Böyükağa Hacıyev: "Rəqibi ayıltmaq istəmirəm" MÜSAHİBƏ

19:24 - 30 İyul 2014

"Onun nə dərəcədə haqlı olduğunu oyun göstərəcək"
 
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Çixura" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb.
 
Sportal.az sizi həmin mətbuat konfransından hazırlanmış reportajla tanış edir.

- "Çixura"ya yoxlama oyunlarında qalib gələ bilməmişdiz. Rəsmi oyunlardan nə gözləyirsiz?
- Bunlar tamamilə fərqli oyunlardı. Yoxlama oyunlarında futbolçular tam güclərini qoymurlar. Bu dəfə başqa cür, eksperimentlərsiz oynayacağıq. Gürcülərə qarşı həmin iki yoxlama oyununu unudun.

- "Çixura"nın müdafiəçisi Rexviaşvili 2 cavabsız qolla qalib gələcəklərini proqnozlaşdırır...
- O, psixoloji təzyiq yaratmağa çalışır. Onun nə dərəcədə haqlı olduğunu oyun göstərəcək.

- Sabah hansı heyəti meydana buraxacaqsız?
- Bu barədə danışmaq istəmirəm. Hələ oyunçular özü də start heyəti barədə heç nə bilmir. Sabah hamısını özünüz görəcəksiz.

- Oyunlardan öncə çox inamlı danışırsız. Amma "Koper"lə ev oyunundan sonra çox sakit görünürsüz...
- Mən dəyişməmişəm. Sadəcə, rəqibi ayıltmaq istəmirəm. Amma bizi artıq ayıltdız. Rexviaşvili də "Neftçi"nin bütün futbolçuları üçün əlavə stimul olacaq açıqlama verib. O, arı pətəyinə çöp uzadıb.

- "Neftçi" sabah rəqibinə necə oyun təklif edəcək?
- Pis taktika yoxdu, pis ifaçılar var. Hansı taktika ilə oynayacağıqsa, onu yüksək səviyyədə ifa etməliyik. "Çixura"nın çox ağıllı baş məşqçisi var. Onlar hədər yerə "Bursaspor"a qalib gəlməyiblər.

- Yəqin xəbəriniz var ki, "Çixura - "Bursaspor" matçından sonra jurnalistlər, həmçinin azarkeşlər arasında dava düşüb, qonaqlar təhqir olunublar. Siz türklərin qisasını almağa çalışacaqsız?
- Əgər mən "Bursaspor"un qisasını almalıyamsa, qoy onda türklər özü desinlər ki, kiçik qardaş, bizim qisasımızı al. Təbii ki, mən sabah "Çixura" ilə yox, "Bursaspor"la oynamağımızı daha çox istərdim.

- "Neftçi" artıq yeddi oyundu Bakıda keçirilmiş avrokubok görüşlərində qələbəyə həsrətdi...
- Amma bizim əldə etdiyimiz rekordları da hələ heç kim qıra bilməyib.

- Hücumçu problemini necə yoluna qoymağı düşünürsüz?
- Mən "Neftçi" üçün ikinci Kanales axtatıram. Amma hələ tapa bilməmişəm. Kimi gəldi götürə bilmərik.

- "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun istefasından sonra sakit görünürsüz. Bu, nə ilə əlaqədardı?
- Tahir mənim qardaşımdı. O, öz işi ilə məşğuldu, mən də öz işimlə. (azerisport.com)

Xəbər xətti