Bir (olmayan) şəklin tarixçəsi (IV yazı) FOTO

00:56 - 1 İyul 2014

Növbə "Turan"ın ilk çempionluğunundur

Milli çempionatımızın   tarixinə  adını 3-cü çempion kimi yazdıran  Tovuzun “Turan” klubunun da səsli-küylü  dövrləri olub. Bu qərb komandasının  çempionluğunda  futbolçular  və məşqçilər heyəti böyük paya sahibdirlər. Onların haqqını danmaq  olmaz.  Bu dəfə “Turan”ın tarixini vərəqləyəcəm.  Əslində, Tovuz klubunun çempionluğuna bundan əvvəlki yazımda toxunmalı  idim. Fəqət  çempion heyətin şəklini tapa bilmədiyimdən növbəni 4-cü çempion “Kəpəz”ə verdim ki,  bəlkə  qarşıdakı günlərdə  əlimə  maraqlı  bir foto keçdi. Təəssüf ki, 1993/94-cü il mövsümündə komandanın şərəfini qorumuş bir neçə futbolçuya və klub rəsmilərinə, o cümlədən “Turan”ın ilk prezidenti və qurucusu Vidadi Əhmədova müraciətim nəticəsiz qaldı. Yalnız veteran qapıçı Hüseyn Məhəmmədov 1994-cü ilin qışında ABŞ-ın Portland şəhərində iştirakçısı olduğu turnirdən çəkilmiş bir şəkil təqdim etdi. Bu şəkildə çempion heyətin bir çox üzvləri olmadığından “Turan” haqqında yazını  fərqli formada hazırlamaq qərarına gəldim.

Bu haqda bir qədər sonra. Əvvəlcə 1993/94-cü il mövsümünə qədər komandanın çıxışları və qazandığı nailiyyətlərə nəzər salaq.  1992-ci ildə 26 komandanın iştirakı ilə keçirilən ilk birincilikdə iştirakçılar 2 qrupda mübarizə aparırdılar. “Turan” “B” qrupunda çıxış edirdi. İlk mərhələni 37 xalla (24 oyun, 18 qələbə, 1 heç-heçə, 5 məğlubiyyət) qrup lideri kimi başa vuran “Turan” 6 komandanın mübarizə apardığı final mərhələsinə vəsiqə qazanmışdı. Bu mərhələdə ən  çox xal toplayan klub  “Qarabağ” olsa da, əsasnaməyə görə komandaların qrup mərhələsində yığdığı xallar da qüvvədə idi və bu üzdən çempion adını 62 xalla “Neftçi” qazanmışdı. 57 xal yığan Sumqayıtın “Xəzər”i  ikinci, onlardan cəmi 1 xal az toplayan “Turan” isə 3-cü yerə layiq görülmüşdü. İlk cəhddən heç də pis nəticə deyildi.
Növbəti çempionatda “Turan” yenə də bürünc medala sahib oldu. Bu dəfə fərqli formatda keçirilən çempionatda qruplarda ilk 2 yerin sahibi yarımfinala vəsiqə qazanırdı. “A” qrupunda “Kəpəz”lə eyni xal toplayan “Turan” top fərqinə görə 2-ci yeri tutmuşdu və digər qrupun qalibi olan “Qarabağ”la qarşılaşmışdı. Həmin oyunda ağdamlılar minimal hesabla qalib gələrək finala çıxmışdılar. 3-cü yer uğrunda görüşdə isə gəncəlilər oyuna çıxmaqdan imtina etdiklərindən avtomatik olaraq bürünc medallar “Turan”a verilmişdi. Yeri gəlmişkən, 2-ci çempionatın qalibi “Xəzər”i  1:0 hesabı ilə məğlub edən “Qarabağ” olmuşdu. Həm “Neftçi”nin, həm də “Qarabağ”ın çempionluğundan əvvəlki yazılarımda bəhs etdiyimdən,  1993/94-cü il mövsümündə çempion olan  “Turan”ı xatırlamaq istəyirəm.
Format  yenə də dəyişmişdi. Bu dəfəki birincilikdə 16 komanda 2 dövrəli sistemlə çempionu müəyyən etməli idi. Xeyli qalmaqalla yadda qalan həmin mövsümdə “Turan” “Qarabağ”ı cəmi 1 xal qabaqlayaraq ilk və yeganə çempionluğuna qovuşdu. Komandanın göstərdiyi nəticələr isə belə idi – 30 oyun, 23 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət. Topların fərqi – 74:18. Maraqlı bir faktı da qeyd edim – “Turan” ikinci dövrənin ilk oyununda Tovuzda “Bakı fəhləsi” ilə heç-heçə (1:1) oynadıqdan sonra ardıcıl 14 matçın hamısında qalib gəlmişdi.
Ümumiyyətlə, “Turan” bir çox ilklərə imza atmış klub kimi yadda qalıb. Məsələn, ilk peşəkar klub kimi 13 fevral 1992-ci il tarixində Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib.  Azərbaycanı Avropa səhnəsində ilk dəfə Tovuz komandası təmsil edib. 1994-cü ildə “Turan” UEFA Kuboku uğrunda “Fənərbaxça” ilə qarşılaşıb və hər iki oyunda məğlub olub (0:5, 0:2). İlk dəfə Tovuz klubunun farm klubu yaradılıb – “Turan-2” 1993-cü il mövsümündən etibarən aşağı dəstədə çıxış edib. İdman jurnalistlərinin daha çox müraciət etdiyi mətbuat xidməti ilk dəfə “Turan”da təşkil olunub. Türk mütəxəssis Naci Şensoyun təklifi ilə 2001-ci ilin fevralın 1-də klubun mətbuat xidməti təsis edilib və ilk mətbuat katibi Rasim Əliyev təyin olunub.
Keçək  əsas məsələyə – yəni komandanın çempionluğunda zəhməti olan 23 futbolçuya və məşqçilər korpusuna. Daha dəqiq, onların çempionluqdan sonrakı karyeralarına və hazırda nə işlə məşğul olmalarına. Amma əvvəlcə maraqlı bir məqamı qeyd etmək yerinə düşərdi. Tovuzda nəinki futbolçulara, hətta sıravi insanlara belə ləqəb qoymaq adi haldır.  Hər bir futbolçunun ləqəbinə ayrıca toxunacam. Beləliklə, qapıçılardan başlayaq. Çempionat ərzində komandanın qapısını 4 nəfər qoruyub. Hamısı da Tovuz futbol məktəbinin yetirmələri idi. Əsas qapıçı Nizami Sadıqovu Tovuzda hamı “Cəfər” deyə çağırırdı. Sadıqov “Turan” yaranandan, yəni 1992-ci ildən bu komandada oynayan futbolçulardandır. Çempion olduqdan sonra da karyerası boyu ancaq “Turan”da çıxış edib. Yalnız 1997/98-ci il mövsümünü “Kəpəz”də keçirib (10 oyun) və Gəncə komandasının heyətində “qızıl dubl” edərək həm 2-ci dəfə çempion olub, həm də kuboku başı üzərinə qaldırıb. Karyerasını 2004-cü ildə bitirib və məşqçiliyə başlayıb, müxtəlif vaxtlarda doğma komandanı çalışdırıb. “Cəfər” milli də dəçıxış edib. Onlardan biri daha yaddaqan olub – Fransaya 0:10 hesablı məğlubiyyət zamanı çərçivəni məhz  Sadıqov qoruyurdu. Qapımızda gördüyümüz 7-ci topdan sonra Sadıqov Elxan Həsənovla əvəzlənmişdi. “Oser faciəsi”ndəki zəif çıxışa baxmayaraq, Sadıqov nəinki Azərbaycan, hətta dünya futbolunda ad qoyan qolkiperlərdəndir. Beləki, o, qol vuran qapıçılar arasında ilk onluqda yer alıb. Qapıçı olmasına baxmayaraq, Azərbaycan birinciliyində həmkarlarını 21 dəfə məyus edə bilib. Ümumiyyətlə, milli çempionatlar ərzində 247 oyunda meydana çıxıb, qapısında 188 qol görüb. Digər bir rekord isə “Cəfər”in qapısını 1106 dəqiqə toxunulmaz saxlamasıdır. Hazırda Tovuzda yaşayır, işsizdir.
Tovuz futbolunun tanınmış qapıçılarından biri olan Hüseyn Məhəmmədov da həmin dövrdə komandada idi. Çempion olanda onun cəmi 20 yaşı var idi. “Turan”la ilk çempionluğunu qazanan Hüseyn 1996-cı ilə kimi Tovuz klubunun şərəfini qoruyub. Daha sonra “Kəpəz”ə keçib. İşə bax,  vaxt var idi, Hüseyn “Cəfər”in əvəzləyicisiydi. “Kəpəz”də oynayanda isə Məhəmmədov əsas,  Sadıqov ikinci qapıçı idi. O, 5 ilə yaxın “Kəpəz”in şərəfini qoruduqdan sonra Qərb bölgəsinin digər komandası olan “Şəmkir”ə dəvət olunub. 2002/03-cü ildə İranın “Maşınsazi” komandasında legioner həyatı yaşayıb. Daha sonra “Neftçi”, “Olimpik”, “Karvan” və “Standart”da oynayan “Qusi” futbolçu karyerası və qazandığı uğurlarla öyünə bilər. Məhəmmədov 7 dəfə Azərbaycan çempionu olmaqla 11 qızıl medalı olan Mahmud Qurbanovdan sonra 2-ci yerdədir. Bundan başqa o, 4 dəfə də Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. Hüseyn haqqında maraqlı bir fakt ondan ibarətdir ki, 48 dəfə millinin şərəfini qoruyub və qapısında cəmi 12 top görüb. Karyerasına “Standart”da son qoysa da, ötən mövsüm yenidən yaşıl meydanlara qayıdıb və bir neçə oyunda 1-ci dəstədə mübarizə aparan “Araz Naxçıvan”ın uğurları üçün çalışıb. Naxçıvan klubundan ayrıldıqdan sonra karyerasını bu dəfə birdəfəlik bitirib. “Cəfər” kimi o da məşqçidir və hazırda “Neftçi”nin aşağı yaş qruplarından ibarət komandalarında qapıçılara dərs keçir.
Həmin mövsüm Eldəniz Hüseynov və Hümbət Quliyev də cəmi 2 oyunda qapıda dayanıblar. Eldəniz uzun müddət “Turan”da çıxış edib. Yalnız 1995/96-cı il mövsümünü “Şəmkir”də, 2004-05-ci ili isə “Karat”da keçirib. “Şəmkir”də olarkən, 1 qol da vurub. Hümbət isə o vaxt əsasən “Turan-2”də çıxış edirdi. Quliyev haqqında bir xatirəni nəql edim. Hümbət iri cüssəli birisi idi, topu iki – baş və şəhadət barmaqları ilə yerdən qaldıra bilirdi. Oyunların birində Hümbət topu tutduqdan sonra rəqib hücumçu top əvəzinə onun əlinə zərbə vurub. Düşünmək olar ki, belə bir epizodda qapıçı mütləq zədələnməlidir. Amma əksinə olub. Hücumçu oyunu davam etdirə bilməyərək, əvəzlənib. Hümbət isə heç nə olmamış  kimi oyunu davam etdirib. Eldəniz futbolla 2007-ci ildə vidalaşıb. Tovuzda yaşayır, “Turan-T”də qapıçılarla işləyən məşqçidir. Hümbət isə karyerasını elə həmin il bitirib. Birincilikdən sonra belindən ağır əməliyyat keçirən Quliyevin yüksək dəstədə görüb-götürdüyü elə həmin 2 oyundu. Futboldan sonra bir müddət Tovuzda ticarətlə məşğul olub. İndi həmin işi Rusiyada davam etdirir.
Qapıçılar haqqında bu qədər.  İndi isə keçək oyunçulara. Əvvəl Elxanlardan başlayım. Çempion heyətdə 3 Elxan oynayırdı – Abdullayev, Müslümov və Abdiyev. Elxan Abdullayev rəhmətlik Ruslan Abdullayevin oğludur. Atasının vaxtında “Turan”ın əsas oyunçularından biri olsa da, Kazbek Tuayevin dövründə əsasən ehtiyatda qalırdı. Elxan cəmi 7 oyunda meydanda olmuşdu. Karyerasını 1996-cı ildə “Azəri”də bitirən Abdullayev 2001-ci ildə Almaniyada Ali Məşqçilər Məktəbində oxuyub. Hazırda Almaniyada yaşayır. Nə işlə məşğul olduğundan xəbərsizəm.
Elxan Müslümov da adaşı kimi əsas heyətdə az-az görünürdü (5 oyun, 1 qol). Bəstəboy futbolçu əslən Qusardandır. Atası Cahangir Müslümov  bölgənin tanınmış futbolçularından olub, uzun müddət Qubanın “Şahdağ” komandasında oynayıb. Elxan həmin dövrün ən perspektivli futbolçularından hesab olunurdu və “Turan”a dəvət olunması məhz gələcəyə atılmış addım kimi qəbul olunmalı idi. Amma istedadını tam aça bilmədi və sıradan futbolçulardan  oldu. “Turan”dan başqa “Fərid”, “Şahdağ” (Qusar), OİK, “Qarabağ”, “Ədliyyə”, “Xəzər Lənkəran” və MKT “Araz”ın formasını geyinib. Yüksək dəstədə 142 oyunda cəmi 9 dəfə fərqlənib. Lənkəran klubu ilə birinciliyin gümüş medallarını qazanıb. 2007-ci ildə futbolla vidalaşıb. Hazırda hakimliklə məşğuldur.
Komandanın 3-cü Elxanı, yəni Elxan Abdiyev tovuzludur. “Turan” yaranandan 2006-cı ilə kimi elə doğma komandanın şərəfini qoruyub. Cəmi bir mövsümü (2004/2005)  “Göyəzən”də keçirib. Karyerası ərzində 180 oyunda meydana çıxıb, 4 qol vurub. Məhsuldarlığın azlığı onun müdafiəçi olmasından irəli gəlirdi. Hazırda Tovuzda yaşayır. İş yeri isə “Şəmkir” komandasıdır – həmyerlisi olan baş məşqçi Ruslan Abbasovun köməkçisidir.
Müdafiəçilərdən söz düşmüşkən, yazını elə onlarla davam etdirim. Əlbəttə, ilk yada düşən Sakit Alıyev olur. “Sako” “Turan”ın ilk futbolçusu və komandanın kapitanı idi. Daha dəqiq, klubu yaradanların ilk dəvət göndərdikləri futbolçu Sakit olub. Şəxsi fikrimdir, Alıyev müdafiənin dirəyi idi. Futbolçu həyatını doğma komandaya həsr edib. Yalnız 1997/98-ci il mövsümündə Nizami Sadıqovla birlikdə “Kəpəz”də oynayıb və “qızıl dubl” edib. 2 oyunda millinin şərəfini qoruyub. Futbolu 2004-cü ildə buraxıb və məşqçiliyə başlayıb. Bir neçə dəfə “Turan”ın baş məşqçisi olub. Onlarla tovuzlu futbolçunun yetişməsində əməyi var. Təəssüf ki, hazırda sevimli peşəsindən uzaq düşüb. Təxminən 2 il əvvəl ölümdən dönən Alıyev hazırda özünü yaxşı hiss etsə də, hələ də həkim nəzarəti altındadır. Hazırda Tovuzda yaşayır. Allah köməyin olsun, müəllim!
Digər müdafiəçi Nizami Ocaqverdiyev də tovuzludur və hazırda elə Tovuzda yaşayır. “Turan-T”nin baş məşqçisidir. Nizami də “Turan” yaranandan komandada olub. 1997-ci ilə kimi. Daha sonra 6 il qonşu “Şəmkir”də çıxış edib, 3 dəfə də çempionluq sevinc yaşayıb. Statistikaya  gəlincə, yüksək dəstədə 218 oyun keçirib, 8 qol vurub.
Əsasən müdafiənin cinahında oynayan Hüseynqulu Quliyev bakılı olmasına baxmayaraq, ilk günlərdən “Turan”da oynayıb. 5 il Tovuz klubunun şərəfini qoruyub. Daha sonra müxtəlif vaxtlarda “Xəzri”, “Şəmkir”, “Bakılı”, “ANS Pivani”də top qovduqdan sonra Tovuza qayıdıb və 2 mövsüm burada çıxış edib. Hamının “Quci” deyə çağırdığı futbolçu karyerasının qürub çağını “Ümid” (Bakı) və “Neftçi” (1 oyun) və “Gənclərbirliyi”ndə (2 oyun) keçirib. 2004/05 mövsümündə “Neftçi”nin heyətində Azərbaycan çempionu olan Quliyev (daha orasını bilmirəm, 1 oyuna qızıl medal düşürdü, ya yox? –İ.T.) 2006-cı ildən məşqçi kimi fəaliyyətə başlayıb. 2008/09 mövsümündə “Neftçi”nin həvəskarlar komandasının baş məşqçisi kimi Azərbaycan çempionu və kubokun sahibi olub. 2010-cu ilin yayından “Qəbələ” FK-da çalışır, bildiklərini 15 yaşlı futbolçulara öyrədir.
Daha bir müdafiəçi – Gennadi Drozdov haqqında qısaca onu deyə bilərəm ki, mövsüm ərzində cəmi 3 oyunda meydana çıxmışdı. Drozdov stajlı futbolsevərlərin yaddaşında “Neftçi”nin SSRİ birinciliklərində çıxışı ilə yadda qala bilər. “Vaxtı keçmiş”, meydanda ağır hərəkətləri ilə yadda qalan rusun nəyə görə “Turan”a çağırıldığı mənim üçün hələ də qaranlıqdır. Növbəti mövsümdə 6 dəfə meydana çıxan “Gena” sonradan vətəninə göçdü. Hazırda Soçidə yaşayır.
Drozdov kimi az oyun keçirən müdafiəçilərdən biri də Tofiq İsmayılov idi. Amma onun komandaya cəlb olunmasını müəyyən qədər başa düşmək olardı. Birincisi, Tofiq Tovuz futbol məktəbinin yetirməsidir. İkincisi, ilk mövsümdən komandada idi. Düzdür, arada bir il yeni yaranmış “Turan-2”də çıxış etmişdi. Amma “farm-klub”da göstərdiyi gözəl oyunla 1994-cü ilin qışında yenidən əsas komandaya cəlb olunmuşdu. Tofiqin qüvvətli və dəqiq zərbələri var idi. “Turan-2”də oynadığı müddətdə bir neçə dəfə cərimə zərbəsindən qol vurmuşdu. Buna görə də azarkeşlər onu “Kuman” deyə çağırırdılar. Tofiq həmin il 4 oyunda meydana çıxmışdı. Amma yaxşı yadımdadı, həmin oyunlarda komandasının qalib gəlməsində az əməyi olmamışdı. Tofiq futbolla 1995-ci ildə “Şəmkir”də vidalaşdı. “Şəmkir”in yüksək dəstəyə vəsiqə qazanmasında onun da payı vardı. Sonradan ticarətlə məşğul oldu. Tacir qardaşımız indi Rusiyadadır.
Növbə gəldi yarımmüdafiə xəttinə və əsas heyət oyunçularına. Məqsəd Yaqubəliyevdən başlayım. Məqsəd əslən Ağstafadandır. “Turan”a 1993-cü ildə “Avey”dən gəlmişdi. Komandanın çempion olmasında ən çox zəhmət çəkən futbolçulardandır. Yarımmüdafiənin mərkəzində çıxış edən Yaqubəliyev 1997-ci ilə kimi Tovuzda futbol oynadı. Daha sonra 2 il “Bakı fəhləsi”, 2 il isə “ANS-Pivani”də çıxış etdi. Səhv etmirəmsə, 2 oyunda millinin şərəfini qoruyub. Milli çempionatlarda şəxsi statistikası belədir – 226 oyun, 39 qol. Komanda yoldaşlarının “Maks” deyə çağırdığı “Turan”ın sabiq “6 nömrə”si hazırda məşqçilikdə məşğuldur. İş yeri “Bakı” Futbol Klubudur. Məqsəd haqqında maraqlı bir əhvalatı nəql edim – 1993-cü ildə mövsüm davam edərkən, futbolçulara yeni forma verilmişdi. 6 nömrəli maykada nömrə səhvən tərsinə tikilmişdi və “Ə” hərfini xatırladırdı. Məqsəd də 2 oyunda meydana məhz bu maykada çıxmışdı. Sonradan “Ə”ni söküb, “6” elədilər.
Zaqatalalı qardaşların Tovuzda hörməti böyük idi. Söhbət Musa və Qurban Qurbanovlardan gedir. “Turan”a Zaqatalanın “Daşqın” komandasından cəlb olunan Qurbanovlardan böyüyü çempionat ərzində “Turan”ın vurduğu 74 qolun demək olar ki, yarısının müəllifi idi – 29 oyuna 35 qol. Qurban Qurbanovun isə cəmi 9 qol vurması sizləri çaşdırmasın. “QaQa” çox vaxt böyük qardaşına qol vurmaq imkanı yaradırdı. Qurban Qurbanovun futbolçu kimi yetişməsində Musadan başqa Vidadi Rzayevin də əməyi var. Dəfələrlə komandanın hazırlığından sonra onun Musa və Vidadi ilə stadionda qalaraq əlavə məşqlər etdiyinin şahidi olmuşam. Yeri gəlmişkən, Musa Qurbanov milli çempionatlar tarixində ən çox qol vuran (88 qol) futbolçulardandır. Kiçik qardaş isə 100-ü keçib. Daha dəqiq, 192 oyuna 114 qol. Onlar haqqında geniş məlumat verməyə dəyərmi? Hər ikisi üzdə olan futbol mütəxəssisidir. Elə-belə yada salım. Musa Qurbanov hazırda menecerliklə məşğuldur. Qurban Qurbanov isə “Qarabağ”ın baş məşqçisidir.
Təqdimata ehtiyacı olmayan daha bir futbolçu isə Vidadi Rzayevdi. Amma hər halda bəzi məlumatlar verim, gənc futbolsevərlərə maraqlı olar. “Vidoş” (ona bu ləqəbi Tovuzda olduğu müddətdə yox, daha əvvəl vermişdilər – İ.T.) əslən Göygöldəndir, Gəncə futbolunun yetirməsi sayılır. SSRİ çempionatında “Neftçi”nin şərəfini qoruyub. Bəstəboy olmasına baxmayaraq, texnikası, cəldliyi və meydanı görmək qabiliyyəti ilə hamıdan seçilirdi. Ölkəmizin “Neftçi”, “Kəpəz”, “Şəmkir”, “Qarabağ” klubları ilə yanaşı Rusiyanın “Terek”, Türkiyənin “Erzurumspor” komandalarının şərəfini qoruyub. Futbolçu karyerasına 2007-ci ildə “Olimpik”də son qoyub. Buna kimi 291 oyunda meydana çıxıb, 66 qol vurub. Millinin formasında isə 35 oyun keçirib, 5 dəfə fərqlənib. “Vidoş” da Azərbaycanın ən titullu futbolçularındandır – 7 çempionluq, 3 kubok. Futbolu buraxdıqdan sonra məşqçiliyə başlayıb, müxtəlif vaxtlarda “Kəpəz”də işləyib. Hazırda doğma şəhəri Göygöldə yaşayır. Yarızarafat, yarıgercək ovçuluqla məşğuldur.
Daha bir əsas heyət oyunçusu İlham Məmmədov idi. İlham əslən gürcüstanlıdır. Borçalıda – Bolnisi rayonunda anadan olub. Məmmədovun birdən-birə 2 ləqəbi var idi – “Morux” və “Maradona”.  İkinci ona daha çox yaraşırdı. Sol cinah yarımmüdafiəçisi olan “Maradona” Maradonadan fərqli olaraq solaxay idi. Sürəti, driblinqləri və güclü zərbələri ilə rəqiblərə başağrısı olan Məmmədov  ilk gündən “Turan”da olanlardandır. 5 il “Turan”da oynadıqdan sonra Tovuzdan ayrılıb. 2000-ci ildə – karyerasını bitirənə kimi “Neftçi”, “Kəpəz” və “ANS-Pivani”nin şərəfini qoruyub, 202 oyunda 73 qol vurub. “Neftçi”də keçirdiyi 2 mövsümdə 1 dəfə  çempion olub, 1 dəfə isə kuboka sahib çıxıb. “Kəpəz”də isə həmin uğuru 1 ilə qazanıb. 1997/98-ci il mövsümündə “qızıl dubl” edənlərdəndir. Peşəkar karyerasın bitirdikdən sonra respublikanı tərk edib, hazırda Almaniyada yaşayır.
Komandanın “7 nömrə”si əslən Cəbrayıldan olan Vəli Hüseynov idi. Vəli də “Turan”ın ilk “qaranquş”larındandır. İlk mövsümdə komandanın ən texnikalı futbolçusu hesab olunurdu. Bakıdakı futbol təmayüllü internat məktəbinin yetirməsi olan Hüseynov Vidadi Rzayev və Məqsəd Yaqubəliyevlə yanaşı meydançanın mərkəzində çıxış edirdi. Daha çox dağıdıcı funksiyanı yerinə yetirən Vəli  ”Turan”da çox az fərqlənib. Cəmi 5 dəfə. Amma onun ilk qolu klubun tarixinə düşüb. Belə ki, 1992-ci il mayın 2-də Gəncədə “Kəpəz”ə (2:1) vurduğu qol “Turan”ın milli çempionatlar tarixində “siftə”si idi. Vəli azarkeşlərin yaddaşında həm də çılğınlığı ilə qalıb. 4 illik “Turan” macərasından sonra müxtəlif vaxtlarda “Xəzri”, “Qarabağ”, “Dinamo”, “Ümid”, “Bakılı”, “Gənclərbirliyi” və “Şahdağ”da (Qusar) oynayıb. Yüksək dəstədə 237 oyun keçirib, 8 qol vurub. “Turan”dakı qızıl və bürünclərinə “Qarabağ”la bir gümüş də əlavə edib. Hazırda Bakıda yaşayır və “İnter” PİK-də çalışır. Növbəti mövsümdən klubun 2004-cü il təvəllüdlü futbolçularına dərs keçəcək.
Vəlidən fərqli olaraq, Rövşən Əhmədov daha titullu və tez-tez fərqlənən futbolçu olub. “Turan” – 1 qızıl, 2 bürünc. “Kəpəz” – 2 qızıl, 1 gümüş və 2 kubok. “Şəmkir” – 2 bürünc (1997/98-ci il mövsümünə Rövşən “Kəpəz”də başlayıb, daha sonra “Şəmkir”ə keçib. Həmin il “Kəpəz” çempion olub və kuboku götürüb, “Şəmkir” isə 3-cü yeri tutub. Bildiyim qədər, həmin il Əhmədov bürünc medala layiq görülüb – İ.T.). Karyerası ərzində 289 oyuna çıxıb, Qurban Qurbanov kimi 100 qol həddini keçib. Rövşənin aktivində 115 qol var. Peşəkar futbolu 2004-cü ildə “Şəmkir”də bitirib. Daha sonra bir müddət Samuxun həvəskar komandasını çalışdırıb və orada “qurdunu öldürüb”. Səhv eləmirəmsə, elə indi də həmin komandanı çalışdırır. Lap yadımdan çıxmışdı, Rövşənin maraqlı ləqəbi var idi – “Fış”. Ona bu ayamanın kim tərəfindən “hədiyyə” edildiyini və mənasını bilmirəm. Rövşən gəncəli idi. Gəncəlinin də “Kəpəz”ə qarşı oynaması gəncəlilər tərəfindən yaxşı qarşılanmırdı. Yadımdadır, bir dəfə Rövşən “Kəpəz”ə qol vurmuşdu və “Turan” qalib gəlmişdi. Həmin oyundan sonra Gəncəyə – evinə gedə bilmirdi. Hətta “Kəpəz”in azarkeşləri onun evini əməlli-başlı daş-qalaq etmişdilər.
Rüfət Quliyev – komandanın sağ cinah yarımmüdafiəçisi idi. İlk günlərdən Tovuzda olan Rüfət əslən bakılıdır. Yerli azarkeşlərin yadında daha çox künc zərbəsindən vurduğu qolla yadda qalıb. Çempion olduqdan sonra daha bir il əyalətdə qalan Quliyev “Xəzri”, “Qarabağ”, “Şəfa”, “ANS-Pivani”nin heyətində də çıxış edib. Maraqlıdır ki, karyerasını 2006-cı ildə “Turan”da bitirib. Milli çempionatlar ərzində 190 oyunda forma geyinib, 34 dəfə fərqlənib. Hazırda məşqçiliklə məşğuldur, 1-ci Diviziondakı “Ağsu”nu çalışdırır.
Eldar Bədəlov komandanın əsas heyət oyunçularından hesab olunmasa da, kifayət qədər təcrübəli birisi idi. Bir vaxtlar “Neftçi”nin heyətində oynaması buna sübutdur. “Bakılı balası” futbolçu karyerasını 1996-cı ildə “Turan”da başa vurub. Hazırda Bakıda yaşayır, Kazbek Tuayevin futbol məktəbində məşqçi kimi çalışır.
Çempion heyətdə ən az oyun keçirən futbolçulardan biri də Vaqif Musayev idi. Vaqif 1992-ci ildən Tovuzda oynasada, 1993/94-cü il mövsümünün ilk yarısından sonra “Azəri”yə keçmişdi. Ona qızıl medal düşürmü? Yəqin ki, yox. Amma haqqında qısaca məlumat verim. “Azəri”dən sonra OİK, “Neftçi”, “Bakılı”, “Şəfa”nın şərəfini qoruyub. Futbolçu kimi məşhur olmasa da, hamımız onu hakim kimi yaxşı tanıyırıq. 2004-cü ildə futbolu buraxdıqdan sonra bu sənəti seçən Vaqifin adına Premyer Liqa oyunlarının protokollarında tez-tez rast gəlirik.
Futbolçularla bağlı hissəni tovuzlu ilə başlamışdım, elə tovuzlu ilə də bitirəcəm. Etimad Qurbanov komandanın ən gənc futbolçularından idi. 1992-ci ildə cəmi 17-18 yaşı olardı. “Edik” Tovuz futbolunun yetişdirdiyi ən perspektivli futbolçulardan hesab olunurdu. Təəssüf ki, istedadını tam aça bilmədi. Qurbanov 1996-cı ilə kimi “Turan”da oynadıqdan sonra “Şəmkir”ə keçdi. 6 il Şəkmir komandasının uğuru üçün çalışdı. “Şəmkir”in 2003-cü ilə kimi qazandığı çempionluqlarda Etimadın da payı var idi. Arada qısa müddətə “Gəncə” və “Olimpik”də görünən “super solaxay” futbolla 5 il əvvəl doğma komandasında vidalaşdı. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Qurbanovun statistik nəticələri belədir – 233 oyun, 27 qol. Hazırda Tovuzda yaşayır, kiçik yaşlı uşaqlara  futbol dərsi keçir.
Sıra gəldi klub rəhbərliyinə və texniki heyətə. Hamısı haqqında bir neçə cümlə ilə qısaca məlumat verəcəm.
Klubun prezidenti  Vidadi Əhmədov idi. Vidadi müəllim 90-cı illərin sonuna kimi komandanı saxlayıb. Daha sonra maliyyə vəziyyəti pisləşdiyindən istefa verib. Amma futboldan uzaq duşməyib. Ramiz Mirzəyevin dövründə AFFA-da məsul vəzifədə çalışıb. Çimərlik Futbolu Federasiyasının ilk prezidenti olub. Hətta buna kimi Mirzəyev “Neftçi”nin prezidenti olanda Əhmədov bu klubda vitse-prezident vəzifəsini icra edib. Ramiz müəllim dünyasını dəyişdikdən sonra futbol sahəsindən uzaq düşüb. Hazırda tikinti sahəsində özəl fəaliyyətlə məşğuldur. Əvvəlki Vidadi Əhmədovdan əsər-əlamət qalmayıb. Maliyyə vəziyyətini nəzərdə tuturam. Bəlkə də, belə olmasaydı, indi də futbol mətbəximizdə sözü keçən insanlardan biri idi. İndiki zəmanədə pulu olmayan kimə gərəkdir?
Ruslan Abdullayev  – birinciliyin əvvəlində komandanın baş məşqçisi olmuşdu. Ruslan müəllimə kimi komandanı oyunlara Zahid Hüseynov (2 oyun) və Əli Əhmədov (6 oyun) çıxarıb. Onun “Turan”da olduğu müddətdə AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevin komandanın çempion olmasına imkan verməyəcəyini əsas gətirərək, 1-ci dövrə bitdikdən sonra istefa vermişdi. Abdullayev haqqında maraqlı bir əhvalat – “Turan”a kimi “Tərəqqi”nin baş məşqçisi olan Ruslan müəllim kluba tovuzluların Qaxda ortabab “Kümrük”ə 0:3 hesabı ilə məğlub olmasından sonra dəvət almışdı. O vaxtlar komandalar həftədə 2 oyun keçiridilər – cümə və bazar günləri. 2 gün sonra “Turan” Zaqatalada “Daşqın”la qarşılaşmalı idi. Ruslan müəllim klub rəhbərliy qarşıında şərt qoymuşdu ki, əgər qalib gəlsələr dəvəti qəbul edəcək. “Turan” həmin oyunda heyətində Musa və Qurban Qurbanovlar olan və “Gümrük”dən qat-qat yaxşı oyun sərgiləyən “Daşqın”ı 1:0 hesabı ilə məğlub etmişdi. Kişinin sözü bir olar,  beləcə, Abdullayev də sözünün üstündə durmuşdu. Ruslan müəllim 2002-ci il yanvarın 30-da dünyasını dəyişib. Allah rəhmət eləsin!
Kazbek Tuayev – Ruslan Abdullayevin gedişindən sonra komandanın yeni baş məşqçisi. “Turan”ı 1995-ci ilə kimi çalışdırdı. Fasilələrlə “Neftçi” və milli komandaya rəhbərlik edib. Hazırda AFFA İcraiyyə Komitəsinin üzvüdür. Tuayev haqqında indiyə kimi bəlkə də heç yerdə dərc olunmayan maraqlı bir əhvalat danışım. Gəncədə “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəldikdən sonra Tuayev ölkə xaricində olan Fuad Musayevə zəng edərək bildirir ki, bəs, “Kəpəz”i məğlub etdik. Bunu gözləməyən Fuad Ənvəroviç özündən çıxır: “Tı suma soşyol? Ne mojet bıt” (“Başın xarab olub? Ola bilməz” – İ.T.). Söz düşmüşkən, həmin oyunu canlı izləmişəm və indiki kimi yadımdadı. Oyundan başqa, “Turan”ın futbolçularının döyülməsi, hakim Emin İsgəndərovun fokusları, OMON-un özbaşınalığı... hamısı yadımdadı.
Xanoğlan Abbasov – Ruslan müəllimin köməkçisi idi. Onun gedişindən sonra 6 oyunda komandanı meydana Xanoğlan müəllim çıxarmışdı. Kazbek Tuayevin gəlişindən sonra isə yenə də ikinci məşqçi oldu. Uzun müddət “Turan”da baş məşqçi kimi çalışıb. Hazırda “Rəvan” FK-da azyaşlı futbolçularla işləyir. Xanoğlan Abbasov Sakit Alıyevin doğma əmisidir. Soruşa bilərsiniz,  soyadları niyə fərqlidir? Səbəbini özündən öyrəndim. Xanoğlan müəllimin böyük qardaşı –Baxçalı kişi (Sakitin atası – İ.T) ata soyadını götürüb. Xanoğlan müəllim və ikinci qardaşı İmamverdi kişi isə ataları rəhmətə gedəndən sonra ana soyadını seçiblər.  Bu qədər və çox sadə.
Şahin Mehdiyev – komandanın rəisi. Həmişə futbolçulara dəstək olmuş Mehdiyev hazırda Bakıda yaşayır. İxtisasca stomotoloq olan Şahin müəllim futboldan uzaq duşub, paytaxtda peşəsi ilə məşğuldur.
Məzahir Tağıyev – klubun direktoru. Onu “Turan”ın yaranmasının ideya müəllifi kimi də qələmə vermək olar. Klubda 1997-ci ilə kimi işləyib. Hazırda Tovuzun Əlimərdanlı kəndində kənd təsərrüfatı ilə məşğuldur.
Nizaməddin Qəmbərov – operator. Hazırda Tovuzda yaşayır, peşəsini davam etdirir.
İman Həsənov – inzibatçı. 2010-cu ilə kimi fasilələrlə klubda çalışıb. Respublikanın say-seçmə futbolçularının Tovuza gətirilməsində İmanın əməyi böyük olub. Həsənov bir növ komandanın meneceri idi. İndi də bu işlə məşğuldur. Amma paytaxtda.
Dilqəm Paşayev – komandanın ilk həkimi olub. Tovuzdadır, rayonun Diaqnostika Mərkəzində işləyir.
Nəhayət, bu yazının ərsəyə gəlməsində mənə əl tutan Rasim Əliyev. Yazının gedişində diqqətinizə çatdırdığım statistik məlumatların demək olar ki, hamısını Rasimin arxivindən götürmüşəm. Rasim Əliyev Azərbaycanda ən yaxşı futbol statistiklərindəndir. “Turan” yaranandan klubda müxtəlif vəzifələrdə çalışıb. Sıravi diktordan tutmuş idman direktoruna kimi. Tutduğu vəzifəsindən asılı olmayaraq, hamı həmişə onu “Mətbuat” deyə çağırırdı. İndiki rəhbərlik gələndə istefa verib və 3 ildən çoxdur doğma komandadan ayrı düşüb. Əliyev ixtisasca pedaqoqdur. Hazırda Tovuz şəhər Puşkin adına orta məktəbdə ixtisası üzrə işləyir.
Çempion “Turan” haqqında bu qədər. Şadam ki, ilk və yeganə çempionluğun canlı şahidi olmuşam. Şadam ki, 16 yaşımda həmin il “Turan” əvəzediciləri sayılan “Turan-2”də oynamışam. Eyni zamanda Tovuzda müharibəni, aclığı, hər cür çətinliyi görmüşəm.  “Turan” çempion olan ili elə gün olmurdu ki, şəhərə “qrad” atmasınlar...  Görəsən, yenidən çempion olması üçün müharibəmi lazımdır?  Əsla. Diqqət və qayğı kifayyətdir. İmkan versəydilər, “Turan” “Turan-T”yə çevrilməzdi, 1-ci Divizionda sürünməzdi. Tovuzda indi də Vidadi Əhmədov kimi imkanlı insanlar var və qısa vaxtda çempion ola biləcək komanda qura bilərlər. İmkan vermirlər. Kimlərin imkan vermədiyi  isə başqa söhbətin mövzusudu.

İlqar TAĞIYEV

P.S. 5-ci yazı hazırda “Turan”ın aqibətini yaşayan “Şəmkir”in çempionluğu (çempionluqları)  haqqında olacaq.

“Het-trik news”
 

Xəbər xətti