Premyer Liqanın möhkəm komandalarından sayılan "Şamaxı" uğurlu qrafik cızır. Gedişata uyğun olaraq, avrokuboklar uğrunda mübarizəyə də qoşula bilərlər.
Heyətdə legionerlərlə yanaşı, istedadlı yerli futbolçular da yer alıb. Bu mənada U-21 millimizin üzvü Oruc Məmmədovu fərqləndirmək olar. Yayda "Şamaxı"ya keçən futbolçu qısa vaxtda əsas heyət oyunçusuna çevrilməyi bacarıb. Göstərdiyi yaradıcı oyun üslubuyla diqqət çəkir.
Həm millimizin, həm də "Şamaxı"nın baş məşqçisi olan Ayxan Abbasovun bu futbolçuyla bağlı fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən Ayxan bəy Orucun müsbət və çatışmayan cəhətlərini qeyd etdi:
"Oruc Məmmədovla tanışlığımız bu ilin mart ayında U-21 millisinin toplanışı zamanı olub. O vaxt Oruc "Səbail"də çıxış edirdi, onu hücumçu mövqeyində oynadırdılar. Amma biz Orucu millidə dayaq zonasında sınadıq. Həmin toplanışın hər iki oyununda xoş təsir bağışladı. "Səbail"lə müqaviləsi bitəndən sonra onu "Şamaxı"ya dəvət etdik.
Müsbət və çatışmayan cəhətləri ilə bağlı mütəmadi danışıram onunla. Topla rəftarı çox yaxşıdır, başla da yaxşı oynayır. Çatışmayan cəhəti dinamikadır, müdafiə davranışıdır. Bir çox gənclərdə olduğu kimi onda da stabillik çatmır. Amma sevindirici haldır ki, axır matçlarda stabil oynayır. Orucun böyük potensialı var. Gələcəkdə əsas milliyə də dəvət ala bilər. Təbii ki, bunun üçün üzərində çalışmalıdır".
saytlarin hazirlanmasi
