Güləşçimiz Paris Olimpiadasına lisenziya qazandı

21:11 - 18 Sentyabr 2023

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, üçüncü yarış günündə 3 güləşçimiz mübarizəyə qoşulub.

Alyona Kolesnik (59 kq) monqolustanlı Bolortuya Xurelxuuya 6:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda çinli Qi Janqa "tuş"la məğlub olub.

Hacı Əliyev (65 kq) ilk 2 mərhələdə çinli Şaohua Yuan (10:4) və avstraliyalı Georgi Okorokov (9:2) üzərində inamlı qələbə qazanıb. Ancaq monqolustanlı Tulqa Tumur Oçirlə görüş gərgin mübarizə şəraitində keçib. Millinin kapitanı sonuncu xal prinsipinə əsasən (3:3) rəqibini məyus edərək 1/4 finala yüksəlib. Ancaq yarımfinalın bir addımlığında ermənistanlı Vazgen Tevanyana uduzub - 2:12.

Maqomedxan Maqomedov (97 kq) əvvəlcə serbiyalı Strahinja Despiçə heç bir şans tanımayıb - 7:0. Yığma üzvü türkiyəli İbrahim Çiftçini də 4:0 hesabıyla üstələyərək adını 1/4 finala yazdırıb. Bu mərhələdə almaniyalı Erik Tileyə "tuş"la qalib gələn Maqomedov yarımfinala adlayıb. Maqomedxan son Avropa çempionatının finalında məğlub olduğu gürcüstanlı Givi Matçaraşvilidən də revanş alıb - 6:1. Beləliklə, dünya çempionatının finalına yüksələn Maqomedov Paris Olimpiadasına lisenziya qazanan ilk güləşçimiz olub. Təmsilçimiz sabah həlledici görüşdə bəhreynli Axmad Tajudinovla qarşılaşacaq.

Xəbər xətti