Samir Musayev: "Neftçi" rüsvayçılıqla üzləşə bilər"

22:25 - 8 Avqust 2014

"Tvente" "Partizan"dan daha güclü komandadır"
 
Avropa Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ” və “Neftçi”nin rəqbləri bəlli olub. Sportal.az xəbər verir ki, “kor püşk” pley-off-da “Qarabağ”ı “Tvente” (Hollandiya), “Neftçi”ni “Partizan”la (Serbiya) üz-üzə qoyub. “Qarabağ” aşağı yaş qrupu üzrə komandasına başçılıq edən Samir Musayev təmsilçilərimizin Avropa Liqasındakı şanslarını dəyərləndirib:
 
“Hər iki rəqib bizə tanışdır. “Qarabağ” “Tvente” ilə pley-off-da, “Neftçi” isə qrup mərhələsində “Partizan”la qarşılaşıb. Düzü, komandalarımız bu rəqiblərlə bir neçə il bundan əvvəl oynayıblar. Ondan xeyli vaxt keçib. “Qarabağ” bir neçə il əvvəlki “Qarabağ” deyil. “Zalsburq”la oyun bir daha göstərdi ki, komanda Avroliqada istənilən rəqiblə mübarizə apara bilər. “Tvente” barədə elə də məlumatım yoxdur. Ona görə də bu cütlükdən hansı komandanın favorit olduğunu demək bir qədər çətindir. Mən şansları 50-50-yə dəyərləndirirəm. “Zalsburq”la oyunda göründü ki, “Qarabağ”ın müdafiə xəttində axsama var. Bunu da başa düşmək olar. Admir Tellinin qırmızı vərəqə alması komandanı çətin vəziyyətə saldı. Rəşad Sadıqov da zədədən yeni qayıdıb. Buna baxmayaraq, Sadıqov “Zalsburq”la oyunda ən yaxşılardan idi. Reynaldonun da yoxluğu bu oyunda göründü. Hardasa o, rəqib müdafiəçiləri təzyiq altında saxlamağı bacarır. “Qarabağ”ın yarımmüdafiə və hücum xətləri arasında anlaşma yaxşıdır. Bir qədər komanda müdafiə olunanda çətinlik çəkirdi. Çünki qarşısında “Zalsburq” kimi güclü komanda oynayırdı. “Tvente” ilə oyun da çətin olacaq. Yəqin hollandlar da boş oturmayıb “Qarabağ”ı təhlil edəcəklər. Maksim Medvedev ilə İlqar Qurbanovun zədə alması da yerinə düşmədi. Bunu bəxtsizliklə bağlayıram.  Onsuz da müdafiədə çətinliklə üzləşən komanda aparıcı futbolçularını itirdi. Onların yerini dolduracaq futbolçular “Tvente” ilə qarşılaşmada özlərini göstərməlidirlər. 
 
“Neftçi”yə gəlincə isə Samir Muayev o fikirdədir ki, “Partizan” ciddi rəqibdir: 
 
“Çixura” ilə oyunda “Neftçi”nin müdafiə xəttində ciddi boşluqlar olduğu bir daha göründü. Əgər fikir verdinizsə, rəqib bir neçə dəfə qol vurmaq imkanları yaxaladı. “Çixura” ilə oyunda belə epizodları boşa vermək olar. Ancaq “Partizan” bunu bağışlamayacaq. “Neftçi”nin müdafiə ilə yarımmüdafiə xətti arasında anlaşılmazlığın olduğu aydın göründü. Ən əsası da “Neftçi”də futbolçuların fərdi ustalığı sayəsində nəticənin əldə olunduğu görünür. Əgər “Neftçi” heyətini gücləndirməsə, çox çətin olacaq. Hətta deyərdim ki, qrupa düşsə belə “Neftçi” rüsvayçılıqla üzləşə bilər.  “Flaqman”ın ən problemli yeri hücum xəttidir. Elə yaxşı oyun qurucusuna da ehtiyac var. Yeri gəlmişkən, “Partizan”la müqayisədə “Tvente” daha güclüdür. “Neftçi”nin qrupa düşmək şansı çox azdır. Ancaq istəyərdim ki, hər iki klubumuz qrupa düşsün”.  

Xəbər xətti