AFFA braziliyalını milliləşdirməlidir
Braziliyalı futbolçu “Qarabağ”ın heyətində ilk məşqinə çıxanda belə demək mümkünsə, ayağı top tutmurdu. Xeyli müddət idi məşq etməmişdi və lazımi formanı yığıb-yığmayacağı da böyük sual idi. Bir növ Reynaldo hamı üçün sirli qutu anlamını daşıyırdı.
Onu “Qarabağ”a Antalyadakı qış toplanışında təklif etmişdilər. Son 6 ayda zədəli olduğu üçün Qurban Qurbanov yalnız Reynaldonun iştirakı ilə olan matçların videoyazılarına baxıb qərar verməli idi. Digər tərəfdən zədəsinin xroniki olduğuna dair fiikirlər də səslənirdi.
3 illik müqavilə bağlamaq riskli idi. Azərbaycan futboluna uyğunlaşmasa, formasını yığa bilməsə, zədəsi yenilənsə bu 3 illik müqavilənin hesabını kim verəcəkdi?
Qurban Qurbanov bu riski üzərinə götürdü. Lakin heç bir ay keçməmişdi ki, Reynaldo yenə zədələndi. Türkiyədə aparılan müayinədən sonra bəlli oldu ki, zədə ağır deyil. Və nəhayət Reynaldo “Qarabağ”a uyğunlaşmağa başladı.
Sonrası hamıya bəllidir. Bu gün Reynaldo Azərbaycan Premyer Liqasının bir nömrəsidir. Sərgilədiyi möhtəşəm oyunla nəinki bizlərin, hətta avrokuboklarda “Qarabağ”a rəqib olan bütün klubların rəğbətini qazanır. Ötən il “Ayntraxt” ona görə “Qarabağ”a 1 milyon təklif etmişdisə, bu il “Zalsburq” qapını döyüb. Təklif də daha cəlbedicidir: 3 milyon avro!
İndi Qurban Qurbanovun qarşısında belə sual dayanır – “Qarabağ” Reynaldonu satsın, yoxsa saxlasın?
Klub üçün onu aldığından az qala 10 dəfə baha qiymətə satmaq cəlbedici təklifdir. Ancaq komandanı meydana rəhbərlik yox, baş məşqçi çıxarır. Və Reynaldo kimi futbolçunu itirmək (lap dəyərindən 100 dəfə baha qiymətə) hər bir baş məşqçi üçün orqanizmin əsas orqanını itirməsi anlamına gəlir.
Bir anlıq “Portu” numunəsi yada düşür. Bu klub Halk, Falkao və onlarla futbolçunu ucuz alıb və bir müddət sonra baha qiymətə satmaqla pul qazanır. Ancaq bunu daha sistemli həyata keçirmək və mükəmməl mexanizm halına gətirmək gərəkir. Əks halda, 5 ildə bir dəfə belə bir transfer əməliyyatı etməkdən başqa şans yaranmayacaq.
Bütün bu məsələdə həll olunası məqam isə Reynaldonu milliləşdirməkdən ibarətdir. AFFA bir yolunu tapıb 25 yaşlı braziliyalını milliləşdirməlidir. Onu millidə oynatmayıb buraxsaq, çətin ki sonra milliləşdirək.
Emin ABBASOV
saytlarin hazirlanmasi