Vaxtı ilə Azərbaycanda “Qarabağ” və “Qəbələ” klublarında işləmiş, son dəfə isə Türkiyənin “Hatayspor” klubunda idman direktoru vəzifəsində çalışmış Fatik Kavlak Sportal.az saytına müsahibə verib.
- Ötən mövsüm “Hatayspor”da Renat Dadaşovla birlikdə çalışırdınız. Onun “Hatayspor”a xeyrinin dəydiyini düşünürsüz?
- Renatla təəssüf ki, sadəcə 4 matç kimi qısa bir vaxtda çalışmaq fürsətim oldu. Məndən öncəki dönəmində performans dalğalanmaları yaşasa da, xüsusən də ötən mövsüm Superliqada qalmağımızda çox böyük xeyir verdi. Kritik anlarda meydançada göstərdiyi performans, komandamızın hədəflərinə çatmasına yardımçıq oldu. Renat xarakteri ilə də komandanın önəmli parçası idi.
- Maraqlıdır, “Hatayspor”da olduğunuz zaman heç digər azərbaycanlı futbolçulardan kimisə transfer etmək istəmişdiniz? Siyahıda kimsə var idi?
- Azərbaycan futbolunda işləmiş, daha sonra Azərbaycan futbolunu yaxından izləyən biri olaraq bəzi azərbaycanlı futbolçular üzərində fikir yürüdürdüm, düşünmüşdüm. Lakin transfer şərtlərinə görə bunu etmədik. Azərbaycanlı futbolçuların istedadlarından faydalanmağı çox istərdim. Lakin həmin dönəmdəki şərtlər uyğun deyildi.
- Renat bu yay “Ankaragücü” klubuna keçdi. Onun həmin klubdakı performansını necə dəyərləndirirsiz?
- Renat hər oyunda “Ankaragücü”nün heyətində ilk onbirlikdə meydana çıxmasa da, oyuna daxil olduqdan sonra nəticəyə təsir edə bilir. Həm də, komandanın gücünə güc qatdı. Məncə, Renat liqanın səviyyəsindən üstün olan futbolçudur. Bunu da meydandakı effektli performansı ilə göstərir. Mövsüm boyunca “Ankaragücü”nə önəmli təsirlər edəcəyinə inanıram.
- Bir ara adınız “Neftçi” ilə hallanırdı. Bu kluba idman direktoru kimi gələcəyiniz deyilirdi. Niyə baş tutmadı?
- Mənə edilən və ya edilməyən təkliflər haqqında spekulyasiya etmək istəmirəm. Mən belə məsələlərə münasibət bildirməməyi üstün tuturam.
- Yenidən Azərbaycana dönməyi özünüz istəyirsiz?
- Azərbaycan futbolu mənə çox şey qatdı. Oradakı iş mühitini sevirəm. Münasib layihə olarsa, baş məşqçi kimi işləməkdən məmnun olaram.
- “Hatayspor”da işlədiyiniz dönəmdə rəhbərliyə Qurban Qurbanovu baş məşqçi kimi gətirməyi təklif etdiyinizi bilirəm. Alınmamasına səbəb nə idi? Maraqlıdır, sonradan onu başqa kluba təklif etmişdiniz?
- Bəli, o vaxt “Qarabağ” rəhbərliyinin icazəsi ilə Qurban Qurbanovla görüşümüz olmuşdu. Bununla belə, Qurban Qurbanov karyerasını “Qarabağ”da davam etdirməyi daha məqsədəuyğun olduğunu hesab etmişdi. Onunla başqa klub üçün görüşməmişdim. Qurbanovun futbolçuluq və məşqçilik karyerasında verdiyi töhfələr Azərbaycan üçün çox dəyərlidir.
Mirbağırağa
saytlarin hazirlanmasi