"Qəbələ" və "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev Sportal.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan"dan ayrıldıqdan sonra sizə hansısa təkliflər olub? Yaxın vaxtlarda sizi hansısa komandanın baş məşqçi postunda görə bilərik?
- "Araz-Naxçıvan"dan ayrıldıqdan sonra heç bir klubla danışıq aparmamışam. Əsas təklifin yox, daha çox istiqaməti olan təklifin olmasını istəyərdim.
- Azərbaycan Premyer Liqasında həm çempionluq, həm avrokuboklar, üstəlik Premyer Liqada qalmaq uğrunda qızğın mübarizə gedir. Bu mövsüm belə ssenari olacağını ehtimal edirdiniz?
- Bu mövsüm həqiqətən də ağır alınır, hər komanda üçün belədir. Hər bir oyunda da sürprizlər mümkündür. Bu da onu göstərir ki, klublar getdikcə daha da inkişaf yoluna keçirlər. Oyunlar da onu göstərir ki, həmin intriqa sona qədər qalacaq.
- Sizin rəhbərlik etdiyiniz komandalar tez-tez hakimlərin mübahisəli qərarları ilə üzləşirdi. Bu mövsüm də hakim idarəçiliyindən şikayətlər az deyil. Bu haqda fikriniz necədir?
- Hakimlik həmişə gündəmin mövzusu olub. Belə də olacaq. İstəyərdim ki, səhvləri minimuma endirməklə çempionata daha da rəng qatsınlar.
- "Qarabağ" və "Sabah" arasında gedən çempionluq mübarizəsində hansı tərəfi daha üstün, daha şanslı hesab edirsiniz?
- "Sabah” və “Qarabağ”ın mübarizəsində sona kimi daha az səhv edən üstün olacaq. Heyət baxımından “Sabah” yaxşı təşkilatlanıb və çempionluq yarışında öz iddiasını sona qədər göstərmək gücündədir. Şanslar bərabərdir. “Sabah”ın bu mövsüm heyəti daha genişdir. Bunun özü də komandaya əlavə güc verir.
- Demək olar ki, "Sabah" Murad Musayevin dönəmindən sonra ən yaxşı dönəmini keçirir. Sizcə, "Sabah"ın əsas üstünlüyü nədir? Bu komandanın çempionluğu sizin üçün sürpriz olacaq?
- Müasir futbolda sürprizlər həmişə mövcuddur. Lakin indiki durumu müqayisə etsək, “Sabah”ın qazana biləcəyi çempionluğu sürpriz adlandırmazdım. Göstərdikləri oyun və stabillik iddiadan xəbər verir.
- Futbolçu kimi formasını geyindiyiniz “Neftçi”nin durumunu və avrokuboklara vəsiqə şanslarını necə dəyərləndirirsiniz? Sizcə, "Neftçi" çətin mübarizədən qalib ayrılaraq, avrokuboklara vəsiqə qazanacaq? Vernidubun gəlişindən sonra "Neftçi"də dəyişən əsas məqam hansıdır?
- Təbii ki, ilk iki yerdən sonra, qalan iki yerə 6 komandanın da şansı olduğundan mübarizəsinin sona qədər davam edəcəyini təxmin etmək olar. Əlbəttə ki, “Neftçi” flaqmandır və avrokuboklara iddiasını sona qədər aparacaq. Komandanı avrokuboklara daşıya bilərsə, uğurlu nəticə qazanmış olacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi
