Qurban Qurbanov: "Qələbənin pisi, yaxşısı olmaz" MÜSAHİBƏ

00:16 - 31 İyul 2014

"Bundan da güclüsünü gözləyirdim"
 
Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın "Zalsburq" klubuna 2:1 hesabı ilə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportal.az Sportnet.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında bunları bildirib:

- Demək olar ki, son vaxtlar konfransda bu qədər jurnalist görməmişəm. Bundan başqa azarkeşlərə də dəstəyə görə minnətdaram. Bu da onu göstərir ki, tək biz yox, hər kəs "Qarabağ"ın qələbəsini istəyirdi. Rəqibə imkan verməməyə çalışdıq. Qələbənin pisi, yaxşısı olmaz. Belə bir komandaya qarşı bu cür bir qələbə yaxşıdır. Çalışacağıq ki, Avstriyadakı oyuna düzgün hazırlaşaq. Ola bilər ki, bu cür azarkeş dəstəyi orada olsun və buna da hazır olmalıyıq.

- Gördüyünüz "Zalsburq" bu idi?
- Bundan da güclüsünü gözləyirdim..

- Admir Telinin qırmızı aldıqdan sonra kapitanlıq sarğısını yerə atmasına münasibətinizi bilmək istərdik...
- Mən bunu görməmişəm. Ümumiyyətlə, bu vəziyyətdə qırmızı vərəqə bağışlanan deyil, yəqin ki, Admir özü də bunu özü özünə bağışlamaz.

- Qara Qarayevin oyundan çıxarılmasının səbəbi nə idi?
- Onun sarı vərəqəsi var idi. Hər hansı bir itkinin qarşısını almaq üçün bu addımı atdım.

- ÇL-də oynamaq məqsədi olan komandanın 2-ci Reynaldosu, Almeydası olmalıdır. Lakin daxili çempionatda AFFA-nın limiti buna imkan vermir. Siz etiraf edirsiniz ki, AFFA-nın bu yanaşmasına görə uğur qazanmaq olmayacaq?
- Mən heç vaxt bunu etiraf etmirəm, etməyəcəm də.. (gülür)

- Çempionlar Liqası ilə bağlı Premyer Liqadakı oyunların təxirə salınmasını istəyəcəksiniz?
- Açığı bunu hələ düşünməmişik. Belə deyərdim ki, bu barədə elə də ciddi fikrimiz yoxdur.

- "Qarabağ" hər dəfə hansısa mərhələdə mübarizəni dayandıranda heyətdə ya zədəli, ya cəzalı futbolçular olur. Reynaldonun yoxluğu haqda nə deyərdiniz?
- Məncə zədədənsə, vərəqə daha yaxşıdır. Əsas odur ki, zədə olmasın.

- "Qarabağ"ı çətin vəziyyətə salan hakim qərarlarını necə şərh edərdiniz?
- Oyunun gedişatında mən də hakimə etiraz edirdim. Çox səhvlərə yol verməməklərini deyirdim.

- Avstriya klubunun bir buynuzunu qırdınız. Bu fürsəti qaçırmaq bağışlanmaz olar...
- Bağışlamaya bilərsiniz. Nəticə üçün çalışacağıq. Həqiqətən rəqib çox ciddidir. Yaxşı bir mübarizənin şahidi olacaqsınız.

- Gecə yaxşı başladı. Bizim üçün yaxşı oldu, sizin üçün necə olacaq? Yəni rahat yata biləcəksiniz?
- Yuxudan duranda deyərəm.

- Reynaldo və Teli səfər oyununa aparılacaq?
- Mütləq. Qeyd etmək istəyirəm ki, bu gün hər bir futbolçu oynamağa layiqdir. Qırmızı vərəqə almaqlarına baxmayaraq, komandanın yanında olmalıdırlar.

- Böyükağa Hacıyev "Çixura" ilə oyunun video yazısını izləməyi təxirə salıb sizin matça gəlib. Siz necə, sabah "Neftçi"nin oyununu stadiondan izləyəcəksiniz?
- Çalışacam ki, stadiondan izləyim. Futbolçuların özləri də orada olacaq və mən də mütləq gedəcəm. "Neftçi"yə uğurlar arzu edirəm. Sabah hamımız "Neftçi"li olaq.

Xəbər xətti