"Ebru Gündəşi özüm Azərbaycana gətirəcəm ki, futbolçularıma konsert versin"

23:48 - 25 Noyabr 2013

Məşqçilərimiz hansı müğənnilərə qulaq əsir?
 
Ebru Gündəş İstanbulda yerləşən məşhur "Günay Restaurant"da konsert verib. Sənətçi 3 saat səhnədə qalaraq 56 mahnı ifa edib.
 
Sportal.az xəbər verir ki, ünlü sənətçini dinləməyə gələnlər arasında Fatih Terim və həyat yoldaşı Fulya Terim ön sırada əyləşib.  "İmperator"un hər mahnıdan sonra ulduz müğənnini alqışlaması diqqət çəkib. "Kaçak" ("Qaçaq") adlı tanınmış mahnı səslənərkən, Terim Ebruyla birgə mahnını oxumağa başlayıb. Bir anlıq zalap sükut çöküb, bəstə bitincə isə divarlar titrəyib. Hər kəs «Qalatasaray»ın sabiq çalışdırıcısını ayaqüstə alqışlayıb. «Ay-ulduzları»ın köhnə-yeni baş məşqçisi deyib ki, Ebrunun pərəstişkarıdı və mahnılarını çox sevir. Onlardan bəzisini əzbər bildiyini söyləyən Terim müğənni ilə səhnəni 5 dəqiqə də olsa, bölüşdürmək istədiyini sözlərinə əlavə edib. Bu, Türkiyənin mədəni həyatına bomba kimi düşüb. «İmperator»un jestini qəzetçilər müxtəlif cür qiymətləndirir. Mahnı oxumağı ona yaraşdırmayanlar kimi, yaraşdırmayanlar da çoxdu. Düzü, gələn rəylərdən belə anlaşılır ki, Terim publikanı təəccübləndirməyib bacarıb.   Bizim məşqçilər necə, Fatih hocanı yamsılaya və ya təkrarla bilərmi? Bu sual özümüzə də maraqlı gəldi və istədik ki, reaksiyalarını Terimlə bir tərəziyə qoyaq.
 
 
 Arif Əsədov (U-20): - İşim çoxdu. Ancaq ona çatdırıram ki, evdə oturub televizora baxım konsertə. Xoşuma gələn muğamatdı. Gözəl muğam ifa edən sənətkarlarımız var. Mənəvi ləzzəti onlardan alıram. İnanmıram ki, konsertə gedəm və orda səhnəyə dəvət etsinlər məni. Etsələr belə, oxuya bilmərəm. Mənə aid sənət deyil. Axı muğam ifaçısı, müğənni deyiləm…
 
 Şahin Diniyev ("Rəvan"): - (gülür) Yaxşı sualdı. Bu yerdə yalnız səmimi olmalısan. Ciddi yox, ürəyinə gələni deməlisən. Sevdiyim, sənətinə aşiq olduğum ifaçı olsaydı, çalışardım zildə yox, aşağı səsdə oxuyam. Çünki sən deyən elə güclü səsim də yoxdu. Həmin sənətçini ifada qabaqlamaq yox, onun arxasınca gedərdim. O, oxuyardı, mən də təkrarlayardım. Muğam həvəskarıyam. Hər müğənni muğam oxuya bilməz. Bilməyib muğam ifa etməyin özü günahdı. Onu korlamış olarıq. Ancaq hansısa lirik, zil üstdə deyil, bəmdə oxuya bilərdim. Musiqi biliyim var e, görürsüz. Məni səhnəyə dəvət edən sənətçinin xətrinə dəyməmək, dəstəkləmək üçün oxuyardım. Axırıncı dəfə konsertə “Terek”də olanda getmişəm. Özü də iki dəfə. Birində “Terek”in təqdimetmə mərasiminə çeçen sənətçilər gəlmişdi. Birində də Moskvadan müğənnilər gəlmişdi. İkisi də böyük konsert idi. Ondan bu yana yadıma gəlmir ki, nə vaxtsa konsertə gedim. Bu dəqiqə çox müğənni var ki, ifası adamın könlünə düşür. Almaz Orucovaya, Səkinə İsmayılovaya, Arif Babayevə, rəhbətlik Qədir Rüstəmova qulaq asıram. Təbii ki, səhərdən axşama kimi qulaq asmıram. Hərdənbir könlümə düşəndə. Elxan Şirinov və Almaz Orucova ilə səhnədə mahnını zümzümə edərdim.
 
 Adil Mahmudov ("Qaradağ Lökbatan"): - Futbol qalıb kənarda, biz başqa şeydən danışırıq. Bugünki gündə Fatih Tərim kimi məşqçilərin deyib-əylənməyə vaxtı var. Bizim hələ o səviyyəyə çatmağımıza maddi və başqa amillər imkan vermir. Onların səviyyəsinə çatmağımıza hələ 500 il var. Niyəsini deyim? Gərək biz Tərimin və müğənnilərimiz də Ebru Gündəşin səviyyəsinə çata ki, dəvət eləsinlər, oxuyaq. Bu dəqiqə birinci divizionda elə söhbətlər, planlar var ki, zümzümə etməyə və ya başqa işlərə vaxtımız da yoxdu. Tərim pis çıxmasın, yığdığın yığıb, gördüyünü görüb. Bu dəqiqə onun zümzümə vaxtıdı. Gərək atmosfer də imkan versin ki, ailəmlə istirahətə gedəm. Amma bugünkü gündə iş və şərait buna qəti imkan vermir. Maddiyyat imkan vermirsə, cızığımdan qırağa çıxa bilmərəm. Bu gün bir işim var, o da futboldu. Nə biznes sahəm var, nə da başqa. Ailəmi ancaq futbolla dolandırıram. Pulum olsa, İstanbula gedib hansısa sənətçinin konsertinə girərəm. İndi isə ayağımı yorğanıma görə uzatmalıyam. İştah yemək vaxtı açılır. İnsanın maddi durumu yaxşıdısa, hər şey etmək olar. Konsert də Tərimin yaxşı vaxtına düşüb. O gün olsun ki, bizim birinci divizion PTT səviyyəsinə qalxsın. Əvvəllər 3-4 komanda iddialıydısa, indi 9-u birinci yer uğrunda mübarizə aparır. “Şuşa” ilə oyunda tribuna dolmuşdu, “setkalar”ın arxasında da azarkeşlər var idi. Çünki “Qaradağ Lökbatan”In adı bu dəqiqə reklamdadı. Klubumuzda Avropa səviyyəsində iş gedir. Mən azərbaycanlıyam deyə, o iş görsənmir. Əgər Adil Mahmudaşvili, ya Adil Mahmudoviç olsaydım, hamı deyəcəkdi ki, bu dəhşət məşqçidi. İnişil 8 tur qabaq çempion oldum. Ötən il də xallar bərabər oldu. Mənim medallarım “Ağsu”nun boynundadı. “Energetik” deyir ki, “Qaradağ Lökbatan” gələndə “əjdaha”ya dönürük. Bugünki gündə yaşayış və maddi durumum imkan vermir ki, siz deyən kimi kef edim. İnşallah, maddi durumum gələcəkdə yaxşı olsun, Erbu Gündəşi özüm Azərbaycana gətirəcəm ki, futbolçularıma konsert versin.
 
Vidadi Rzayev ("Kəpəz"): - Vallah, o mənlik deyil. Özüm utancaq adamam. Zümzümə etmək, oxumağa heç səsim də yoxdu. Konsertə getməklə aram yoxdu. Hərdən telekanallarda muğamata qulaq asıram. Heç rayon yerində konsert də olmur axı. Toydan-toya, ya da tədbirlərdə müğənnilər gəlir oxuyur. Amma belə… Getmirəm. Heydər Əliyev adına Respublika sarayında konsertlər təşkil edilir. Bundan xəbərim var. Görürəm, eşidirəm. Özüm rayonda qalıram və burda elə şeylər yoxdu. Alim Qasımov və Arif Babayev kimi korifeylərin yanında durmaq belə, fəxr olardı mənimçün. Hər ikisinin ifasını çox bəyənirəm. Nəinki mən, bütün dünya bəyənir onları. Çağırsalar belə, çox utancağam, oxuyammaram.
 
Vladislav Qədirov (bekar): - Fatih Tərim Türkiyə məşqçisidi. Onların öz sistemi, anlayışı, həyata baxış tərzi var. Ölkənin ən tanınmış insanıdı. Tərimin səhnədə zümözümə etməsi Türkiyə üçün normaldı. Açığı, özüm konsertlərə getməyə müsbət baxıram. Uzun müddətdi ki, getməmişəm. Halbuki əvvəllər sevə-sevə gedərdim konsertə. Pop və ya muğamat haqda düşünməmişəm. Yaxşı sənətçilərimiz var ki, onların konsertinə gedib dincəlmək mümkündü. Konsertə getsəm və sənətçi məni dəvət etsə, çıxıb zümzümə edərəm. Niyə də olmasın? Burda qəbahət və ya pis nə var ki? Oxumağa heç kəs pis baxmır. Aygün Kazımovanın ifası daha çox xoşuma gəlir. Həm müğənni, həm oxumağı. Aygün məni səhnəyə çağırsa, onunla oxuyardım. Qısa da olsa. Təəssüf, adi həyatda üz-üzə gəlməmişik.
 
Yunis Hüseynov (işsiz): - Suala bax e… Mən də deyirəm, nə soruşacaqsız… (gülür). Yalan danışmağı sevmirəm, konsertə gedən deyiləm. Çünki bəyənmədiyim bir şeydi. Heç aram yoxdu da.  
 
Ağasəlim Mircavadov (dəvət gözləyən): - Səhnədə nə işim var? Konsertə getməkdən bir o qədər xrşum gəlmir. Muğamat başqa da… Saatlarla dinləyərəm. Otururam, yorulmadan onlara qulaq asıram. Gedim konsertə, hələ bir səhnəyə çıxım, zümzümə edim – yox, bu, mənlik deyil. Gedib qulaq asaram, o cür hərəkət etmərəm. Çünki hərənin öz peşəsi var. Nəzakət xətrinə olsa belə, edə bilmərəm. Mən Alim Qasımovla Arif Babayevin ifasını dəhşət bəyənirəm. Arif Babayevin özüylə hərdən görüşürük, söhbətləşirik. Münasibətimiz çox yaxşıdı. Özü də bilir ki, ifasını bəyənirəm. 
 
Sport Favorit qəzeti.

 

Xəbər xətti