Sadıq Sadıqovun iradəsi və ya "Neftçi" yenə iri addımlarla qrup mərhələsinə doğru YAZI

12:05 - 9 Avqust 2014

Növbəti dəfə tarixi uğurun astanasında

 

Ardıcıl 3 mövsüm çempion olan “Neftçi” son mövsüm qeyri-sabit çışıxla yadda qaldı. Lənkərandakı qalmaqallı matçdan sonra “flaqman” “qara zolağa” düşdü. Cəzalar, zədələr, maliyyə problemləri və s. amillər komandanın oyununa mənfi təsirini göstərdi. Lakin “Neftçi” mövsümü titulla başa vurmağa nail oldu. “Ağ-qaralar” ölkə kubokunu başı üzərinə qaldırdı.

 

Ölkə kubokunu qazandıqdan sonra “Neftçi”də vəziyyətin düzələcəyi ehtimal olunsa da, belə olmadı. Maliyyə problemləri üzündən “flaqman” transfer bazarında çox passiv göründü. Yığılıb qalan borclar da heyətdəki futbolçuların əhvalını korlamaqda idi. Artıq mövcud durumdan bezən klub prezidenti Sadıq Sadıqovun da istefaya gedəcəyi deyilirdi. Problemlərin nədən qaynaqlandığı bilinməsə də, görünən o idi ki, SOCAR “Neftçi”ni pis durumda qoyur. Bütün bunların qəsdən edildiyi, Sadıq Sadıqovlu “Neftçi”nin bilərəkdən uğursuzluq yaşamasına hesablandığı da ehtimal olunan versiyalar arasındaydı. Klubun sabiq vitse-prezidenti Tahir Süleymanov da bəzi anlarda, üstüörtülü də olsa buna işarə edirdi. Lakin Sadıqov klubu tərk etmədi və hadisələrin sonrakı gedişi bu addımın nə qədər doğru olduğunu göstərdi.

 

Avropa Liqasında mübarizəyə 2-ci mərhələdən qoşulan “Neftçi” gözlənilmədən (bəzilər üçünsə gözlənilən şəkildə) evdə “Koper”ə məğlub oldu. Bu məqamda klub prezidenti Sadıq Sadıqov qətiyyətini göstərdi. Sərt üzünü göstərən başqan mərhələ keçilməsə, Böyükağa Hacıyevi istefaya göndərəcəyini açıqladı. Bir şəkildə maliyyə problemlərini yoluna qoydu. “Koper” səddi keçildi. Lakin növbəti mərhələdə “Çixura” ilə evdə heç-heçə yenə “flaqman”ın azarkeşlərini təşvişə saldı. Lakin Sadıq Sadıqov bu dəfə də komandanı toparlaya bildi. Böyükağa Hacıyevın yetirmələri Gürcüstanda “Çixura”nı devirdi.

 

Çoxlarının gözləmədiyi halda “Neftçi” yenidən Avroliqanın qrupunda oynaya bilər. Bu yolda son əngəl “Partizan”dır. Nəzərə alsaq ki, Serbiya klubu “Neftçi”yə tanış rəqibdir, o zaman bu komandaya qarşı yaxşı hazırlaşmaq olar. O vaxta qədər Kanales də qaytarılsa, komanda play-off matçlarına daha iddialı şəkildə qatılacaq.

 

“Neftçi” növbəti dəfə tarixi uğurun astanasındadır. “Flaqman” işin 90 faizini görüb. Qalıb son baryer. Sadıq Sadıqovlu “Neftçi” bu baryeri aşmağa qadirdi. “Partizan” “Neftçi” üçün keçiləsi rəqibdir. 

 

Sportal.az

Xəbər xətti