Rövnəq Abdullayevi Hafiz Məmmədovla necə üz-üzə qoyurlar? YAZI

15:25 - 12 Avqust 2014

Sponsor axtaran kim, futbolçularını başqa klublara peşkəş edən kim...
 

Məşhur rusiyalı jurnalist Vasili Utkinin çox gözəl ifadəsi var:  “Какая страна такой и футбол”. Həqiqətən də, bir çox ölkələrdə futbolun səviyyəsi dövlətin digər sahələrindəki durumunu əks etdirir. Çünki Avropa ölkələrində futbolun inkişafı zəncirvari prosesə söykənir – Səhiyyə, təhsil və digər sahələr qaydasında olmayanda, ölkədə futbolun inkişafı ləngiyir.

 

Bizim məmləkətdə isə qeyri-müəyyənlik ab-havası var. Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq heç kim sabahından əminliklə danışa bilmir. "Vurulacağı" deyilən məmur daha yuxarıya qalxa, parlaq gələcək vəd eləyən biri isə gözdən uzaq salına bilər.

                 

Elə futbolumuzda da vəziyyət oxşardır. Dünənə qədər sabahına böyük ümidlər bəslədiyimiz “Bakı” “ölüm ayağındadır”. Hətta çoxları onu artıq indidən “basdırıblar”. “Bakı”ya sponsor axtaran kim, futbolçularını başqa klublara peşkəş edən kim, yerinə aşağı diviziondan klub gətirən kim!  

 

Hərə öz ağlına görə hərəkət etdiyi məqamda “Bakı”nın prezidenti Hafiz Məmmədovun açıqlaması ilə “qurbağa gölünə daş atılıb”. Təsəvvür edin ki, klub gənc futbolçuların yetişməsi üçün xeyli pul xərcləyib, indi isə AFFA-nın baş katibi Elxan Məmmədov təzminatsız-filansız onları istədiyi klublara göndərir.

 

Sportinfo.az saytına açıqlama verən Hafiz bəy bu hala sərt reaksiya verib: “Mən akademiyanı ölkə futbolunun, milli komandaların inkişafı üçün yaratmışam. Ora kifayət qədər sərməya qoymuşam. Akademiyanı açmamışam ki, vəziyyətimiz bir balaca dəyişən kimi başqaları o dəqiqə gəlib bizim uşaqları götürüb aparsın. Bu nə deməkdi, hər gələn uşaqları götürüb gedir. Bizi nə hesab edirlər? Bu işi belə qoymaq olmaz”.

 

Bizdə olan məlumata görə, AFFA-dakılar “Bakı”nın yaşayacağına inanmırlar. Mövcud olsa belə, iddiasız və AFFA-nın dəstəyi ilə gün keçirəcəyini proqnozlaşdırırlar. Ona görə də, “Bakı”nın mövqeyini öyrənmədən klubla bağlı istədikləri qərarı verirlər.

 

Klub dağılmasa, Elxan Məmmədov futbolçuları təzminatsız buraxdığına görə cavab verməli olacaq.

 

Son proseslər Rövnəq Abdullayevi Hafiz Məmmədovla üz-üzə qoyub. Böyük ehtimalla Məmmədov etirazını Rövnəq Abdullayevə bildirəcək. Çətin ki, AFFA prezidenti bu məsələyə görə yaranmış vəziyyətdən məmnun qalsın.  

 

Emin ABBASOV

 

Xəbər xətti