"İnter" Sxadadzenin istefasını qəbul etmədi

13:16 - 25 İyul 2014

"Getməkdə israrlı olsa, biz də onu saxlamaqda israr edəcəyik"
 
Bakının "İnter" klubu baş məşqçi Kaxaber Sxadadzenin istefasını qəbul etməyib.
 
Sportal.az xəbər verir ki, bu barədə Sportnet.az-a klubun prezidenti Georgi Nikolov məlumat verib.

O, gürcüstanlı mütəxəssisin istefası üçün əsas görmədiyini bildirib: "Direktorlar Şurası icraedici prezident kimi belə məsələlərdə mənə səlahiyyət verib. Mən də Sxadadzenin istefasını qəbul etmirəm. Onun klubumuzla müqaviləsi var. Bu gün görüşəcəyik. Getməkdə israrlı olsa, biz də onu saxlamaqda israr edəcəyik. Çünki istefa üçün əsas görmürəm".

Nikolovun sözlərinə görə, əslində istefanı qəbul etmək asandır, amma sonra nə olacağı müəmmalıdır. Çünki hazırkı heyət pis-yaxşı futbolçuların hamısı Sxadadzenin gətirdikləridir. Ona görə də klub prezidenti istefanı baş məşqçi tərəfindən centlmen jest saymayıb.

Bolqarıstanlı funksioner gürcüstanlı mütəxəssisin İsveç "Elfsborq"u ilə oyundan sonra dediyi "Belə ab-havada işləyə bilmərəm" sözlərinə də münasibət bildirib: "Ab-havadan narazıdırsa, elə edərik ki, düzəlsin".
 
Sonda Nikolov yay transfer dövründə səviyyəli hücumçu tapa bilməmələrinin səbəbini də açıqlayıb: "Biz bu məsələdə baş məşqçimizə tam səlahiyyət vermişdik. Öz maddi durumumuz da nəzərə alınmaqla, 50-dən çox hücumçunu nəzərdən keçirmişik. Lakin Sxadadze onların heç birini bəyənməyib. Yenə axtarsın, tapa bilirsə, qoy tapsın".

Qeyd edək ki, "İnter" Avropa Liqasının II təsnifat mərhələsində İsveç "Elfsborq"una penaltilər seriyasında uduzub.


 

Xəbər xətti