Mert Çelikin Türkiyədə futboldan uzaqlaşdırılması ortaya yeni suallar çıxarır - bu adam millimizdə də belə işlərlə məşğul olub?

14:14 - 11 Noyabr 2025

Mert Çelik hətta Azərbaycan çapında belə, heç vaxt üst səviyyə oyunçu hesab olunmayıb. Onun Fernandu Santuşun dönəmində milli komandaya çağırılması da şühbələr yaradırdı. Sağ cinah müdafiəçisi mövqeyində həmin ana ondan daha yaxşı müdafiəçilər ola-ola, autsayder "Səbail"in futbolçusunun yığmanın start heyətində nə gəzdiyini anlamaq çətin idi. 

AFFA rəhbərliyi Santuşun milliyə tapşırıqla futbolçu çağırmamağını az qala piar kampaniyaya çevirsə də, bu dəvətin arxasında nələrinsə gizləndiyi açıq-aşkar idi. Əldə sübut olmadan konkret ittiham etmək olmurdu, amma bunun obyektiv seçim olmasına qəbullanmaq da mümkün deyildi. 

Türkiyə Futbol Federasiyasının qərarı ilə bir çox futbolçu kimi I Liqa təmsilçisi "Sivasspor"da çıxış eləyən Mert Çelik də futboldan uzaqlaşdırılıb. O, mərc oyunlarında iştirakda günahlandırılıb. Barəsində cinayət işi açılıb. 

İndi adamın ağlını bir fikir deşir. Görəsən, Mert Çelik millimizdə də bu işlərlə məşğul olub? Onu Santuşa tapşıranlar və ya ağlına qoyanlar da Mertlə birlikdə bu cür işlərin içində olublarmı? Həmin adamlar yenə də AFFA-çalışırlarmı? Suallar çoxdur, təəssüf ki, dəqiq cavabları bilinməyəcək. Çünki türklər məsələnin yalnız özlərinə aid hissəsini araşdıracaqlar... 

Sportal.az

Xəbər xətti