"Qəbələ" Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Araz Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, bizi çətin oyun gözləyir. "Araz Naxçıvan" Premyer Liqada yeni olsa da, ilk oyun göstərdi ki, bu komandaya tam məsuliyyətlə və hörmətlə yanaşmaq lazımdır. Son iki oyunda istədiyimiz nəticəni əldə edə bilmirik. Çətinliyin olacağını biz də gözləyirdik. Amma bu qədər çətin olacağını təxmin etmirdik. Təlim-məşq toplanışında daha fərqli komanda idik. Son iki oyunda dinamika azalıb. Komandadan istədiyim tempi görə bilmirəm. Amma heç nə baş verməyib. Davam etmək lazımdır. İnanıram ki, komanda şəklində toparlanıb daha yaxşı olacağıq.
- "Omoniya" ilə ilk oyunda tam fərqli "Qəbələ" görmüşdük. Bundan sonra komandada. Nə baş verdi?
-"Sabah"la matçı yorğunluqla əlaqələndirirəm. Amma bu gün heç bir yorğunluq olmamalıdır. Psixoloji durum pisə doğru gedirsə, futbolçularıma siqnal vermək istəyirəm ki, daha da möhkəm olsunlar. İdmançı oyundan-oyuna artırmalıdır, nəinki enişə getməlidir. Bəli, Konfrans Liqasında bir hissədə 5-6 epizoda girirdik. Son iki oyunda komanda sıfır epizoda girib. Nəinki bu son iki matç, mən burada olandan "Qəbələ" hələ belə "dişsiz" olmayıb. Xarakter göstərmək önəmlidir.
- Sizə elə gəlmir ki, komandanı arxasınca aparan lider oyunçular yoxdur?
- Hər bir komandanın lideri olmalıdır. Biz də istəməzdik ki, 10 nəfər bizi tərk etsin. Amma futbolun öz reallıqları var. Lideri komanda özü seçməlidir. İnanıram ki, getdikcə lider özünü biruzə verəcək. Potensialı olan futbolçularımız var. Düzələsi çox şeylər var.
- Ülvi İsgəndərovun qırmızı vərəqə epizodunu necə şərh edərdiniz?
- Heç bir futbolçu o cür hərəkətə yol verməməlidir. Klubumuzun intizam kodeksi var. Ülvi cəzalanacaq. O da başa düşməlidir ki, komandanı belə vəziyyətdə azlıqda qoymaz olmaz.
saytlarin hazirlanmasi