Daxili İşlər Nazirliyi "Neftçi" - "Çixura" matçı haqda məlumat yaydı

12:15 - 1 Avqust 2014

"Hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb"
 
İyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və  Gürcüstanın “Çixura” futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib.
 
Sportal.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.
 
Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma yaranıb. Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşun əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.
 
Ehtimal olunur ki, bu təxribat Azərbaycanla Gürcüstan arasında yaxın dostluq və mehriban qonşuluq münasibətlərini pozmaq istəyən qüvvələrin əməlidir.
 
Hər iki ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Xəbər xətti