Qəbələ"nin qapçısı Rəşad Əzizli "Zirə" ilə oyundan (1:0) sonra Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb.
"Qırmızı-qaralar"ın heyətində debüt edən 29 yaşlı qolkiper qarşılaşmanı dəyərləndirib:
- "Omoniya" ilə matçdan sonra özümüzə gələ bilmirdik, "qara zolaq" idik. Komandada eyni futbolçular idi. Sadəcə oyun alınmırdı. Bəlkə də "Omoniya"ya məğlubiyyətin təsiri idi ki, uğursuzluq oldu, sanki həvəsdən düşmüşdük. Amma toparlana bildik. Qabaqda çox oyun var. Hazırlığım yavaş-yavaş gedirdi. Baş məşqçimiz Elmar Baxşıyev də gözləyirdi ki, tam formamı bərpa edim. Əlavə məşqlər edirdim ki, formam tam bərpa olsun. Baş məşqçi şans verdi, mən də dəyərləndirdim.
- Qarşıdakı matçlarda yenə start heyətində şans gözləyirsən?
- Bu, baş məşqçinin verəcəyi qərardır. Nə desə, hörmətlə yanaşacağam.
- Ardıcıl dörd məğlubiyyətdən sonra bu qələbə komandadaxili ab-havaya necə təsir edəcək?
- Təbii ki, ancaq xoş təsir edəcək. Bundan sonra da davamını gətirmək lazımdır ki, ən azından dördlük uğrunda mübarizəyə girək, avrokuboklara gedək. Məncə, davamını gətirə biləcəyik.
- Sabah milli komandanın heyəti açıqlanacaq.Bununla bağlə nə deyə bilərsən? Dəvət gözləyirsən
- Açığı dəvət gözləyirəm. "Şamaxı"da oynayanda da gözlədim. Bir il davamlı oynadım. Yenə də dəvət gözləyirəm, özümü milli komandaya hazır hesab edirəm. Amma baş məşqçinin qərarı vacibdir. İstənilən halda, fikrinə hörmətlə yanaşıram.
- İlk turlarda meydana çıxmamağın baş məşqçinin qərarına təsir edə bilər?
- Oynamasam belə, o yaşım deyil ki, təcrübəsizliyim olsun. Hər an meydana çıxmağa, oynamağa, özümü göstərməyə hazıram. Çox istəyərdim ki, milliyə dəvət etsinlər və özümü göstərim.
Elçin Əlixan
saytlarin hazirlanmasi