Yunis Hüseynov: "Araz Naxçıvan"ın "Neftçi" üzərindəki qələbəsi sensasiya sayılmamalıdır"

20:00 - 11 Avqust 2014

 
"Qarabağ"ın məşqçilər korpusu diqqətli olmalı idilər"
 
Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümünə şənbə günü start verilib. İlk tur iddialıların xal itirməsi və debütant “Araz Naxçıvan”ın “Neftçi” üzərində 3:0 hesablı qələbəsi ilə yadda qalıb. Ötən ilki çempion “Qarabağ” səfərdə “Sumqayıt”a 3:0 hesabı ilə qalıb gəlsə də, ağdamlıların heyətində meydana artıq legioner çıxıb. Ağdam təmsilçisi legioner limiti pozduğu üçün qaydalara görə, komandaya texniki məğlubiyyət veriləcək. Sportal.az-da ilk turu Yunis Hüseynov belə təhlil edib:
 
 
“Açığı, bütün oyunları izləmək mümkün deyil. İki oyunu televiziya ilə izləmışəm. AZAL-ın “Xəzər Lənkəran”la “İnter”in “Qəbələ” ilə oyununa baxmışam. AZAL-la oyunda üstünlük “Xəzər Lənkəran”ın tərəfində idi. Çoxlu sayda qol vəziyyətləri olsa da, istifadə edə bilmədilər. AZAL elə də yaxşı təsir bağışlamadı. Ola bilər ki, futbolçularda həyəcan olduğu üçün oyunları istənilən kimi alınmadı. AZAL azlıqda olandan sonra “Xəzər Lənkəran”da bir qədər arxayınlıq yarandı. 70-ci dəqiqədən oyunları getmədi bu da onlara başa başa gəldi. “Xəzər Lənkəran” əlinə düşən fürsətdən istifadə etməli idi.
 
 
 
“İnter” “Qəbələ”yə qarşı gözəl oyun sərgilədi.  Xüsusilə də “İnter” futbolçularının nizamlı oyun göstərməsi mənim xoşuma gəldi. Həqiqətən də kollektiv oyunla onlar layiqli qələbə qazandılar. “Qəbələ”də pərakandalıq var. Elə bil futbolçular bir-birlərini başa düşmürdülər. “Qəbələ”nin nə taktikası nə də oyun üslubu var. İlk baxışdan elə görünürdü ki, hərə özünə oynayır. Onlarda nəsə yenilik görmədim. Əksinə, ötən illə müqayisədə komandanın oyununda geriləmə var. Ola bilsin ki, birinci oyunu istənilən kimi alınmadı. Mən yanıla da bilərəm, ancaq “İnter”ə qarşı oyunda görünən bu idi. 
 
 
“Araz Naxçıvan”ın “Neftçi” üzərindəki qələbəsi sensasiya sayılmamalıdır.  “Nüftçi”nin səfərə əsas heyətlə getməməsi “Araz Naxçıvan”ın qələbəsinə kölgə salmamalıdır. Ona görə ki, “Nüftçi”nin ehtiyat skamyasında yetərincə qədər güclü futbolçular yer alır. Həmin oyuna baxmadığım üçün fikir söyləməyə çətinlik çəkirəm. Ancaq görünən odur ki, “Araz Naxçıvan” “Nüftçi”yə qalib gəlib. 
 
 
“Qarabağ” - “Sumqayıt” oyununa baxmadığım üçün bir söz deyə bilmirəm. Həmin görüşdə 3:0 hesabı ilə “Qarabağ” qalib gəlib. Ancaq sonra belə bir məlumat yayıldı ki, “Qarabağ” legioner limitini pozub. Ona görə də qeydə alınan nəticə ləğv olunub və “Qarabağ”a texniki məğlubiyyət veriləcəyi deyilir. Bu heç də yaxşı hal deyil. 90 dəqiqiqə komanda əziyyət çəkib üç xal qazanıb. Hardasa bir səhv komandanın məğlubbiyəti ilə nəticələndi. Ona görə də “Qarabağ”ın məşqçilər korpusu diqqətli olmalı idilər”. 

Xəbər xətti