"Qarabağ"ın müdafiəçisi "Beşiktaş" məsələsi haqda: "Komandamın oyunlarına köklənmişəm" - MÜSAHİBƏ

10:18 - 18 Fevral 2025

"Qarabağ"ın futbolçusu Toral Bayramov Sportal.az saytına müsahibə verib. O, "Neftçi"yə qarşı keçirilmiş matçdan danışıb.

- "Neftçi" ilə görüşdə komandanız qalib gəlməyi bacardı. Qarşılaşma sizin üçün necə alındı?

- Ağır oyun olacağını əvvəlcədən də bilirdik. Oyunun gedişatında da 10 nəfərlə qaldıq. Uşaqların hamısına təşəkkür edirəm ki, sona qədər vuruşdular, mübarizə apardılar. Hər epizodda belə idi. Şükürlər olsun ki, qalib gəldik. Buna görə də çox sevinirik.

- Amma matça fəal başlayan tərəf "Neftçi" idi. Onlardan bu cür performans gözləyirdin?

- Keçmiş oyunlara baxanda, görmək olar ki, "Neftçi" həmişə öz evində oyuna aqressiv və aktiv başlayır. Daha sonra fərqli oyun izləyirik. Bu dəfə də belə oldu. Eyni qaydada, oyuna aktiv başlayacaqlarını gözləyirdik. Çünki son matçlarda "Neftçi" çox yaxşı formadadır. Yaxşı hazırlaşmışdıq. Qələbəyə görə şadıq.

- Meydanda 10 nəfərlə qaldıqdan sonra sizi heç-heçə də razı salırdı?

- Biz sırf müdafiəyə oturmamışdıq. Rəqibi orta zonada qarşılayırdıq. Bu da baş məşqçinin tapşırığı idi. Bunu edərək, fürsətlərdən də yararlanmağa çalışırdıq. Belə epizodlarımız az olmadı. Sadəcə bir az sonluqları gətirə bilmədik.

- Səncə, penalti dəqiq var idi?

- Əlbəttə ki, təmiz penalti idi. Baş hakim VAR-a da baxdı. Hər şey dəqiq idi. Onsuzda VAR-dan qabaq da, bəlli idi ki, penaltidir. 

- Qarşıda turda "Sabah"la qarşılaşacaqsınız. Bu matç haqda nə düşünürsən?

- Bəli, bizi növbəti çətin oyun gözləyir. Hazırlaşacağıq. Bu oyunda da yaxşı nəticə üçün meydana çıxacağıq. Asan olmayacaq. Amma biz sona qədər mübarizə aparacağıq.

- Mətbuatın iddiasına görə, Türkiyəyə yollanmaq variantı var. Bu haqda düşünürsən?

- Mən "Qarabağ"ın futbolçusuyam. Düzü, başqa məsələlər haqda da düşünmürəm. Hazırda bu komandanın uğurlarına, oyunlarına köklənmişəm. Qarşıdakı matçları fikirləşirəm. 

Mirbağırağa

Xəbər xətti