Nə qədər acı səslənsə də, Azərbaycan futbolu Avropa standartlarının çox gerisindədir. Futbolun sürətlə inkişaf etdiyi dövrdə biz yeni tendensiyalarla ayaqlaşa bilmirik.
Avropanın əksər komandalarında sırf standart vəziyyətlər üzərində işləyən məşqçilər çalışır. Məsələn, "Barselona"da hətta oyundankənar vəziyyətlər yaratmaq, rəqibi ofsaydda yaxalamaq üçün ayrıca mütəxəssis cəlb olunub. Elə klublar var ki, aut atışlarını belə effektiv etmək məqsədilə məşqçilər işə götürürlər.
Azərbaycan klublarında isə belə nümunələrə rast gəlinmir. Məsələ ilə bağlı futbol eksperti Aslan Kərimova müraciət etdik. Sportal.az saytına danışan Aslan bəy bunu daha çox maliyyə məsələləri ilə əlaqələndirdi:
"Məsələn, "Mançester Siti"də 5 analitik çalışır. Biri öz oyunlarını analiz edir, biri yalnız rəqibi, biri məşqi və o birisi də sırf standart vəziyyətləri. Bütün analizləri gətirib verirlər analitik şöbənin rəhbərinə. Baş analitik də həmin analizlər arasında ən vacib olanları seçib Qvardiolaya təqdim edir.
Bizdə "Qarabağ" belə, buna gəlib çıxmayıb. Bu, daha çox maliyyə ilə bağlı məsələdir. Müxtəlif oyun epizodları üzərində çalışan ayrı-ayrı məşqçilər cəlb etmək üçün əlavə vəsait xərcləmək lazımdır. Bu, Avropanın aparıcı liqalarını təmsil eləyən klublar üçün problem deyil. Bizdə isə həmin pula futbolçu alıb güclənmək daha məqsədə uyğun hesab edilir"
saytlarin hazirlanmasi