Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov "Hypers Quba"nın heyətində debüt edib. Amma onun bölgə klubundakı ilk görüşü uğurlu alınmayıb. O, "Şəmkir"ə qarşı(1:2) keçirilmiş matçda qırmızı vərəqə ilə cəzalandırılıb. Sportal.az saytına verilən Qurbanov baş hakim Emin Əliyevin onu meydandan qovmasına aydınlıq gətirib:
"Komanda yoldaşıma qarşı cərimə meydançasında qayda pozuntusu edilmişdi. Mən də baş hakimə dedim ki, penalti idi, görmürsən? O isə elə başa düşdü ki, mən ona korsan deyirəm. Səhv başa düşdü. Mənə birbaşa qırmızı vərəqə göstərdi. Şokdayam. Oruc tutmuşdum, Allaha and olsun mən baş hakimi söyməmişəm, pis söz deməmişəm. Ümumiyyətlə, mən heç vaxt hakimləri söymürəm. Çünki bilirəm ki, minimum 4 oyunluq cəzalandırırlar. Baş hakim deyir mənə kor dediyin üçün qırmızı vərəqə göstərdim. Düşündüyünə görə, onu söymüşəm. Baş hakim məni meydandan qovmalı deyildi. Azarkeşləri məyus etdim, mənim üçün üzücüdür. Üstəlik, məni ən azı 4 oyun cəzalandıracaqlar. Mən isə hakimi söyməmişəm, təhqir etməmişəm. Premyer Liqada oynadığım vaxtlarda da belə etməmişəm.
Azərbaycanda hamı məni tanıyır. Emosional olsam da, bu artıq gənclikdə qalıb. Artıq böyümüşəm, 33 yaşım var. Heç kimi söymürəm, təhqir etmirəm. Əksinə, dəstək verirəm. Baş hakimin məni nəyə görə meydandan qovduğunu anlamadım. Allaha and olsun baş hakimə pis söz deməmişəm. Sadəcə sual verdim ki, penalti idi, görmürsən? Ancaq hakim düşündü ki, onu təhqir etmişəm. PFL-ə gedərdim, amma inanacaqlar mənə? Çox üzücüdür. İlk oyun və dərhal qırmızı vərəqə. Azərbaycana yeni qayıtmışam və burada bu cür start vermək istəmirdim. Təəssüf. Çox üzgünəm. Rəhbərlik və azarkeşlərimizdən üzr istəyirəm. Amma xahiş edirəm mənə inansınlar ki, hakimi söyməmişəm, pis söz deməmişəm. Ümid edirəm ki, PFL bunu nəzərə alacaq. Xahiş edirəm ki, mənə 4 yox, heç olmasa 1 oyun cəza verərlər. Axı hakim məni səhv başa düşüb".
O, II Liqanın səviyyəsi barədə isə bunları deyib: "İkinci liqanın səviyyəsi pis deyil. Böyük mübarizə gedir və güc futboluna üstünlük verirlər. İstənilən liqada oynamaq çətindir. Ona görə hər oyuna maksimum hazırlaşmaq lazımdır. Birinci liqada oynaya biləcək komandalar var".
Mirbağırağa
saytlarin hazirlanmasi