də belə olacaq. “Qəbələ” ilə iki illik imzalamışam. Bütün fikrim bu komandaya yönəlib.
- Qarşıdakı illərdə Azərbaycanın A millisini çalışdırmaq ürəyinizdən keçir?
- Dediyim kimi, hazırda bütün diqqətim “Qəbələ”yə yönəlib. Bizi qarşıda Konfrans Liqası gözləyir. İndi ora hazırlaşırıq.
- “Qəbələ” Rafael Utziq, Ramon Maçado, Andrey Strijyakla yollarını ayırdı. Davamı gələcək?
- Müqaviləsi bitən futbolçularla danışıqlarımız davam edir. Kollektivimizi qorumağa çalışırıq. Hazırda konkret nəsə demək çətindir. Qarşıdakı günlərdə bu məsələlərə aydınlıq gələcək.
- Legionerləri komandada saxlaya bilməməyiniz yalnız maliyyə ilə bağlıdır?
- Klubumuzun sabit büdcəsi var və bu büdcə çərçivəsində komanda formalaşdırmağa çalışırıq. Maliyyə çətinliklərimiz var, bu da hamıya aydındır. Bu baxımdan optimal heyəti qorumaq, bizi gücləndirəcək yeni transferlər etməkdə çətinlik çəkirik.
- Yəqin ki, əsas problem İsnik Alimi və Ruan Renatonun komandadan ayrılması olardı? Hər halda, öz mövqelərinin aparıcı oyunçularıdır...
- Adıçəkilən futbolçularla danışıqlarımız davam edir. Onlar “Qəbələ”də gözəl mövsüm keçirdilər, bizim üçün dəyərli oyunçulardır. Ümid edirəm ki, onlar komandada qalacaqlar. İndinin özündə də, izlədiyimiz futbolçular var. Lakin tələsik transfer etmək istəmirik. Yəqin ki, komandaya həm əcnəbi, həm də yerli futbolçular cəlb edəcəyik.
- “Qəbələ” Konfrans Liqasında iştirak edəcək. Potensial rəqiblər arasında “Bazel”, “Fənərbaxça”, PAOK, “Lex”, “Beşiktaş”, “Brügge”, Rusenborq” kimi komandalar var. Hansı komanda ilə düşmək sizin üçün daha yaxşı olardı?
- Konfrans Liqasında bizi ciddi rəqiblər, çətin mübarizə gözləyir. Qarşılaşmaq ehtimalımız olan rəqiblərlə tanışıq. Hansısa komandanı fərqləndirmək istəməzdim. Əsas olan sözügedən qarşılaşmalara özümüzün nə dərəcədə hazır və komplektləşməyimizdir.
Mirbağırağa
saytlarin hazirlanmasi